Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4761/2021 08.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçının iştirakı ilə İddiaçının cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbuletmə müddətinin bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbuletmə müddətinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 avqust 2019-cu ildə vəfat etmiş həyat yoldaşı X3 məxsus Xızı rayonu, Altıağac ünvanında 0,2 ha torpaq sahəsinə dair miras əmlakın qəbulu müddətinin buraxılmasını üzrlü hesab edərək, müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum iddiaçının həyat yoldaşıdır. Bunu 20 avqust 2002-ci il tarixli nikah haqqında şəhadətnamə də təsdiq edir. 21.08.2019-cu il tarixdə “Beyin qan dövranının pozulması” xəstəliyi ilə əlaqədar həyat yoldaşı dünyasını dəyişmişdir. Bunu 20.09.2019-cu il tarixli AZ-İ 952858 №-li “Ölüm haqqında şəhadətnamə” təsdiq edir. Mərhumun mülkiyyətində Xızı rayonu, Altıağac ünvanında 0,2 ha torpaq sahəsi vardır. Bu barədə mərhumun adına 23.11.2018-ci ildə R seriyalı ******* saylı çıxarış verilmişdir. Həmin torpaq sahəsini həyat yoldaşının ölümündən sonra iddiaçı özü onun qanuni varisi kimi istifadə etmiş, faktiki miras əmlakı qəbul edib onu idarə etmişdir. Lakin hüquqi biliyinin olmaması və bu barədə onu heç kəsin xəbərdar etməməsi səbəbindən vaxtında notariat oorqanına miras əmlakın qəbuluüçün müraciət etməmişdir. Bu yaxınlarda qanuni vərəsə kimi sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə mirası qəbul etmək üçün müraciət etmişdir. Mirasın qəbulu müddətini buraxdığı üçün ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Eyni zamanda iddiaçı iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd etmişdir ki, iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra ona məlum olmuşdur ki, iddia hissəsinin əvvəlində və xahiş etdi hissəsində səhvən torpaq sahəsi 0,2 ha kimi göstərilmişdir. Əslində isə torpaq sahəsinin ölçüsü 0,2 ha deyil 2 ha-dır. Odru ki, 21 avqust 2019-cu ildə vəfat etmiş həyat yoldaşı X3 məxsus Xızı rayonu, Altıağac ünvanında 2 ha torpaq sahəsinə dair miras əmlakın qəbulu müddətinin buraxılmasını üzrlü hesab edərək, müddətin bərpası barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, ididia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: -ƏMDK yanında DƏDRX-nin verdiyi 23.11.2018-ci il tarixli çıxarışdan görünür ki, Xızı rayonu, Altıağac qəsəbəsi ünvanında yerləşən 2 ha torpaq sahəsinin mülkiyyətçisi mərhum X4r. -ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki X5 21.08.2019-cu il tarixdə beyin qan dövranının pozulması səbəbindən ölmüşdür -nikah haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X5 arasında 20 avqust 2002-ci il tarixli, 383 saylı nikah qeydi vardır. -Sumqayıt şəhəri Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən iddiaçıya ünvanlanmış 06 may 2021-ci il tarixli, 1298 nömrəli məktubundan görünür ki, 21.08.2019-cu ildə ölmüş X2 Xızı rayonu, Altıağac ünvanında yerləşən miras əmlakının qəbulu ilə əlaqədar müddəti ötürmüşdür. Müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı Sumqayıt şəhəri Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə mərhum arvadı X1 miras qalmış əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. Lakin notariat ofisi imtina etmişdir, ona görə ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmışdır. İddiaçının hüquqi savadı olmadığı üçün mirasın qəbul etmə müddətinin miras qoyanın ölümündən 3 ay ərzində olduğunu bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Belə ki, İddiaçı X2 qanun üzrə birinci növbə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə iddiaçının mərhum Firəngiz Bağırovanın qanun üzrə birinci növbə vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 21.08.2019-cu ildə ölmüş X1 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və uzadılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 21 avqust 2018-ci ildə ölmüş X2 mülkiyyətində olmuş Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinə dair miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılsın və uzadılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-4761/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4761/2021
08.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver