Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4774/2024 16.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı iddia qaldıraraq, abunə kodu **********03185 olan ünvan 1 ünvanına dair 400 manat məbləğində keçmiş borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxx 1991-ci il tarixdə anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda yaşayır. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdeh "xxxx" ASC tərəfindən abunə kodu **********03185 olan ünvan 1 ünvanına dair 400 manat məbləğində keçmiş borclar adı ilə yazılmış borcun silinməməsi ilə bağlıdır. Belə ki, cavabdehə bir neçə dəfə həmin borcun silinməsi ilə bağlı dövlət tərəfindən göstəriş olduğunu və silmələrini tələb etsə də, bu günə kimi həmin borc silinməmişdir. Bu isə onun mənzil ilə bağlı bir sıra hüquqlarını həyata keçirməyə mane olur. Belə ki, mənzili satmaq, bağışlamaq və s. digər hüquqları həyata keçirmək istədikdə həmin borcu ödəməli olur. Bu borcun hansı əsasla hesablanması barədə heç bir məlumatı yoxdur, eləcə də cavabdehin bununla bağlı əsası yoxdur. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Sayğac mənzilin keçmiş sahibinin adına rəsmiləşdirilmiş, sayğacı öz adına rəsmiləşdirmək istədikdə isə qeyd olunan borcun olması məlumu olmuşdur. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, borc keçmiş borcdur. Sayğacı öz adına rəsmişlədirmək istəsə də, borcu olduğuna görə bunu etmək mümkün deyildir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 izahatında bildirdi ki, iddiaçının silinməsini tələb etdiyi borc keçmiş borcdur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən qeyd olunan borc dondurulmuşdur. Tədqiq olunan sübutlar:
5. Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış 24 aprel 2024-cü il tarixli, 39 nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”ndən görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, yataqxana 3, SMP-518 nömrəli evdə, 52 nömrəli mənzildə yerləşən, dövlət mənzil fonduna aid 1 otaqlı yaşayış sahəsi haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçi İddiaçı sahibliyinə və istifadəsinə verilmişdir.
6. Abunə haqqında məlumatdan görünür ki, ünvan 1 ünvanında elektrik enerjisindən istifadəyə görə xx.xx.2023-cü il tarixə 400 manat məbləğində keçmiş borc vardır.
Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
-425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın:
-7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. -7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. -8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. -8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. -9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
10. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi S.Bəhlulzadə küçəsi, yataqxana 3, SMP-518, 52 saylı mənzil 24 aprel 2024-cü il tarixli, 39 nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” ilə müəyyən edilmiş şərtlərlə kirayəçi İddiaçı sahibliyinə və istifadəsinə verilmişdir. Qeyd olunan ünvanda elektrik enerjisindən istifadəyə görə xx.xx.2023-cü il tarixə 400 manat məbləğində keçmiş borc vardır.
11. Məhkəmə hesab edir ki, 400 manat məbləğində yaranmış borc abunə haqqından çıxarışda keçmiş borclar kimi qeyd edilməklə, həmin borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanmasının, borcun yaranması əsasının və borcun həqiqətən mövcud olub-olmamasını iş materiallarına əsasən müəyyən etmək mümkün olmadığından həmin məbləğ iddiaçıdan tələb edilə bilməz.
12. Məhkəmə hesab edir ki, hal-hazırda cavabdeh ASC tərəfindən ödənilməsi iddiaçıdan tələb edilməyən borc məbləğinin iddiaçıya məxsus abonent məlumatlarında öz əksini tapması iddiaçının bir istehlakçı kimi hüquqlarını məhdudlaşdırır.
13. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 1 ünvanı üzrə elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 400 (dörd yüz) manat borc cavabdeh "xxxx" ASC tərəfindən **********03185 saylı abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməlidir.
Nəticə:
14. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 400 (dörd yüz) manat məbləğində keçmiş borc **********03185 saylı abunə hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva