Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4624/2021 22.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Qənbərli Əsəd Eldar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil, Cavabdeh «xxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı hesablanmış cərimə borcunun silinməsi tələbinə dair mülki işə 22 iyun 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 667,23 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan Sumqayıt şəhəri, 15-ci məhəllə, bina 64a, mənzil 48-də 2018-ci ildən yaşayır. Yəni həmin mənzil üç ildir ki, boşdur. Amma arada gedib evin havasını dəyişdirmiş və ümumi təmizlik aparmışdır. Buna baxmayaraq hər ay az da olsa işıq pulu ödəmişdir ki, borcu olmasın. 2021-ci il tarixdə həmin mənzilin işıq sayğacını xəbəri olmadan dəyişdirmişlər. Sayğacın hansı əsasla dəyişildiirildiyi də ona məlum deyil. Bundan sonra ona cavabdeh tərəfindən bildiriş gəlmiş və həmin bildirişdə guya 667.23 manat borcu olduğu müəyyən edilmişdir. Hesab edir ki, həmin borc əsassız borcdur. İş materiallarına əlavə edilmiş abunə haqqında saldodan da görünür ki, 2015-ci il tarixdən bu günədək həmin borc qeyd olunmamışdır. Amma 10.11.2020-ci il tarixli bildiriş xəbərdarlıqda ödəniləcək məbləğ 368.08 manat göstərildiyi halda, 09.04.2021-ci il tarixli bildiriş xəbərdarlıqda bu məbləğ 667.23 manat göstərilmişdir. Onun 2018-ci il tarixdən həmin ünvanda yaşamadığı nəzərə alınsa, bu qənaətə gəlmək olar ki, borc əsassızdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı cavabdeh tərəfindən əsassız hesablanmış 667.23 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh «xxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbi ilə bağlı bildirdi ki, İddiaçı iddia tələbində 667,23 manat məbləğində borcun silinməsini xahiş etsə də, hazırda onun borcu 122,23 manat təşkil edir. Çünki 545,23 manat borc məbləği “xxxx” ASC-dən öncə yaranmış borc olduğundan, həmin borc “xxxx” ASC tərəfindən 20.04.2021-ci il tarixdə silinmişdir. Hal-hazırda İddiaçı cavabdeh «xxxx» ASC-yə aktlar əsasında yaranmış 122,23 manat məbləğində borcu var. İddiaçı ödənişlər etməklə öz borcunu etiraf etmişdir. Cavabdehin nümayəndəsi qeyd etdiklərinin nəzərə alınmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan 01.04.2021-ci il tarixli, 1008 nömrəli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, məhəllə 15, ünvan 1 ünvanında 2018-ci ilin dekabr ayından müvəqqəti olaraq yaşamır. İş materiallarna əlavə olunmuş 08.06.2021-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 15-ci məhəllə, bina 64a, mənzil 48 ünvanına 17.03.2021-ci il tarixli akta əsasən 304,08 (157,08+147) manat cərimə hesablanmış, 20.04.2021-ci il tarixdə abonentin Azərenerjidən qalan 545 manat borcu silinmişdir. 08.06.2021-ci il tarixinə İddiaçı 122,23 manat borcu qalmışdır. İşdə olan 05.03.2021-ci il tarixli NDM seriyalı 021664 saylı akta əsasən İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, 15-ci məhəllə, 0320 mən. 0203 (ünvan 2 ünvanında elektrik sayğacına baxış keçirərkən elektrik sayğacının işləmədiyi, sayğacın sxemdən keçən elektrik yükünü qeyd etmədiyi müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, 15-ci məhəllə, bina 64a, mənzil 48 ünvanında istifadə edilən elektrik enerjisini qeydə alan sayğac mənzilin çöl hissəsində quraşdırılmışdır. Cavabdeh «xxxx» ASC-nin əməkdaşları iddiaçıya məxsus qeyd edilən yaşayış sahəsinə gələrək, sözügedən mənzildə sayğacın işləmədiyini aşkar etmiş, bununla bağlı iddiaçıya borc hesablamışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.3-cü bəndinə görə yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Həmin Qaydaların 7.11-ci bəndində nəzərdə tutulur ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. İstehlakçı elektrik sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, elektrik paylayıcısı bu zədənin (hazırki halda işləməməsinin) istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğacın işləmədiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə sayğacın iddiaçının təqsiri ucbatından işləmədiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə onu da qeyd edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İş materiallarına əlavə edilmiş 05.03.2021-ci il tarixli, 021664 saylı aktın surətindən görünür ki, sözügedən akt «xxxx» ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş, aktın tərtib edilməsində iki nəfər hal şahidinin iştirakı təmin edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh «xxxx» ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 05.03.2021-ci il tarixli, 021664 saylı akta əsasən iddiaçıya hesablanmış borc silinməlidir. İddiaçı ərizəsində 667,23 manat borcun silinməsini xahiş etsə də, iş materiallarından görünür ki, hal-hazırda iddiaçının cavabdeh təşkilata 122,23 manat borcu olduğundan iddia qismən təmin edilməli, iddiaçıya hesablanmış 122,23 manat borc silinməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, 15-ci məhəllə, bina 64a, mənzil 48 ünvanına (abonent kodu: **********00203) cavabdeh «xxxx» ASC tərəfindən hesablanmış 122,23 (bir yüz iyirmi iki manat iyirmi üç qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4624/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4624/2021
22.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver