Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4672/2025 24.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hal-hazırda sözügedən ünvanda yaşayır. Abunə haqqında çıxarışdan da aydın görünür ki, oktyabr ayında iddiaçıya əsassız olaraq 600 manat cərimə yazılmışdır. Sayğaca heç vaxt müdaxilə etməmişdir. Akt tərtib olunan zaman iddiaçıya məlumat verilməli, həmçinin iddiaçının iştirakı ilə tərtib edilməli idi. Borcun silinməsi ilə bağlı "xxxx" ASC-yə dəfələrlə müraciət etmişdir. Lakin borc bu günə kimi silinməmişdir. İddiaçıya hesablanan borc tamamilə qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən akt əsasında əsassız hesablanmış 600 manat borcun **********00228 saylı abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh "xxxx" ASC-nin qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan "xxxx" ASC-nin R № 363757 saylı, 16 oktyabr 2024-cü il tarixli aktından görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə Sumqayıt şəhəri, 40-cı məhəllə yerləşən ünvanda (abonent kodu **********00228) quraşdırılmış elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, şitdən kənar xətt çəkilmişdir.
9. İşin materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 475 nömrəli arayışdan görünür ki, İddiaçı İddiaçı ünvan 2 ünvanında yaşayır. Qubadlı rayonundan məcburi köçkündür, ünvanda məskunlaşıb.
10. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş **********00228 saylı kod üzrə abunə haqqında arayışdan görünür ki, ünvan 4 ünvanına sayğac oxunması üzrə 2281,26 manat, aktlar bölməsi üzrə 247,89 manat borcu hesablanmışdır. Abonentin cari borcu isə 608,86 manat təşkil edir.
11. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş **********00228 saylı kod üzrə abunə haqqında arayışdan görünür ki, ünvan 4 ünvanına R № 363757 akta əsasən 334,62 manat, 158,4 manat və 89,10 manat olmaqla, ümumilikdə 582,12 manat borc hesablanmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 4 ünvanına aid elektrik sayğacının abonent kodu Ötərxan Məmmədov adlı şəxsin adınadır. İddiaçı həmin ünvanda yaşayır. İddiaçıya məlum olmuşdur ki, həmin evə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız borc hesablanmışdır.
13. Həmçinin məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir əsaslı sübut təqdim olunmamışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.
15. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları» Qərarı: - 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Agentliyi həyata keçirir. - 6.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X1 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X1 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. -8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. -10.9-cu bəndinə əsasən enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar. - 10.18-ci bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi aşağıdakıları yerinə yetirməyə borcludur: -10.18.1. öz idarəetmə ərazisində elektrik şəbəkəsinin təhlükəsiz, etibarlı və səmərəli işləməsini təmin edən yerli dispetçer xidmətini təşkil etməyə; -10.18.2. ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə; -10.18.3. qəza zamanı enerjisistemdə yük çıxarıldıqda, məsul yükləri ayıraraq ehtiyatlandırılmış xarici təchizat elektrik xətlərinə qoşmaqla texnoloji və qəza bronlarının tələbatını təmin etmək üçün elektrik təchizatı sxemini təkmilləşdirməyə; -10.18.4. enerjitəchizatı müəssisəsinin balansında olan, ancaq hesabat hədləri (ustavka) dövlət elektroenergetika müəssisəsi tərəfindən verilən rele mühafizələrinin, bütün növ avtomatikaların, o cümlədən enerjisistem əhəmiyyətli avtomatikaların iş rejimlərinə nəzarət etməyə, onlarda müəyyən olunmuş müddətlərdə sazlama və profilaktik sınaq işlərini aparmağa; -10.18.5. dövlət elektroenergetika müəssisəsinin və X1 Agentliyinin tələbinə əsasən enerjitəchizatı müəssisəsinin elektrik qurğularının işi ilə müəyyənləşdirilən elektrik enerjisinin keyfiyyətinə fasiləsiz, vaxtaşırı və epizodik nəzarət etməyə, şəbəkələrində elektrik enerjisinin keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirləri həyata keçirməyə; -10.18.6. “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşma uçotunu təşkil etməyə; -10.18.7. elektrik qurğularına xidmət üçün tələb olunan ixtisaslı elektrotexniki heyətlə təmin etməyə, elektrik qurğularına xidmət edən heyəti öyrətməyə, təlimatlandırmağa və onları avadanlıqlaşdırılmış iş yeri ilə, mühafizə vasitələrilə, alətlərlə, lazımi materiallarla və təlimatlarla təmin etməyə; -10.18.8. qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə; -10.18.9. elektrik enerjisi rejimlərinə, elektrik enerjisinin səmərəli və qənaətlə istifadəsinə, elektrik qurğularının texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, təlimatların və digər normativ sənədlərin tələblərinə əməl olunmasına və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsiqələri (şəxsiyyət vəsiqəsi ilə birlikdə), nəzarətin həyata keçirilməsi haqqında qərarın surəti və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə;[78] -10.18.9-1. Elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə;[79] -10.18.9-2. bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə; -10.18.10. elektrik enerjisinin paylanmasında, satılmasında, elektrik enerjisindən səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların istismarında texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, elektrik qurğularının quraşdırılması qaydalarının və digər normativ sənədlərin tələblərinə əməl olunmasında aşkar edilmiş pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında X1 Agentliyinin tələbnamələrini müəyyən olunmuş müddətlərdə yerinə yetirməyə.
17. İddia edilən borcun əsaslı olmasını sübutetmə yükü aktı və borcu müəyyən edən cavabdehə mənsub olsa da, borcun yaranma əsaslarının qanunsuz müdaxilə ilə bağlı olduğunu qeyd etsə də, bunun səbəblərini sübut edə bilməmiş, araşdırılmanın istehlakçıya məlumat verilmədən aparılması təsdiq edilmişdir. Elektrik enerjisinin qənaətedici olmayan sərfiyyatı əsaslarını dövlət əmlakının talanması təşkil edir və bu hallara nəzarət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Enerjitəchizatı müəssisəsi iddiaçı tərəfindən müvafiq borcun ödənilməsi üçün vaxtında zəruri tədbirlər həyata keçirməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının və ya digər şəxsin müvafiq cinayət təqibi və ya inzibati xəta haqqında icraatlar həddində hərəkətsizliyi mülki icraat çərçivəsində araşdırmanın xüsusiyyətlərinə və prosessual məhdudiyyətlərə müvafiq iddia edilən halların tam araşdırılmasına imkan vermir.
18. Həmçinin, iş materiallarından görünür ki, R № 363757, 16 oktyabr 2024-cü il tarixli akta əsasən borc 582,12 manat təşkil edir.
19. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 582,12 manat borcun silinməsi hissəsində əsaslıdır.
20. Məhkəmə qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi qalan 17,88 (600- 582,12) manat iddiaçının istehlak etdiyi elektrik enerjisinə görə hesablanmış borc olduğuna görə iddia həmin hissədə təmin edilməməlidir.
21. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 4 ünvanına dair cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 582,12 (beş yüz səksən iki manat, on iki qəpik) manat məbləğində borc **********00228 nömrəli abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
22. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
23. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
24. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən, iddianın qiyməti 1000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu ödənilir.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
26. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
29. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. ünvan 4 ünvanına dair cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 582,12 (beş yüz səksən iki manat, on iki qəpik) manat məbləğində borc **********00228 nömrəli abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva