Məhkəmə qərarları › İş №2(060)-477/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-477/2021

16.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-477/2021 16.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X3 iştirakı ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 3.000 manat kompensasiya verilməklə onun ünvan 1 ünvanında olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzil 21.06.2001-ci il tarixdən onun mülkiyyətindədir. Cavabdeh onun qızıdır. Keçmiş həyat yoldaşı X4 ilə aralarında bağlanmış nikah qeydi 2004-cü ildə məhkəmə qaydasında ləğv olunmuş, cavabdeh anasının himayəsinə verilmişdir. Elə həmin vaxtdan bu günə qədər cavabdeh bir gün də olsun onun mülkiyyətində olan mənzilində yaşamamışdır. Ona görə də, hesab edir ki, cavabdehin yaşayış-istifadə hüququna kompensasiya verilməklə xitam verilməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, cavabdeh 2008-ci ildə bir neçə ay mübahisəli mənzildə onunla birgə yaşamış, pasport qeydiyyatına düşdükdən sonra yenidən anasının yanıa qayıtmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddiaçının izahatına uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı onun atası olduğunu, valideynləri arasında nikahın pozulduğunu, nikah pozulduqdan sonra anasının yanında qaldığını və onlar Bakı şəhərində yaşamağa davam etdiyini, 2008-ci ildə o, mübahisəli mənzildə bir neçə ay yaşadığını, mənzilə pasport qeydiyyatına düşdüyünü, sonra isə yenidən anasının yaşadığı ünvana qayıtdığını bildirdi. O, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmədə şahid X2 ifadə verərək bildirdi ki, o, 1995-ci ildən Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 32/6, mənzil 7-də yaşayır. Həmin vaxtdan Cavabdeh görməmişdir. Məhkəmədə şahid X6 ifadə verərək bildirdi ki, o, 1990-ci ildən Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 32/6, mənzil 1-də yaşayır. Cavabdeh tanımır, onun mübahisəli mənzildə yaşaması barədə məlumatı yoxdur, lakin İddiaçı və onun həyat yoldaşı mübahisəli mənzildə yaşayır. Mənzildə Cavabdeh ümumiyyətə görməmişdir. Məhkəmədə şahid X9 ifadə verərək bildirdi ki, o, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 32, mənzil 9-da yaşayır. Cavabdeh tanımır, lakin İddiaçı mübahisəli mənzildə yaşayır. Mənzildə Ülviyyəni ümumiyyətə görməmişdir. Məhkəmədə şahid X7 ifadə verərək bildirdi ki, o, iddiaçı Allahverdinin qardaşıdır. Mübahisəli mənzildə Ülviyyənin yaşadığı barədə məlumatı yoxdur. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin və cavabdehin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin verdiyi qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 32/6 saylı evin 3 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdur və daşınmaz əmlak üzərində hüquq Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin dövlət reyestrində 14 nömrəsi ilə qeydiyyata alınmışdır. - Həmin sənəddən görünür ki, iddiaçı bu mənzili 21.06.2001-ci il tarixdə alqı-satqı müqaviləsi ilə almışdır. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 7 saylı Mənzil Kommunal Səhəsinin 1079 nömrəli arayışından görünür ki, Cavabdeh 1988-ci il tarixdən Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 32/6 saylı evin, 3 saylı mənzilində pasport qeydiyyatındadırlar. - İş materiallarında olan Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 32/6 saylı binanın sakinləri tərəfindən 22.08.2020-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, həmin bu aktı imzalayan sakinlər Cavabdeh sözügedən mənzildə görmədiklərini bildirmiş və bunu öz imzaları ilə təsdiq etmişdirlər. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin direktotu Həsənova X.Ə tərəfindən verilmiş 16.07.2021-ci il tarixli, 203 №-li arayışdan görünür ki, Cavabdeh 01.09.1995-ci il tarixində Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin 1 D sinfinə daxil olub və 21.12.2000-ci il tarixli, 233 №-li əmrə əsasən 6 B sinfindən çıxıb və Bakı şəhər 150 №-li tam orta məktəbə getmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosuna ünvanlanmış 01.09.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 3isinin xüsusi notariusunun 18 iyun 2019-cu il tarixli 2V-120 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh 1/2 hissə paylı mülkiyyət hüququ 05 avqust 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin Sumqayıt Regional Vəkil Bürosunun vəkili Salman Qasımova ünvanlanmış 23.08.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh 16.07.2008-ci il tarixindən, ünvan 1 ünvanına qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 5-ci mkr., ev 32/6, 3 saylı mənzil 21.06.2001-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdeh onun qızıdır. İddiaçının nikahı pozulduqdan sonra cavabdeh anasının yanında qalmış və onlar Bakı şəhərində yaşamağa davam etmişlər. 2008-ci ildə Cavabdeh mübahisəli mənzildə bir neçə ay yaşamış, pasport qeydiyyatına düşmüş, sonra isə yenidən anasının yaşadığı ünvana qayıtmış və bundan sonra iddiaçıya məxsus mənzildə yaşamamışdır. Cavabdehin paylı mülkiyyət hüququ əsasında fərdi yaşayış evi mövcuddur. O, kompensasiya məbləğini mübahisələndirmir, belə ki, ümumiyyətlə iddianı qəbul etmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə 21 oktyabr 2005-ci il tarixli, 1038-İİQD №-li Qanunla 228.5-ci maddə əlavə edilmişdir. Bu Qanun 2005-ci il noyabrın 1-dən qüvvəyə minmişdir. (“Azərbaycan qəzeti”, 14 dekabr 2005-ci il) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Həmin qərarda göstərilir ki, belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək. sadalanan qanunvericilik normalarına əsaslanaraq və onların tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh mübahisəli mənzildə uzun müddət yaşamadığından, paylı mülkiyyət hüququ ilə özünə məxsus olan evdə yaşadığından, mübahisəli yaşayış sahəsinə ehtiyacı aradan qalxdığından iddia əsaslıdır. Qanunvericiliyin cavabdehin mübahisəli mənzildən istifadə hüququna kompensasiya verilmədən xitam imkanını nəzərdə tutduğuna baxmayaraq, məhkəmə, iddiaçının belə bir ödəniş etmək istəyini onun iradə ifadəsi kimi qəbul edir və bu baxımdan, həmçinin cavabdehin mübahisələndirməməsini nəzərə alaraq kompensasiya məbləğini məqbul hesab edir. Beləliklə, məhkəmə hesab ki, İddiaçı Cavabdeh 3.000 manat kompensasiya verilməklə Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 32/6 saylı evin, 3 saylı mənzilinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 3.000 (üç min) manat kompensasiya ödənilməklə, onun Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 32/6 saylı evin, 3 saylı mənzilinə istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay kecdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar