Məhkəmə qərarları › İş №2(060)-4659/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4659/2021

06.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4659/2021 06.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı aktın ləğv olunması və borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) “xxxx” ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 04.03.2021-ci il tarixli, 211787 nömrəli aktın ləğv olunması və həmin akt əsasında hesablanmış 749,62 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Beton zavod ərazisi, ev 583 iddiaçının istifadəsindədir. 04.03.2021-ci il tarixində cavabdehin əməkdaşları tərəfindən mənzilin elektrik sayğacına baxış keçirərkən 211787 nömrəli akt tərtib edilmişdir. Həmin aktda sayğaca baxış keçirilən zaman sayğacın giriş xəttinin zədələnərək mənzilə kənar xəttin daxil olması qeyd edilmişdir. Həmin vaxt iddiaçı mənzildə olmamışdır. İddiaçı tərəfindən elektrik sayğacına heç bir müdaxilə olunmamışdır. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, 04.03.2021-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğacın giriş xətti zədələnərək mənzilə kənar xətt daxil olması, kənar xəttin hasarın suvağının altında olması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektik enerjisindən istifadə qaydalarının” 8.32 bəndinin tələblərinə uyğun olaraq 04.03.2021-ci il tarixli, 211787 saylı akt əsasında 750,38 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Beton zavod ərazisi, ev 583 sənədsiz tikilidir. O, həmin evi 2020-ci ilin sentyabr ayında alıb. Sayğacdan kənar xətt evin əvvəlki sahibi tərəfindən çəkilib. Lakin, onun bu barədə məlumatı olmayıb. Akt tərtib olunarkən evdə heç kim olmayıb. Yalnız, sonradan bilib ki, bu barədə akt tərtib edilib. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi iddiaçı xx.xx.1977-ci ildə Yardımlı rayonu, Bozayran kəndində anadan olmuş, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Beton zavod ərazisi, ev 583-də qeydiyyatdadır. 1 saylı Mənzil Kommunal Sahəsinin 21.04.2021-ci il tarixli, 14 saylı arayışında iddiaçının Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Beton zavod ərazisi, ev 583-da yaşadığı göstərilmişdir. Cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş 04.03.2021-ci il tarixli, 211787 saylı aktda göstərilmişdir ki, iddiaçıya məxsus mənzilin elektrik sayğacında aparılmış yoxlama zamanı sayğacın giriş xətti zədələnərək mənzilə kənar xətt daxil olduğu müəyyən edildi. İddiaçıya məxsus mənzilin abunə haqqında məlumatdan görünür ki, elektrik enerjisindən istifadə qaydalarının pozulması nəticəsində 04.03.2021-ci il tarixində iddiaçıya 757,68 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin 7 sentyabr 2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 12-ci bölməsində göstərilmişdir ki, aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır. Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur. Aktın tərtib olunduğu yer və tarix aktda yazılan hadisənin yerinə və tarixinə uyğun gəlməlidir. Akt mətninin sonunda (imzalardan qabaq) aktın nüsxələri və saxlandığı yer haqqında məlumat yerləşdirilir. Akt onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanır. Bu zaman imza etmiş şəxslərin vəzifələri göstərilir. Qeyd edilən normaların məzmunundan göründüyü kimi akt müəyyən bir hadisənin və ya faktın təsdiq edilməsi məqsədi ilə tərtib edilmiş sənəddir. İşdən göründüyü kimi iddiaçıya məxsus yaşayış evinə xidmət edən elektrik sayğacında yoxlama keçirilmiş, sayğacın nasaz olması aşkar edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Aktın tərtib edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verildiyi iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən iddia aktın ləğv edilməsi hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır (8.32). Göründüyü kimi iddiaçı ona borcun əsassız hesablandığını bildirir və həmin borcun silinməsini xahiş edir. Lakin, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktda iddiaçının yaşadığı evdə sayğacdan kənar elektrik xəttindən istifadə edildiyi göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (77.2.). Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən yaşadığı evdə sayğacdan kənar elektrik xəttindən istifadə olunması müəyyən edildiyindən ona akt əsasında hesablanmış borc silinə bilməz. İddiaçı özü də evdə sayğacdan kənar xətt olmasını inkar etməmiş, lakin xəttin evin əvvəlki sahibi tərəfindən çəkildiyini bildirmişdir. Lakin, öz mövqeyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı 04.03.2021-ci il tarixli, 211787 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 749,62 manat borcun silinməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar