Məhkəmə qərarları › İş №2(060)-4759/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4759/2022

15.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4759/2022 15.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya məxsus **********00321 saylı abonent koduna xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş akt əsasında hesablanmış 518,40 manat borcun və sayğacın dəyərinə görə tələb edilən 64,67 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən köhnə G-4 markalı sayğac yeni sayğacla əvəz olunmuşdur. Əvvəlki məişət qaz sayğacı dövlət yoxlanılmasına göndərilmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktda qeyd olunmuşdur ki , xx.xx.2022-ci ildə Metrologiya departamentinin rəyinə görə G-4 markalı , 11433742 nömrəli plomb kəsilərək G-4 SM/4508 saylı qulu açıldı. Sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizmini qoruyan plastmas qapağı və şüşəsi sınıqdır .Hesablama mexanizminin rəqəmli dişli çarxları kənar təsir nəticəsində öz oxundan çıxıb. Həmin akta əsasən sayğac istismara yararsız kimi qiymətləndirilmiş , dəymiş zərərə görə 518,40 manat və sayğacın dəyərinə görə 64,67 manat borc hesablanmışdır. Həmin borc ilə razı olmadığına görə borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir . İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, ona məxsus olan həyət evinin qaz sayğacı həyətdə yerləşirdi. Cavabdehin əməkdaşları sayğacı dəyişərək, yenisi ilə əvəz etmiş və yeni sayğacı həyətdən çöldə quraşdırmışlar. Sayğac dəyişilərkən köhnə sayğacı açaraq yerə qoymuşlar və onda olan məlumata görə onlarla bir həyətdə yaşayan qardaşının azyaşlı oğlu sayğaca toxunaraq onu zədələmişdir. Onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, sayğac əvvəllər həyətdən içəridə yerləşib. Sayğac xx.xx.2022-ci ildən sonra çölə çıxarılıb. Bu səbəbdən iddiaçı sayğacın salamatlığı üçün məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1977-ci ildə, ünvan 1ində anadan olmuş, ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən xx.xx.2022-ci ildə Metrologiya departamentinin rəyinə görə G-4 markalı plomb kəsilərək G-4 SM/4508 saylı qutu açıldı. Sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı və şüşəsi sınıqdır. Hesablama mexanizminin rəqəmli dişli çarxları kənar təsir nəticəsində öz oxundan çıxıb. Həmin akt əsasında cavabdehin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya 4320 kub metr qaz sərfiyyatı hesablanmışdır. İddiaçıya aid ünvanın abonent saldosunda iddiaçıya akt əsasında 518,40 manat borc hesablandığı göstərilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış məktubunda bildirilmişdir ki, iddiaçının ünvanında məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın hesablama mexnizminin qoruyucu plaastmas qapağı və şüşəsi sınıqdır, hesablama mexanizminin rəqəmli dişli çarxları kənar təsir nəticəsində öz oxundan çıxdığından sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 64,67 manat ödənilməlidir. Əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət olunacaqdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, Yusif Gülməmmədov, Orxan Salmanov və Yaşar Qəribov tərəfindən imzalanmış aktda göstərilmişdir ki, Sumqayıt şəhəri, 76-cı məhəllədə yaşayan İddiaçı məxsus ev 1, mənzil 32 A ( kod:**********0032) quraşdırılmış G-4 markalı, zavod nömrə ******* olan qaz sayğacı daha əvvəllər həyət daxilində idi. 05 mart 2022-ci ildə sayğac çölə çıxarılmış və G-4 markalı, zavod nömrə 40016815 olan yeni sayğacla əvəzlənmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir (4.2.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (4.9.). İddiaçının öz izahatından da görünür ki, ona məxsus olan evdə quraşdırılmış qaz sayğacı evin həyətində yerləşmişdir. İddiaçının bildirdiyinə görə sayğac cavabdehin əməkdaşları tərəfindən yenisi ilə əvəz edilərkən zədələnmiş və zədələnmə cavabdehin əməkdaşlarının təqsiri ucbatından baş verməmişdir. İddiaçı onda olan məlumata görə sayğacın onun azyaşlı qardaşı oğlu zədələndiyini bildirmişdir. xx.xx.2022-ci il tarixli, ******* saylı aktın tərtibində iştirak etmiş cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktda da qaz sayğacının evin həyətyanı sahəsində yerləşdiyi göstərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İddiaçının məhkəmə iclaslarındakı izahatlarından və iş materiallarına əlavə edilmiş aktdan da görünür ki, sayğac əvvəllər həyətin daxilində yerləşib. Bu səbəbdən də məhkəmə hesab edir ki, sayğacın işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyəti iddiaçı daşıyır. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə sayğacın cavabdeh tərəfindən yararsız hala salınması barədə sübut təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cavabdeh tərəfindən iddiaçıya məxsus **********00321 saylı abonent koduna xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 518,40 manat borcun və sayğacın dəyərinə görə tələb edilən 64,67 manat borcun silinməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar