Məhkəmə qərarları › İş №2(060)-4590/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4590/2024

27.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4590/2024 27.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1982-ci ildə Sumqayıt şəhərində andan olmuşdur. Qeyd etdiyi abonent koduna dair elektrik enerjisindən istiadəyə görə aylıq sərf etdiyi elektrik enerjisinə görə ödənişləri də yaşadığı müddətdə tam şəkildə ödəmişdir. Lakin, mənzildə 1057 manat məbləğində borc vardır. Bir neçə dəfə “Azərişıq ASC yə müraciət etsə də, həmin borcun yalnız məhkəmə qərarı ilə silinməli olduğunu və onların səlahiyyətində olmadıqlarını bildirmişlər. Bunun üçün də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçıya hesablanan cərimə borcu tamamilə qanunsuzdur. Sayğac çöldə yerləşir və sayğaca cavabdehliyi iddiaçı daşmır. Göstərilənlərə əsasən əsassız hesablanmış 1057 manat borcun **********2370 saylı kodundan silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği olaraq 310,98 manat inteqrasiya dövrü borcu kimi xx.xx.2015-ci il tarixə aiddir. Qalan məbləğ isə 034860 saylı akt əsasında xx.xx.2023-cü il tarixində tərtib edilmişdir. Həmin məbləğ 745,11 manat təşkil edir. İddiaçı 1057 manat borcun silinməsini tələb etsə də, 1000 manat məbləğ borc əsassız hesablanmışdır. Qalan 57 manat məbləğ isə iddiaçının istehlak etdiyi elektrik enerjisinin dəyəridir.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan "xxxx" ASC-nin NDM № 034860 saylı, 28 noyabr 2023-cü il tarixli aktından görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsində yerləşən ünvanda (abonent kodu **********02370) quraşdırılmış elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, mənzilə elektrik sayğacından kənar xətt daxil olur. Belə ki, kənar xəttin en kəsiyinin sahəsi 2,5 milli metr mis naqildən ibarətdir, naqilin qoyulmuş gücü p=5,9 kvt-dır.

7. İşin materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 865 nömrəli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsi, 1 saylı yataqxana, ev 1, otaq 12-də qeydiyyatdadır və yaşayır.

8. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş **********02370 saylı kod üzrə abunə haqqında arayışdan görünür ki, ünvan 2 ünvanına sayğac oxunması üzrə 580,53 manat, aktlar bölməsi üzrə 1103,67 manat borcu hesablanmışdır. Abonentin cari borcu isə 1057,20 manat təşkil edir.

9. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş **********02370 saylı kod üzrə abunə haqqında arayışdan görünür ki, ünvan 2 ünvanına 310,98 manat “inteqrasiya dövrü borcu” hesablanmışdır.

10. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş **********02370 saylı kod üzrə abunə haqqında arayışdan görünür ki, ünvan 2 ünvanına NDM № 034860 saylı akta əsasən 695,11 manat, 32 manat və 18 manat olmaqla, ümumilikdə 745,11 manat borc hesablanmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanına aid elektrik sayğacının abonent kodu Məzahir Nəsirov adlı şəxsin adınadır. İddiaçı həmin ünvanda qeydiyyatda olmaqla, yaşayır. İddiaçıya məlum olmuşdur ki, həmin evə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız borc hesablanmışdır.

12. Həmçinin məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir əsaslı sübut təqdim olunmamışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

14. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.

16. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.

17. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

18. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvan 2 "xxxx" ASC-nin elektron məlumat bazasında **********02370 saylı kod üzrə qeydiyyata alınmışdır. Abunə haqqında arayışın bağlanan aktlar bölməsində “inteqrasiya dövrü borcu” hissədə 310,98 manat (inteqrasiya dövr borcu) borc olduğu qeyd edilmişdir.

19. Məhkəmə qeyd edir ki, 310,98 manat borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanması və borcun yaranması əsası müəyyən edilmədiyindən həmin məbləğ iddiaçıdan tələb edilə bilməz.

20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, NDM № 034860 saylı, 28 noyabr 2023-cü il tarixli aktda abonentin kənar xətdən istifadə etdiyi qeyd edilmişdir.

21. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

22. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.

23. Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.

24. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay elektrik enerjsinin sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, enerjitəchizatı müəssisəsi elektrik enerjisinin verilməsini dayandıra bilər.

25. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim olunmuş fotoşəkillərə baxış keçirərək iclasında müəyyən edilmişdir ki, qeyd olunan mənzilin elektrik sayğacına qanunsuz müdaxilə olmuş, lakin müdaxilənin nə zamandan bəri davam etdiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin cavabdeh tərəfindən də bu davamiyyətin edilməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir.

26. Məhkəmə hesab edir ki, enerji təchizatı müəssisəsinin səlahiyyətli şəxslərinin qanunla üzərlərinə qoyulmuş vəzifələri lazımınca yerinə yetirməməsi, yəni elektrik sayğacına vaxtında, lazımi qaydada baxış keçirərərək, qanunsuz müdaxiləni aşkar etməməsi iddiaçının ziyanına şərh oluna bilməz.

27. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı mənzildən kənarda quraşdırılmış sayğaca kənar xəttin qoşulması müəyyən olunmuşdur. Qeyd olunan nöqsanı müəyyən edən cavabdeh iddiaçının təqsirini sübuta yetirmədən elektrik enerjisindən sərfiyyata görə cərimə hesablamışdır. Halbuki, yuxarıda istinad edilən Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır.

28. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

29. Həmçinin, iş materiallarından görünür ki, NDM № 034860 saylı, 28 noyabr 2023-cü il tarixli akta əsasən borc 745,11 manat təşkil edir.

30. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 745,11 manat borcun silinməsi hissəsində əsaslıdır.

31. Məhkəmə qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi qalan 0,91 (1057- 745,11-310,98) manat iddiaçının istehlak etdiyi elektrik enerjisinə görə hesablanmış borc olduğuna görə iddia həmin hissədə təmin edilməməlidir.

32. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 2 ünvanına dair cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 1056,09 (bir min əlli altı manat, doqquz qəpik) manat məbləğində borc **********02370 nömrəli abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

33. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab verərək hesab edir ki, iddia təmin edildiyindən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən dövlət mədaxilinə 30,56 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilməlidir.

34. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

35. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

36. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən, iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən dövlət mədaxilinə 33,24 manat məbləğində dövlət rüsumu ödənilir.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

38. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

Nəticə hissə:

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. ünvan 3 ünvanına dair cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 1056,09 (bir min əlli altı manat, doqquz qəpik) manat məbləğində borc **********02370 nömrəli abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" ASC-dən 30,56 (otuz manat, əlli altı qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar