Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4695/2021 18.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 4 saylı Notariat Ofisində onunla Cavabdeh1 arasında 07.10.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi və kredit öhdəliklərinə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında Sumqayıt şəhər 4 saylı Notariat Ofisində 07.10.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 1 il müddətinə qaytarmaq şərti ilə 10000 manat verildiyi qeyd olunmuşdur. Lakin cavabdeh ona qeyd edilən miqdarda borc verməmişdir. Cavabdeh ona 4000 manat vermiş və 1 il müddətinə fazi olaraq hesablamış və müqavilədə 10000 manat qeyd etmişdir. Cavabdeh hal-hazıradək 6300 manat vermiş, lakin cavabdeh kredit müqaviləsini əsas götürərək ondan 4000 manatıda tələb edir. Bununla bağlı Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsidə mövcuddur ki, ondan 10000 manat tutularaq cavabdehə verilməlidir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən ona 10000 manat borc vermişdir. Daha sonra iddiaçı borcu qaytarmadığı üçün məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə iddiaçıdan 10000 manat tutularaq ona verilməlidir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. iddiaçı ona bir neçə dəfə 30-50 manat pul ödəmişdir, hazırki iddia əsassızdır, qedy edilən müqavilə üzrə qüvvədə olan qətnamə mövcuddur. Göstərilənlərə əsasən iddia tələbini rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Sumqayıt şəhəri 4 saylı notariat ofisinin nümayəndəsinin məhkəmədə iştrakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməmiş Sumqayıt şəhəri 4 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə cavabdehi dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)9340/2019 saylı 05 dekabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı 10000 manat tutularaq Cavabdeh1 verilməlidir. -Sumqayıt Apellyasiya Məhkəməsi 2(105)-982/2020 saylı 24 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)9340/2019 saylı 05 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)9340/2019 saylı 05 dekabr 2019-cu il tarixli qətnaməsi İddiaçı 10000 manat tutularaq Cavabdeh1 verilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsi 2(105)-982/2020 saylı 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)9340/2019 saylı 05 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). Mülki Məcəllənin 14.1.-ci maddəsinə əsasən Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Mülki Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir(MM-nin 390.4-cü maddəsi). Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Mülki Məcəllənin 337.1-ci maddəsinə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Məhkəmə iddia tələbini araşdıraraq, hesab edir ki, kredit müqaviləsinin müqaviləsinin etbarsız hesab edilməsi və kredit öhdəliklərinə xitam verilməsi üçün əsas mövcud deyil. Belə ki, 07.10.2018-ci il tarixli kredit müqaviləsi bağlanan zaman zamanı qanunvericiliyin tələblərinə əməl edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Sumqayıt şəhər 4 saylı Notariat Ofisində onunla Cavabdeh1 arasında 07.10.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi və kredit öhdəliklərinə xitam verilməsinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Sumqayıt şəhər 4 saylı Notariat Ofisində onunla Cavabdeh1 arasında 07.10.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi və kredit öhdəliklərinə xitam verilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-4695/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4695/2021
18.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver