Məhkəmə qərarları › İş №2(060)-4605/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4605/2023

24.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4605/2023 24.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydaların pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* №-li akta əsasən abonent saldosunda göstərilən 1555,20 manat cərimənin silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Kauçuk” BY 163 ünvanında yerləşən fərdi ev mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bunu onun adına verilmiş xx.xx.2022-ci il tarixli çıxarış təsdiq edir. Cavabdehin əməkdaşları tərəfindən iddiaçının mənzilinə quraşdırılmış mexaniki tipli yeni qaz sayğacı yeni mexaniki tipli qaz sayğacı ilə əvəz edilmişdir. Təbii qazdan istifadə qaydaların pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* №-li Akt tərtib edilmiş, həmin akta əsasən iddiaçıya 1555,20 manat cərimə hesablanmışdır. İddiaçı cavabdeh tərəfindən tərtib olunmuş aktlarla razılaşmır. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmiş və tələb olunan məbləği əsassız hesab edir. Cavabdehin nümayəndəsi tərəfindən yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt, Yaşma bağlar ərazisi, “Kauçuk" BY 163 ünvanına əməkdaşlarımız tərəfindən baxış keçirilmiş və yerində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və sayğacda nöqsan aşkar olunmuşdur. Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və ******* saylı xx.xx.2023-cü il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 6m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 6x24x90=12960m3 x 0,12qəpik= 1,555,20 manat dəymiş zərər hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, sözügedən ünvanda daimi yaşamırlar. Həmin ünvanda yalnız yay aylarında qalırlar. Sayğaca onlar tərəfindən heç bir müdaxilə olunmamışdır. Sayğac mənzildən çöldə yerləşir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, iddia tələbi ilə razı deyil. Sayğaca müdaxilə edilib. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1974-cü ildə, ünvan 3 ünvanında qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt, Yaşma bağlar ərazisi, “Kauçuk" BY 163 ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İş materiallarında olan cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, “Sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin plastmas qapağının üzərinə vurulan iki ədəd üst zavod plastmas plombu aşkar olunmadı. Sayğac istismara yararsızdır.” Həmin akt əsasında cavabdehin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya 12960 kub metr qaz sərfiyyatı hesablanmışdır. İddiaçıya aid ünvanın abonent saldosunda iddiaçıya xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 1555,20 manat borc hesablandığı göstərilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Zədələnmiş qaz sayğaclarının dəyəri o vaxt istehlakçı tərəfindən ödənilə bilər ki, zədələnmə onun təqsiri üzündən baş versin. Lakin cavabdeh qaz sayğacının iddiaçının təqsiri ucbatından zədələnməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində ona akt əsasında hesablanmış 1555,20 manat borcun silinməsini xahiş etmişdir. Abonent saldosundan görünür ki, akt əsasında iddiaçıya 1555,20 manat borc hesablanmışdır. Bu səbəbdən iddia təmin edilməli, iddiaçıya akt əsasında hesablanmış borc silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Sumqayıt, Yaşma bağlar ərazisi, “Kauçuk" BY 163 ünvanına xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış 1555 (min beş yüz əlli beş) manat 20 (iyirmi) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar