Məhkəmə qərarları › İş №2(060)-4697/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4697/2021

06.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4697/2021 06.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) “Cavabdeh” İB-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi evə quraşdırılmış qaz sayğacına dair hesablanmış 216 manat borcun və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi tələb edilən 64,67 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 38/16b, 49 saylı mənzilin sahibidir. 06.04.2021-ci il tarixində cavabdehin işçiləri tərəfindən iddiaçının ünvanında quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Bu barədə akt tərtib olunmuşdur. Aktda sayğacın aşağı sərfiyyatla qeyd etməsi göstərilmişdir. Sonradan iddiaçıya 216 manat borcdan əlavə 64 manat borc yazılmışdır. Cavabdeh tərəfindən hesablanmış və ondan tələb edilən borc əsassızdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın tamamilə əsassız olduğunu qeyd etdi və iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur ki, iddiaçı 01.07.1959cu ildə, Saatlı rayonu, Nərimankənd kəndində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 14.01.2021-ci il tarixli, ******* saylı akta əsasən iddiaçıya məxsus mənzilin qaz sayğacı dövlət yoxlamasına aparılmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 05.04.2021-ci il tarixli, ******* saylı aktda göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu papağına vurulan zavod qurğuşun plomb kəsilib, sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunub. Aktda dəymiş ziyanın hesablanması nəzərdə tutulmuşdur. 06 aprel 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçıya 2160 kub metr əlavə sərfiyyat hesablanmışdır. İddiaçıya aid ünvanın **********00490 saylı abonent saldosunda iddiaçıya akt əsasında 216,00 manat borc hesablandığı göstərilmişdir. Cavabdehin 04.05.2021-ci il tarixli məktubunda yeni qaz sayğacının dəyəri kimi 64,67 manat borc iddiaçıdan tələb edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Hazırkı halda cavabdeh sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini, bununla bağlı cavabdehə iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində ziyan vurulduğunu və bunda iddiaçının təqsirli olduğunu sübut edə bilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (77.2.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində ondan tələb edilən 216 manat borc və ondan sayğacın dəyəri kimi tələb edilən 64,67 manat borcun silinməsini xahiş etmişdir. Abonent saldosundan və cavabdehin iddiaçıya məktubundan görünür ki, həmin borclar iddiaçıdan tələb edilir. Bu səbəbdən iddia təmin edilməli, iddiaçıya hesablanmış borc silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən 05.04.2021-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı hesablanmış 216 ( iki yüz on altı ) manat borc və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi tələb edilən 64 (altmış dörd) manat 67 (altmış yeddi) qəpik borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar