Məhkəmə qərarları › İş №2(060)-4676/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4676/2025

29.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4676/2025 29.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iş üzrə (açar sözlər: borcun silinməsi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə a) iddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən əsassız olaraq hesablanmış 2600 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Yaşıldərə massivi, ev 3 ünvanındakı 45 saylı mənzil mülkiyyət hüququ üzrə ona məxsusdur. O, həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə Cavabdeh əməkdaşları mənzilin qaz sayğacını dəyişərək yenisi ilə əvəz etmişlər. Keçirilmiş baxış zamanı məlum olmuşdur ki, əvvəlki işlək sayğaca baxış keçirilən zaman guya sayğacın çıxış blokunda deşik olub. Giriş çıxış plombu tam sağlam vəziyətdədir. Bildirmək istəyir ki, sayğac mənzildən kənardadır. Onun sayğaca heç bir müdaxiləsi olmamışdır. Ona görə də xx.xx.2025-ci il tarixli akt tərtib olunmuşdur. Həmin ******* nömrəli akta əsasən itrilmiş qazın bərpası üçün ona 2600 manat məbləğində cərimə hesablanmışdır. Qeyd edir ki, həmin aktı əsassız hesab edir. Belə ki, tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Cavabdeh gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Bir istehlakçı olaraq onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Borcun silinməsi üçün dəfələrlə Cavabdehnə müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, məhkəməyə müraciət etsin. Hesab edir ki, həmin akt əsassız olduğu üçün əsassız olaraq hesablanmış 2600 manat məbləğində borc silinməlidir.

b) iddiaya etiraz

3. Cavabdeh etiraz təqdim edərək göstərmişdir ki, Sumqayıt şəhəri Corat qəsəbəsində yaşayan İddiaçı məxsus sayğaca əməkdaşlar tərəfindən xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş və yerində “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli akt tərtib edilmiş, aktda “sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunduğu” qeyd olunmuşdur. Abonent sayğacdan kənar xətt çəkərək qazdan qeyriqanuni istifadə etmişdir. Abonentin sayğacdan kənar qaz xətti istifadə etməsi aktlaşdırılmışdır. Dövlət əmlakını taladığına görə tələb edilmişdir ki, vurulmuş ziyan ödənilsin. Abonentin xx.xx.2025-ci il tarixə 3971 manat borcu vardır. Həmin borcun 1897.40 manatı debitor, qalan 2073.60 manat hissəsi akt əsasında hesablanmışdır. Abonentin iddia ərizəsində göstərdiyi 2600 manat məbləğ yanlışdır. Bütün qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, sayğac darvazadan çöldə yerləşir. O, sayğaca müdaxilə etməmişdir. Əgər o, sayğaca müdaxilə etsəydi, bu hal indiyə kimi nəzarətçi tərəfindən aşkar edilərdi. Bundan başqa sayğac smart sayğac olmuş, kartda məblə bitdikcə ödəmişdir. Ona iddia ərizəsi verməzdən 3-4 gün bundan əvvəl borcunun olması barədə bildiriş gəlmiş, həmin vaxt ona cərimə yazıldığını da öyrənmişdir. Ona cərimə yazıldığı üçün qaz sərfiyyatına görə hesablanmış borcu da ödəmir. Borc silindikdən sonra qazdan istifadəyə görə yaranmış borcu ödəməyə etiraz etmir. İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, abonent İddiaçı yaşadığı mənzildə istismar müddəti bitməsi ilə bağlı sayğac çıxarılmış, çıxış borusu deşildiyi müəyyən edilmişdir. İtirilmiş qazın bərpası üçün 2073.6 manat cərimə yazılmışdır. Həmçinin, hazırda abonent kodunda 3000 manatdan çox borc vardır ki, həmin borcun qalan hissəsi qaz sərfiyyatina görə ödənilməmiş borcdur. Vətəndaşa dəfələrlə xəbardarlıq edilməsinə baxmayaraq, illərdir ödəniş etmir. Sayğacın çöldə quraşdırılması müdaxiləni istisna etmir. Belə ki, həm smart, həm də mexaniki sayğaca müdaxilə etmək mümkündür. Məhkəmənin nəzərinə çatdırır ki, hər 3 aydan bir yoxlanış keçirilir. Aktda qeyd edilən qüsur sayğacın xaricində yox, daxilində olduğundan nəzarətçi vizual baxışla müəyyən edə bilməzdi.

Əsaslandırıcı hissə

a) mülki işin materialları

6. xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, sayğaca texniki baxış keçirilmiş və sayğacın çıxış borusunun deşik olduğu müəyyən edilmişdir.

7. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 17280 m3 müəyyən edilmişdir. İcra olunacaq tədbirlər: sayğacdan kəanr qeyriqanuni xəttin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması.

8. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-5543/Q001 nömrəli qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə aktdan görünür ki, Cavabdeh İB-nin 14-2-2/3-5-- 5543/2023/Q001 saylı, xx.xx.2023-cü il tarixli telefonoqramına əsasən xx.xx.2023-cü il tarixdə 1702AZ**********02 zavod nömrəli smart qaz sayğacı Sumqayıt QİS-dən Dövlət Yoxlamasına gətirilmiş, yoxlama nəticəsində sayğacın çıxış borusunun deşildiyi və istismara yararsız olduğu müəyyən edilmişdir.

9. Abonent saldosundan görünür ki, ünvan 3 üzrə **********00450 nömrəli abonent kodlu abonent İddiaçı hesabına 2023-2025-ci illər üzrə 3971 manat borc daxil edilmiş, həmin borcun 2073.6 manat hissəsi akt üzrə hesablanmışdır.

b) mülki iş üzrə tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

11. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır.

12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydaları: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

c) məhkəmə baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

d) məhkəmənin mövqeyi

16. İşdən müəyyən olunur ki, iddiaçının yaşadığı ünvana qaz təchizatı ilə bağlı cavabdehlə müqavilə bağlanmış, ünvan üzrə **********00450 nömrəli abonent kodu açılmışdır.

17. İddiaçı hazırda cavabdeh tərəfindən hesablanmış 2600 manat məbləğdə borcun silinməsi xahiş etməklə, tələbini onunla əsaslandırır ki, cavabdeh tərəfindən barəsində akt tərtib edilmiş, akt üzrə əsassız borc hesablanmışdır.

18. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, borcun hesablanmasına əsas xx.xx.2023-cü il tarixli aktdır. Belə ki, cavabdeh tərəfindən təqdim olunan məlumatda qeyd olunanlara əsasən, iddiaçının ünvanında quraşdırılmış qaz sayğacı növbədənkənar dövlət yoxlamasından keçirilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixdə çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli akta əsasən sayğacın çıxış borusunun deşildiyi müəyyən olunmuşdur. Bu səbəbdən sayğaca müdaxilə olunmasına dair rəy verilmişdir. Bununla əlaqədar Birlik tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən “Qazdan istifadə” qaydalarının 6.5-ci bəndinin tələblərinə əsasən itirilmiş qazın bərpası məqsədi ilə hesabat aparılmış, itirilmiş qazın həcmi 17280 m3 müəyyən edilərək 2073.6 manat borc hesablanmışdır.

19. Abonentin saldosundan görünür ki, iddiaçının hesabında 2023-2025-ci illər üzrə cəmi 3971 manat borc daxil edilmiş, həmin borcun 2073.6 manat hissəsi akt üzrə, 1897.4 manatı isə debitor borc kimi hesablanmışdır.

20. Məhkəmə işin qeyd olunan faktiki hallarını maddi-hüquqi əsaslar baxımından yoxlayaraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

21. İlk növbədə qeyd olunmalıdır ki, borcun hesablanmasına əsas olmuş akt sayğacın laboratoriya müayinəsinin nəticəsi haqqında xx.xx.2023-cü il tarixli və təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli aktlardır. Halbuki, bu aktların heç biri iddiaçıya təqdim edilməmiş, aktlar barədə iddiaçı məlumatlandırılmamış, iddiaçı da hesablanmış borcdan bir müddət sonra məlumatlı olmuşdur.

22. Digər tərəfdən, aktların mötəbərliyi faktı qəbul olunsa belə, sayğacın zədələnməsində iddiaçının təqsiri müəyyən edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydalarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır.

23. “Qaz təchizatı haqqında” Qanununun 13.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.

24. Göründüyü kimi, fiziki şəxs olan istehlakçılarının qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına cavabdehlik qaz paylayıcısı özü daşıyır. Qaz sayğacının zədələnməsi, sayğaca müdaxilə və s. bu kimi hərəkətlərdə iddiaçını məsul bilmək isə yalnız mötəbər sübutlarla təqsir müəyyən olunacağı təqdirdə mümkündür.

25. Hazırkı işin halları baxımından isə bu kimi halların heç biri öz təsdiqini tapmır.

26. Bundan başqa cavabdeh tərəfindən təqdim edilmiş tələbnamə və etirazda iddiaçının qanunsuz kənar xətdən istifadə edildiyi göstərilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13.8-1-ci maddəsinə əsasən bu kimi hallarda qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

27. Lakin cavabdeh tərəfindən müvafiq orqanlara müraciət olunması, cavabdehin qazın talanmasında təqsirli olması barədə həmin orqanın və ya məhkəmənin qərarı təqdim edilməmişdir.

28. Odur ki, iddiaçıya hesablanmış borc baxımından, borcun yaranma əsaslarını cavabdeh sübut edə bilməmişdir.

29. Bundan başqa iddiaçı 2600 manat borcun silinməsini xahiş etsə də, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, həmin borcun 2073.6 manat hissəsi akt üzrə hesablanmışdır. Qalan hissəsi iddiaçının debitor borcu olduğundan həmin borcun silinməsi mümkün deyildir.

30. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin edildiyindən və iddiaçı iddia ərizəsi verilərkən dövlət rüsumu ödəməkdən azad olduğundan iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 40.74 manat dövlət rüsumu dövlət mədaxilinə cavabdehdən alınmalıdır.

32. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus ünvan 2 ünvanına (abonent kodu **********00450 olmaqla) hesablanmış 2073.6 manat məbləğdə borc Cavabdeh tərəfindən silinməli, 40.74 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Nəticə hissəsi:

35. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 3 ünvanına (abonent kodu: **********00450) xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 2073.6 manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. İddia qalan hissədə edilməsin. 40.74 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar