Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4693/2022 17.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ona məxsus ünvan 1-da əsassız olaraq hesablanmış 1013,37 manat məbləğində borcun silinməsi barədə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsi müdafiə edərək göstərdi ki, ünvan 1-da ailə üzvləri ilə birlikdə yaşamışdır. Evin mülkiyyətçisi olan həyat yoldaşı 05 may 2022-ci il tarixdə rəhmətə getmişdir. Hal-hazırda fərdi yaşayış evində oğlu ilə birlikdə yaşayır. Cavabdehin nümayəndələri tərəfindən fərdi yaşayış evində xidmətlərdən istifadəyə görə 1013,37 manat borcum olması bildirilmişdir. Ona məxsus fərdi yaşayış evində xidmətlərə görə xx.xx.2007-ci il tarixdə kod açılmış və 4 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. Qeyd etmək istəyir ki, qızı xx.xx.2016-cı il tarixdə ailə həyatı quraraq qeydiyyatdan çıxmışdır. “Sumqayıt Sukanal” İdarəsinə ailə tərkibində olan dəyişikliklə bağlı arayışı dəfələrlə təqdim etməyinə baxmayaraq idarənin əməkdaşları təqdim etdiyi sənədləri qəbul etməkdən imtina edərək əsassız olaraq 4 nəfər ailə tərkibinə uyğun olaraq hesabat aparırlar. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən ona məxsus fərdi yaşayış evinə bu günkü tarixədək “su təchizatı və kanalizasiya xidmətləri”nə görə hesablanmış borc əsassızdır və həmin borcu tələb etmək hüququ yoxdur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ASC tərəfindən ona məxsus ünvan 1-da əsassız olaraq hesablanmış 1013,37 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirsi ki, iddiaçının yaşadığı mənzildə 2007-ci ilin yanvar ayından iddiaçının yaşadığı mənzilə kod açılmış və həmin vaxtdan ailə üzvlərinin sayına əsasən aylar üzlər hesablama aparılmışdır. Bu illər ərzində yaranmış borc iddiaçı tərəfindən aylar üzrə tam ödənilməmişdir. Eyni zamanda iddiaçının yaşadığı ünvanda 4 nəfər qeydiyyatdadır ki, hesabatda həmin ailə üzvlərinin sayına görə hesablanır. Hazırda iddiaçı ailə üzvlərinin sayında azalmanı qeyd etsə də, bu barədə təmsil etdiyi cəmiyyətə hər hansı bir arayış təqdim etməmişdir. Cavabdeh ASC tərəfindən borcun ödənilməsi tələbi ilə iddiaçının ünvanına hər ay borc məbləğinə dair bildiriş- xəbərdarlıq göndərilir. Lakin iddiaçı xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə ödənişləri etməmiş, əvəzində borc məbləğinin silinməsi ilə bağlı əsassız olaraq məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı əsassız olaraq hesablanmış 1013 (bir min on üç) manat 37 (otuz yeddi) qəpik məbləğində borcun silinməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbəs inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 2 №-li forma arayışından görünür ki, İddiaçı 2 nəfər ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə1, ev 38-də yaşayır. İş materiallarında olan “Abonent kartından” görünür ki, Məhərrəm Məhərrəmovun istifadəsində olan Sumqayıt şəhəri, Köhnə Corat, ev 1-ə 2016-2022-ci il üzrə 1013,37 manat borc hesablanmışdır. İş materiallarında olan AZ-İİ № 277749 saylı, xx.xx.2022-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X1 xx.xx.2022-ci il tarixdə ölmüşdür. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi il əvə ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir.) İstehlakçı tərəfindən suyun hesabı tam ödənilmədikdən sonra, su həchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qanunun 59.1-ci maddəsinə əsasən müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. Həmin qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Həmin qanunun 61-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin qanunun 62-ci maddəsinə əsasən, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifələri yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunverçiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. «Sudan istifadə qaydalarının» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 17 iyul tarixli 262 nömrəli qərarının 4.1.3 bəndinə əsasən,verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X4 ünvan 1 ünvana sudan qanunsuz istifadəyə görə 1013,37 manat məbləğində borc hesablanmışdır. İddiaçı X5 həmin borcu əsassız hesab edərək bununla bağlı dəfələrlə cavabdeh təşkilata müraciət etməsinə baxmayaraq cavabdeh təşkilat borcun necə yarandığını sübut edə bilməmişdir. Bu səbəbdən hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia tələbinin rədd olunmasını barədə qətnamə qəbul edilməsini xahiş etsə də, həmin borcun yaranması üçün əsas olmuş halları, iş üzrə zəruri sübutları məhkəmə araşdırması gedişatında təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir (551.2.1). Həmin Məcəllənin 551-ci maddəsinin tələbinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcələnin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata kecirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata kecirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapması nəzərə alınaraq, iddia tələbi təmin edilməli, Cavabdeh ASC tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən evə su sayğacından istifadəyə görə əsassız olaraq hesablanmış 1013 (bir min on üç) manat 37 (otuz yeddi) qəpik məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən evə su sayğacından istifadəyə görə əsassız olaraq hesablanmış 1013 (bir min on üç) manat 37 (otuz yeddi) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-4693/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4693/2022
17.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver