Məhkəmə qərarları › İş №2(060)-4604/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4604/2024

03.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4604/2024 03.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional Notariat Ofisinə qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional Notariat Ofisinə qarşı iddia qaldıraraq, mərhum həyat yoldaşı - 23 yanvar 2023-cü il tarixdə vəfat etmiş X1 miras qalmış Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Kauçuk” BY 83 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin onun - xx xxxxxx 1954-cü il təvəllüdlü İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab olunaraq uzadılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1954-cü il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda pasport qeydiyyatında olmaqla faktiki yaşayır. X8 23 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Kauçuk” BY 83 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi 13 yanvar 2016-cı il tarixdən onun mülkiyyətində olmuşdur. Ölümündən sonra isə onun faktiki istifadəsində və mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsinin qəbulu ilə əlaqədar cavabdeh notariat ofisinə ərizə ilə müraciət etmiş, lakin mirasın qəbul müddətini ötürdüyü üçün imtina edilmişdir. Müddəti ötürməyinin səbəbi qanunun tələbini səhv başa düşməyi olmuşdur. Belə ki, o, miras əmlakın qəbulu ilə bağlı 6 ay tamam olduqdan sonra istənilən vaxtı notariat ofisinə müraciət etməli olduğunu başa düşmüşdür. Lakin sonradan ona izah olunmuşdur ki, 6 ay tamam olduqdan sonra müraciət etməli olduğu yox, 6 ay müddət tamam olduqdan sonra vərəsəlik haqqında şəhadətnamə verilir. Yəni qanunun tələbini səhv başa düşmüşdür. Bu müddət ərzində miras əmlaka faktiki sahiblik etmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, mərhum həyat yoldaşı 2023-cü ildə vəfat etdikdən sonra qanunu bilmədiyi üçün 6 ay ərzində müraciət etməmişdir. O səbəbdən də müddəti ötürmüşdür. Torpaq sahəsində yaşayış evi vardır. Ora gedib-gəlirlər. Torpaq sahəsi ilə bağlı vergi və digər ödənişləri oğlu ödəyir. Həyat yoldaşının ondan başqa da vərəsələri vardır. Onlar oğlu və qızıdır. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə hazırlıq iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən X11 izahatında bildirdi ki, iddianın təmin olunmasına heç bir etirazı yoxdur. Aralarında heç bir mübahisə yaranmamışdır. İddiaçı anasıdır. Heç biri qanunvericiliyi bilmədiyi üçün 6 aylıq müddəti ötürmüş və vərəsəliyin açılması ilə bağlı müraciət etməmişdirlər.

5. Məhkəmə hazırlıq iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən X12 izahatında bildirdi ki, iddianın təmin olunmasına etirazı yoxdur. İddiaçı anasıdır. Aralarında heç bir mübahisə yaranmamışdır. Prosedur barədə məlumatlı olmadığı üçün 6 aylıq müddəti ötürmüşdürlər.

6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

7. AZ-İİ 309247 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 23 yanvar 2023-cü ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2023-cü il tarixdə 142 nömrə ilə qeyd edilmişdir.

8. АЗ 286696 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X2 arasında bağlanmış nikah xx.xx.1975-ci il tarixində akt qeydləri kitabında 5 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Bəkirova” soyadı verilmişdir.

9. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Kauçuk” BY 83 ünvanında yerləşən torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

10. İddiaçı tərəfindən Notariat ofisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, V- 259/2024 saylı ərizənin surətindən görünür ki, mirasın tərkibinə daxil olan miras əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir.

11. 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 22 aprel 2024-cü il tarixli, 976 nömrəli məktubdan görünür ki, mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddəti ötürdüyünə görə İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1252-ci maddəsinə görə əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

15. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı X4 arvadıdır. X9 23 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Kauçuk” BY 83 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı vəfat etmiş əri X3 qalmış miras əmlakın qəbulu ilə əlaqədar ərizə ilə 1 saylı Sumqayıt Regional Notariat Ofisinə müraciət etmiş, həmin orqanın 22 aprel 2024-cü il tarixli məktubu ilə mirası qəbul etmə müddətini ötürdüyü üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

16. Hazırda İddiaçı vəfat etmiş X3 miras qalmış Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Kauçuk” BY 83 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab olunaraq uzadılmasını məhkəmədən xahiş edir.

17. Qeyd olunmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir.

18. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı).

19. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı miras qoyan X4 arvadı olmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə uyğun olaraq mirasdan pay almaq hüququ vardır.

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.

21. Mirasın qəbulu qaydalarını nəzərdə tutan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

22. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı).

23. Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, yəni notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə və ya ayrı-ayrı hərəkətlər vasitəsilə edilə bilər. Məsələn, mirasın qəbulu vərəsənin miras əmlaka sahiblik etməsi və ya miras əmlakı idarə etməyə faktiki başlaması və bununla da miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirməsi ilə bəlli olur. Bu hal, adətən, miras qoyanın sağlığında miras qoyanın vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əmlakla əlaqədar yaranır. Bundan başqa, mirasın qəbulu və qəbulundan imtina müəyyən bəlli müddət, vaxt ərzində həyata keçirilməlidir. Bununla bərabər, miras əmlakın qəbulu müddətinin ötürülməsi vərəsə tərəfindən üzrlü səbəblərə görə olarsa, bu halda məhkəmə mirasın qəbulu müddətini uzada bilər. Lakin Mülki Məcəllənin 1248.1-ci maddəsində məhkəmənin ötürülmüş müddəti hansı vaxtadək uzada bilməsi haqqında göstəriş yoxdur.

24. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarında Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər.

25. Konstitusiya Məhkəməsinin Plenumu adıçəkilən Qərarında həmçinin vurğulamışdır ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və qeyd olunan qanunvericilik normalarına uyğun olaraq mirasın qəbulu müddətinin ötürülməsi həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmur və məhkəmə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinə “məhdudlaşdırıcı” istiqamətdən yanaşmamalı və məsələni ətraflı araşdıraraq müddətin ötürülməsini üzrlü saydığı halda, həmin müddəti uzatmalıdır.

26. Hazırki iş üzrə vərəsənin mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş konkret müddətlərin olduğunu bilməməsinə, gedib-gəlməklə miras qalmış əmlakı faktiki olaraq idarə etməsinə dair dəlilləri ağlabatan olmaqla işin mövcud hallarına, tərəflərin vəziyyətinə uyğun gəlir və iddiaçının istinad etdiyi hallar mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən ötürülmüş hesab edilməsi üçün əsas kimi çıxış edir. Məhkəmə qeyd edir ki, müvafiq hal müəyyən edilərkən həmçinin vərəsələr arasında miras əmlakla bağlı mübahisənin olmaması, iddiaçının mirasın qəbulu müddətinin uzadılması tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olması, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun mirasın qəbulu ilə bağlı müddətlərin uzadılmasına dair hüquqi mövqeyi nəzərə alınmışdır.

27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı tərəfindən X5 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin geckdirilməsinin səbəbi üzrlü hesab edilərək uzadılsın.

Nəticə:

1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. İddiaçı tərəfindən 23 yanvar 2023-cü il tarixdə vəfat etmiş X1 miras qalmış Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Kauçuk” BY 83 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin gecikdirilməsinin səbəbi üzrlü hesab edilərək uzadılsın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar