Məhkəmə qərarları › İş №2(060)-457/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-457/2024

22.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-457/2024 22.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Cavabdeh X1 Firuzə Vaqif qızının iştirakı ilə İddiaçı Cavabdeh İstahsalat Birliyinə qarşı «aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış əsassız borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3-ə **********00000 saylı abonentin kodu üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı Aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 1059,48 manat məbləğində pulun cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Laçın rayonundan məcburi köçkündür. O, Sumqayıt şəhəri, Gecəqondu, Metallurq küçəsi ev 264-də yerləşən həyət evində məskunlaşıb. **********00000 saylı Abonentin kodu onun mərhum həyat yoldaşı X2 adınadır. İddiaçı ilə İsgəndər Quliyev 22 fevral 1984-cü ildə nikaha daxil olub. X3 11 dekabr 2012-ci ildə Sumqayıt şəhərində ağ ciyərin ödemi xəstəliyindən vəfat edib. İddiaçının həyat yoldaşı 2012-ci ildə vəfat etsə də, abonent kodu mərhumun adında qalıb. 12 may 2022-ci ildə saat 15:00-da Cavabdeh Sumqayıt QİS-in nümayəndələri - nəzarət üzrə mühəndis Cəfər Ağayev, 3 m YYQXMQCBNX rəisi Rəşad Ağayev və çilingər Şamil Bədəlovun iştirakı ilə iddiaçının yaşadığı ünvanda baxış keçirilib. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə tərtib edilmiş ******* saylı Aktda belə bir Qeyd yazılıb: "Əraziyə baxış zamanı aşkar olundu ki, abonent təbii qazdan qeydiyyatsız (lipa) sayğacdan keçməklə istifadə edir. Aşkarlandıqdan sonra qeydiyyatsız sayğac götürülərək ünvana məxsus sayğac yerinə quraşdırıldı". Daha sonra Aktda qeyd edilir ki, dəymiş ziyan hesablansın, ödənilsin. Aktı Sumqayıt QİS-in adı çəkilən nümayəndələri imzalayıb, QİS-in rəisi Vəli Sadıqov tərəfindən təsdiq edilib. Dəymiş ziyanın bərpasına dair 12 may 2022-ci il tarixli Tələbnamədə qeyd edilir ki, fərdi evdə "Qazdan istifadə Qaydaları"nın tələblərinə zidd olaraq abonnent təbii qazdan qeydiyyatsız (lipa) sayğacdan keçməklə istifadə edir. Aşkarlandıqdan sonra qeydiyyatsız sayğac götürülərək ünvana məxsus sayğac quraşdırılmışdır. İcra olunacaq tədbirlər kimi sayğacdan kənar qeyri-qanunu qaz xətti ləğv edilsin və itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablansın və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunsun. Tələbnamədə dəymiş ziyanın həcmi hesablanaraq 11448 m3 göstərilib. Tələbnamə TQQ və SŞ-nin nümayəndələri Hafiz Yunuslu, Elnur Eyvazov və İradə Qaçayeva tərəfindən imzalanaraq təsdiqlənib. Abonentin saldosuna əsasən ona sözügedən Akt üzrə 1419,48 manat borc hesablanıb. İddiaçının müxtəlif vaxtlarda etdiyi ödənişlər həmin borcdan çıxılmaqla hazırda onun sözügedən Akt üzrə borcu 1059,48 manat təşkil edir. İddiaçı dəfələrlə cavabdehin nümayəndələrindən əsassız hesablanmış borcun silinməsini tələb etsə də, cavabdeh borcu silməkdən imtina edib, hesablanmış borcu ödəməyini tələb edib. Qeyd olunanlara əsasən 12 may 2022-ci il tarixli, ******* saylı Akt etibarsız hesab edilməli və həmin Akt əsasında əsassız hesablanmış 1059,48 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməlidir. Əvvəla, akt tərtib olunarkən iddiaçının bundan xəbəri olmayıb və onun iştirakı təmin edilməyib. 12 may 2022-ci il tarixli ******* saylı Akt Sumqayıt QİS-in 3 əməkdaşı tərəfindən imzalanıb və həmin sahənin rəisi tərəfinfən təsdiq edilib. Aktda onun iştirakının təmin edilməməsi heç cür izah edilmir. İkincisi, sözügedən Aktda qeyd edilir ki, o, abonent təbii qazdan qeydiyyatsız (lipa) sayğacdan keçməklə istifadə edir. Akta əlavə edilmiş şəkillərdən görünür ki, qeydiyyatsız sayğac dedikdə onun yaşadığı ünvana quraşdırılmış "Zenner" tipli sayğac nəzərdə tutulur. Onun təbii ki, sayğac istehsal etmək üçün hər hansı bir imkanı yoxdur və sözügedən sayğac onun yaşadığı ünvana məhz Sumqayıt QİS-in əməkdaşları tərəfindən quraşdırılıb. O, da həmin smart tipli sayğac üzrə ödənişlər əsasında təbii qazdan istifadə edib. Belə olan halda, həmin sayğacın qeydiyatsız olmasının neqativ nəticələri də onun üzərinə qoyula bilməz. İddiaçı məhkəmədə iştirak edən zaman iddia ərizəsini müdafiə edərək eyni məzmunlu izahat vermiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh İstahsalat Birliyinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının yaşadığı ünvana dair sayğaca baxış keçirilən zaman qeydiyyatsız sayğac aşkar olunmuşdur. Qeyd olunanlar kənar xətdən istifadə kimi qeydə alınır. Buna görə də, cərimə hesablanmışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi “İnşaatçı” 1 saylı məhəllə komitəsinin xx.xx.2023-cü i tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri Beton zavod üzrə 1 saylı “İnşaatçı” məhələ komitəsinin əhatə etdiyi ərazidə yerləşən 264 nömrəli evdə yaşayır. İşə əlavə olan xx.xx.2022-ci il tarixli Cavabdeh İB “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün. Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün. ASQ-nin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablansın və hesablanmış məbləğ ödənilsin. Cəmi 11448 m3. İşdə olan Cavabdeh İB-nin əməkdaşları C.Ağayev, R.Qarayev və Ş.Bədəlovun iştirakları ilə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, xx.xx.2022-ci il tarixli “akt”ın surətindən görünür ki, İ.Ə.Quliyevin yaşadığı Sumqayıt, Metallurq küçəsi, Gecəqondu, ev 264-ə aid sayğaca baxış keçirilmiş, abonentin təbii qazdan qeydiyyatsız (lipa) sayğacdan keçməklə istifadə edir. Aşkarlandıqdan sonra qeydiyyatsız sayğac götürülərək ünvana məxsus sayğac yerinə quraşdırılmışdır. İş materiallarında olan 19 sentyabr 2023-cü il abonentin saldosundan müəyyən olunur ki, İ.Ə.Quliyevin yaşadığı ünvan 2 ünvanına akt əsasında 1393,72 manat borc hesablanmışdır. İş materiallarında olan AZ-İ №595936 saylı, xx.xx.2023-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.2012-ci il tarixdə ölmüşdür. “Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab edir ki, Qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İddiaçıya məxsus mənzilin sayğacı küçədə, yəni ictimai yerdə yerləşdiyinə görə həmin sayğaca istənilən şəxs tərəfindən medaxilə oluna bilərdi. Sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunması üçün Sumqayıt Qaz İstismar İdarəsinin məhkəməyə təqdim edə biləcək dəlilləri olsaydı, nəzərdə tutulmuş cərimənin İddiaçı tələb edilməsi qanuni olardı. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarına əsasən sayğacların işlək vəziyyətdə saxlanması üçün məsuliyyəti istehlakçı deyil, qaz paylayıcısı olan Sumqayıt Qaz İdarəsi daşıyır. Buna görə məhkəmə hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyi üçün iddiaçıya sərfiyyat əsasında hesablanmış 1059,48 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi İddiaçı Cavabdehnə məxsus qaz sayğacını zədələyərək maddi ziyan vurması məhkəmədə sübuta yetirilmədi. Məhkəmə iddia tələbinin tərtib edilmiş 12 may 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi hissəsini araşdıraraq, hesab edir ki, aktın etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, tərtib edilmiş akt həmin sayğaca müdaxilə ilə bağlı olmuş və sayğaca müdaxilə olunması məhkəmədə öz təstiqini tapmışdır. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 3 ünvanına (abonent kodu **********00000) aid Cavabdeh İstahsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akta görə hesablanmış 1059 (bir min əlli doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar