Məhkəmə qərarları › İş №2(060)-4557/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4557/2023

20.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4557/2023 20.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən mənzil ona məxsusdur. Həmin mənzilə elektrik enerjisindən istifadəyə görə əsassız olaraq 313.71 manat məbləğində debitor borc hesablanmışdır. Baxmayaraq ki, o mənzilində istifadə etdiyi elektrik enerjisinin haqqını vaxtlı-vaxtında ödəmişdir. Hal-hazırda Sumqayıt RETSİ tərəfindən inteqrasiya dövr borcundan gələn 453.25 manat borc qanunsuz olaraq tələb edilir və ödənilməyəcəyi təqdirdə mənzilə enerji verilişinin dayandırılacağı bildirilmişdir. Abunə haqqında çıxarışdan da görünür ki, cavabdeh tərəfindən qeyd olunan mənzilə 2007-ci il tarixdə elektrik hesabat sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən qanunsuz olaraq ondan əsası olmayan və 2000-2008-ci illərdə yaranmış borclar tələb olunur. Qeyd olunanlara əsasən məhkəmədən cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 453.25 manat məbləğində debitor borcun **********01116 saylı abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, köhnə dövrü əhatə edən borcdur. Qəbz gələndə yazılır, lakin tələb olunmur. Həmin borcun silinməsini və qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, 810.64 manat məbləğində borc vardır. Bu borcun 453.25 manatı "xxxx" ASC dövrünə aid olan borcdur. Həmin borcu tələb etmirlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası, Tərtər rayonu, Qaradağlı kəndində xx.xx.1958-ci il tarixində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayonda istifadədə olan 0.082 ha torpaq sahəsində yerləşən 33/75 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 4-cü mərtəbəsində yerləşən 46.7 kv.m ümumi, 31.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır. Abunə haqqında məlumatdan görünür ki, İddiaçı adına olan Sumqayıt, 2-ci mikrorayon, 2-ci mikrorayon, ev(bina):0100, mənzil 1116 ünvanında istifadə etdiyi elektrik enerjisinin dəyəri vaxtında ödəmiş, xx.xx.2015-ci il tarixinə inteqrasiya dövr borcu 453.25 manat hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən, enerci təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat olan "xxxx" ASC iddiaçının mübahisələndirdiyi 453.25 manat məbləğində borcun hansı əsaslarla, iddiaçının qanunsuz hərəkəti nəticəsində yaranmasını sübuta yetirə bilməmişdir. xx.xx.2015-ci ildə aparılmış inteqrasiya dövrünə olan borcu 453.25 manat yazılmışdır. Hal-hazırda "xxxx" ASC tərəfindən həmin borcun ödənişi tələb olunmadığından, abonentə təqdim edilən bildirişdə qeyd edilmir. Lakin, abonentə borcun olub-olmaması haqqında arayış verilərkən, həmin borcun möcudluğu bildirilir və bu borcun ödənilməsi tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 1-1-ci bəndində göstərilmişdir ki, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatlan və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişəttullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. Mülki iş materiallarından da müəyyən olunduğu kimi iddiaçının elektrik enerjisinə görə olan borcu sayğac əsasında və ya iddiaçının müdaxiləsi və ya digər qanunsuz hərəkəti nəticəsində yaranmış borc olmamışdır. Bu səbəbdən iddia təmin edilməli, iddiaçının abonent hesabında olan 453.25 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 (saldo üzrə ünvan 2 ünvanına hesablanmış 453.25 (dörd yüz əlli üç manat iyirmi beş qəpik) manat məbləğində borc **********01116 saylı abunə hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar