Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4700/2023 08.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdehnə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ona məxsusdur. Evdə 4 nəfər – həyat yoldaşı, 2 övladı və o yaşayır. Kommunal ödənişləri və sair vergiləri həmişə vaxtlı-vaxtında ödəmişdir. Heç vaxt hansısa vergidən və sair yayınmamışdır. 28 aprel 2023-cü il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən sayğaca baxış keçirilmiş və onlar tərəfindən tərtib edilən ******* nömrəli aktda – 03 may Metrologiya departmentinin rəyinə görə sayğacın membranını hərəkətə gətirən qolların kənar təsir nəticəsində sındığı, sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. Onlara 1566 manat 24 qəpik məbləğində borc yazılmışdır. Qeyd edir ki, onun sayğacında heç bir problem olmamışdır. Çünki həmin vaxtı o sayğacının şəkillərini çəkib telefonunda saxlamışdır. Şəkillərdən də göründüyü kimi onun sayğacında heç bir problem olmamışdır. Heç bir qırıq və sair olmamışdır. Bundan başqa onu da qeyd edir ki, sayğacı da həyətdən kənarda yerləşir, hər kəsin müdaxilə edə biləcəyi şəraitdə və yerdə yerləşir. Laboratoriya nəticələri də quramadır. Müvafiq rəy cavabdehin istəyinə uyğun olaraq yazılmışdır. Müvafiq cərimə borcundan da ona göndərilən bildirişdən sonra məlumatı olmuş, ondan sonra bilmişdir ki, onun sayğacı yoxlanılmış və belə bir qanunsuz rəy tərtib olunmuşdur. Nə üçün bu gün işlətmədiyi qaza görə, onun təqsiri olmayan hansısa hala görə o qədər cərimə ödəməlidir ? Bütün yuxarıda qeyd etdiyi səbəblərə görə o bu gün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən ünvan 2-yə əsassız olaraq hesablanmış 1566.24 manat məbləğində cərimənin, qaz borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. 2011-ci il tarixdə sayğac quraşdırılmışdır. 2022-ci ilin dekabr ayında sayğacı gəlib dəyişmişlər. Həmin müddət ərzində o müraciət etməmişdir ki, sayğacda problem olmuş, plomb qırılmışdır və sair. Yay aylarında 300-400 manat ödəniş etmişdir. Bu limitə görə isə nə yazmışlarsa ödəmişdir. Gecikmə olmamışdır. Sayğac Socar şirkətinə getmiş, 5 ay sonra isə bildiriş gəlmişdir ki, borc yazılmışdır. Sayğac çöldə, hündür yerdə yerləşir. Plomb qırılmamış, sayğac isə zədələnməmişdir. Təxminən 2023cü ilin aprel, may aylarında görmüşdür ki, 1555 manat borc yazılmışdır. Akta imza etməmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, abonentin məlumatında yanlışlıq vardır. Sayğac 2022-ci ilin dekabr ayının 16-sında dəyişilmişdir. Akt isə 28 aprel 2023-cü ildə tərtib olunmuşdur. Sayğac çıxarıldıqda imza edilmişdir. Rəyi laborotoriya vermiş və onun rəyi əsasında müəyyən olunmuşdur ki, müdaxilə halı aşkar olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ermənistan, Sisiyanda xx.xx.1980-ci il tarixdə anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Bildiriş xəbərdarlıqdan görünür ki, limitli 10.80 manat, qalıq borc isə 1555.44 manat hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 28 aprel 2023-cü il tarixli aktın surətindən görünür ki, metrologiya deparmentinin rəyinə görə G-4 markalı sayğaca ümumi baxış keçirilən zaman sayğacın membranını hərəkətə gətirən qolların kənar təsir nəticəsində sınması müəyyən olunmuş, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi 14-2- 2/3-5-4781-1 saylı aktın surətindən görünür ki, sayğaca ümumi baxış keçirilən zaman sayğacın membranını hərəkətə gətirən qolların kənar təsir nəticəsində sınması müəyyən olunmuş, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. İş materiallarında olan abonent saldosu və abonent kartına əsasən müəyyən edilir ki, 2022-ci və 2023-cü illər üzrə iddiaçının yaşadığı ünvanda istifadə olunmuş qaz sərfinə uyğun ödənişlər edilmişdir. 28 aprel 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, iddiaçının ünvanına ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün 12960 kubmetr qaz itkisi hesablanmışdır. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, ******* saylı, 28 aprel 2023-cü il tarixli akt sayğaca ümumi baxış keçirilən zaman sayğacın membranını hərəkətə gətirən qolların kənar təsir nəticəsində sınmasının müəyyən olunması, sayğacın istismara yararsız kimi qiymətləndirilməsi səbəbindən tərtib edilərək, 12960 kubmetr qaz itkisi (1555.20 bir min beş yüz əlli beş manat iyirmi qəpik) hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə hesab edir ki, sayğaca ümumi baxış keçirilən zaman sayğacın membranını hərəkətə gətirən qolların kənar təsir nəticəsində sınmasının müəyyən olunması, sayğacın istismara yararsız kimi qiymətləndirilməsi qeyd olunmasına baxmayaraq, həmin hallar məhkəmə iclaslarında iddiaçının təqsirli hərəkəti nəticəsində olması Cavabdeh tərəfindən sübut olunmamışdır. Belə ki, həmin sayğacın istismara yararsız olmasında məhz iddiaçının qanunsuz hərəkəti nəticəsində oluduğu müəyyən edilməmiş və həmin hal məhkəmə iclasında Cavabdeh nümayəndəsi zəruri sübutları məhkəməyə təqdim olunmayaraq, öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 28 aprel 2023-cü il tarixli akta əsasən hesablanmış borcun silinməsi barədə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 28 aprel 2023-cü il tarixli akta əsasən hesablanmış 1555.20 manat borc abonentin hesabından (abonent kodu **********00170) silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbini qismən təmin edilməsi qənaətinə gələrkən “Dəymiş ziyanın bərpasına dair” tələbnamədə itirilmiş qazın bərpası üçün 12960 kubmetr qaz itkisi olduğu üçün 1555.20 manat məbləğin silinməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 2 ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 28 aprel 2023-cü il tarixli akta əsasən hesablanmış 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc abonentin hesabından (abonent kodu **********00170) silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4700/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4700/2023
08.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver