Məhkəmə qərarları › İş №2(060)-4567/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4567/2022

21.06.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4567/2022 21.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə (Maraqlı şəxs: Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilərək, Haqverdiyeva Sirac qızının və onun azyaşlı övladı xx.xx.2019-cu il təvəllüdlü X2 üzərində ərizəçinin qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, X3 ərizəçinin bacısının qızıdır. MPM-nə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə şəxsin valideynləri, uşaqları və qardaş-bacıları məhkəməyə müraciət edə bilərlər. Hazırki tələb üzrə ərizə şəxsin yaxın qohumları (valideynlərin, uşaqların, qardaşbacıların) tərəfindən verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən - Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 317.2-ci maddəsinin tələbləri pozulduğundan, həmin məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə (Maraqlı şəxs: Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar