Məhkəmə qərarları › İş №2(060)-4778/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4778/2024

09.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4778/2024 09.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanına (abonent kodu: **********2190) Cavabdeh tərəfindən 27 yanvar 2023-cü il tarixində ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin akta əsasən 1036,80 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən ona hesablanmış borc ilə razı deyil və həmin borcun silinməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd etmək istəyir ki, sayğac evinin daxilində deyil, küçədə yerləşir. Bundan əvvəl kartla sayğacları olmuşdur. Vaxtlı-vaxtında da işlətdikləri qaza görə sayğaca pul yükləmişdirlər. Sonra qaz işçiləri gəlmiş, sayğaclarını çıxarmış və aparmışlar. Bundan onların xəbərləri olmamışdır ki, nə üçün çıxartmış və hara aparmışlar. Bir müddət sonra gətirmiş və yeni sayğac qoymuşlar. Sonradan onlara borc gəlmişdir. Halbuki, sayğac çıxarılan zaman onda heç bir problem aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan akt əsasında yazılmış və ona əsasən də itirilmiş qazın bərpası üçün 1036,80 manat hesablanmışdır. Aktda da qeyd olunmuşdur ki, guya sayğacın çıxış plastmas borusu deşilmişdir. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyada -100% nisbi xəta ilə işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həçmini qeyd etmir. Sayğac istismara yararsızdır. Bildirmək istəyir ki, onlar tərəfdən sayğaca heç bir müdaxilə edilməmişdir. Həm sayğac çıxarılan zaman plomblar yerində olmuşdur. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən onun yaşadığı ünvan 1 ünvanına (abonent kodu: 0**********2190) 27 yanvar 2023-cü il tarixli, ******* saylı aktla hesablanmış 1036,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, o, borcun hesablanmasını əsassız hesab edir. Sayğaca müdaxilə etməmişdir.

4. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, mənzilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilmiş və xətalar normadan artıqdır. Ona görə də itirilmiş qazın bərpası üçün məbləğ hesablanmışdır. Ona görə də iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğaca baxış keçirən zaman çıxış plastmas borusunun deşik olduğu, xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi, sayğacın istismara yararsız olması məlum olmuşdur.

7. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 iyun 2018-ci il tarixli, AZ-İ seriyalı, 947600 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 30 may 2018-ci il tarixdə Sumqayıt şəhərində ürəyin hipertenziv xəstəliyi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin 06-cı ayının 21-ci günündə 1083 nömrə ilə qeyd edilmişdir.

8. İş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş “dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli il tarixli tələbnamədən görünür ki, istehlakçı X1 ******* saylı, xx.xx.2023-cü il tarixli akt əsasında sayğaca baxış keçirən zaman çıxış plastmas borusunun deşik olduğu, xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi, sayğacın istismara yararsız olması məlum olmuşdur. ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün 8640 kubmetr qaz itkisi hesablanmışdır.

9. İş materiallarındakı Hacıyev Məmmədağanın adına olan 0**********2190 saylı abonentin saldosundan görünür ki, “Qalıq və aktlar” əsasında 01/2023-cü il üzrə 1036,80 manat borc yazılmışdır, ünvan üzrə sayğac Zenner G4T Smart tiplidir, quraşdırılma tarixi xx.xx.2022-ci ildir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı aid qaz sərfiyyatını hesablayan sayğacın sayğaca baxış keçirilmiş, sayğacın çıxış borusunun deşik olduğu aşkar edilmiş və yoxlamanın nəticəsində xx.xx.2023-cü tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akta əsasən komissiya tərəfindən İddiaçı 8640 kub metr əlavə sərfiyyat hesablanaraq 1036,80 manat borc yazılmışdır. Hazırda iddiaçı borcun silinməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

13. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

14. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir.

15. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

16. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

18. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.

19. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

20. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəliqərarı il təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktda (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir.

22. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

23. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

24. Eyni Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

25. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

26. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

27. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır.

28. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanlarıvə məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.

29. İşin materiallarından da göründüyü kimi qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır.

30. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən iddia tələbi təmin edilməli, İddiaçı 0**********2190 saylı abunə hesabından Cavabdeh İB tərəfindən xx.xx.2023-cü tarixli, ******* saylı akt üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat borc silinməlidir.

31. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab verərək hesab edir ki, iddia təmin edildiyindən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddianın qiyməti 10000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə 30,36 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilməlidir.

32. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

33. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

34. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

36. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı 0**********2190 saylı abunə hesabından Cavabdeh İB tərəfindən xx.xx.2023cü tarixli, ******* saylı akt üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat borc silinsin. Cavabdeh İB-dən 30.36 (otuz manat otuz altı qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar