Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4695/2025 25.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair iş üzrə (açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) tələb
1. Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizənin əsaslarına görə, qardaşı xx.xx.1984-cü ildə anadan olmuş X9 “Hemiplegiya, sağ tərəfli hemiparez. Motor afaziya” diaqnozu ilə 2-ci dərəcəli müddətsiz əlildir. Xəstəliyi ilə əlaqədar olaraq qardaşı son zamanlar yaddaşını və nitq qabiliyyətini itirmiş, öz hərəkətlərinin mənasını dərk etmir, əksər hallarda ən sadə vəziyyətdə belə özünü idarə edə bilmir. O, gündəlik tələbatını sərbəst təmin edə bilmir və hüquqları həyata keçirməkdə çətinlik çəkir. Etibarın həyat yoldaşı onu tərk etmiş, aralarında bağlanmış rəsmi nikah qeydinin pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hazırda həmin mülki iş Abşeron Rayon Məhkəməsinin icraatındadır. Anaları da yataq xəstəsidir. Ona görə də qardaşı son zamanlar daim onun nəzarətində yaşayır. Hesab edir ki, onun himayəyə ehtiyacı vardır. Vaxtaşırı yaranan problemləri aradan qaldırmaq üçün qardaşının fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi və onun üzərində qəyyumluq məsələsinin həll olunması zəruridir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
b) tələbə qarşı etiraz
3. Tələbə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
6. İV-СЛ seriyalı, 341461 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1984-cü ildə Ermənistan Respublikası, Krasnoselo rayonu, Gölkənd kəndində doğulmuşdur. X2, anası X4r.
7. Vİ-СЛ seriyalı, 353571 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Ərizəçi X2, anası X4r.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinə dair məlumatın verilməsi barədə xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X1, sağ tərəfli hemiparez. Motor afaziya diaqnozu ilə ümumi xəstəlik əsası ilə müddətsiz ikinci dərəcəli əlildir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 2648 saylı rəyinə əsasən, yoxlanılan şəxs X6 işemik insultdan sonrakı damar mənşəli demensiya (ağıl zəifliyi) (F01) aşkar olunur. Bunu anamnestik məlumatlar, təqdim olunmuş tibbi sənədlər və hal-hazırkı psixiatrik müayinənin nəticələri (insult keçirdikdən sonra psixi vəziyyətinin dəyişməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında “Hemiplegiya. Sağ tərəfli hemiparrez. Mofor afaziya” diaqnozu ilə ikinci dərəcəli əlil olduğunun qeyd edilməsi), həmçinin hazırkı müayinə zamanı psixi funksiyalarının total zəifləməsinin müəyyən edilməsi və s. sübut edir. 1-ci sual üzrə: yoxlanılan şəxs X6 işemik insultdan sonraki damar mənşəli demensiya (ağıl zəifliyi) (F01) aşkar olunur. 2-ci sual üzrə: yoxlanılan şəxs X9 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları şüurlu idarə etmək iqtidarında deyil. X7 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır.
b) mülki iş üzrə tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir; Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; Maddə 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; Maddə 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; Maddə 319. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır
c) məhkəmə baxışının hədləri
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
d) məhkəmənin mövqeyi
13. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.
14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2648 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, X6 işemik insultdan sonrakı damar mənşəli demensiya (ağıl zəifliyi) müəyyən edilir. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. Psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar var.
15. Göründüyü kimi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş edilən X6 psixi xəstəlik olduğu ekspert rəyi ilə öz təsdiqini tapır.
16. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
17. Məhkəmə qeyd edir ki, X5 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını dərk etməməsi və öz hərəkətlərini şüurlu idarə edə bilməməsi ərizəçinin izahatı, tibbi sənədlər, iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasına kifayət qədər əsaslar vardır. Odur ki, ərizə təmin edilərək X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
18. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1984-cü ildə Ermənistan Respublikası, Krasnoselo rayonu, Gölkənd kəndində doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
Nəticə hissəsi:
19. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. xx.xx.1984-cü il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Hazırkı qətnamə X9 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva