Məhkəmə qərarları › İş №2(060)-4830/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4830/2021

28.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4830/2021 28.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı “borc məbləğinin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı “borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60.4 kvadrat metr təşkil edən qeyri-yaşayış binasında quraşdırılmış sayğacla bağlı cavabdeh «Azəriqaz» İB tərəfindən tərtib edilmiş 31.05.2020-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 864 manat məbləğində borcun silinməsi və sözügedən qeyri-yaşayış binasına təbii qaz təchizatının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60.4 kvadrat metr təşkil edən qeyri-yaşayış binası 2015-ci ilin avqust ayından onun xüsusi mülkiyyətindədir. Həmin tikilini o, 19 avqust 2015-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən almışdır. Sözügedən qeyri-yaşayış obyektini aldıqdan sonra orada tərəfindən hər hansı fəaliyyət göstərilməmişdir və obyekt bağlı vəziyyətdə qalmışdır. Sözügedən obyekt onu əldə etməmişdən bir neçə il əvvəl bağlanmış və faktiki olaraq fəaliyyət göstərməmişdir. 2020-ci ilin yanvar ayında “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən ona məxsus qeyri-yaşayış obyektində quraşdırılmış qaz sayğacı dövrü yoxlamadan keçirilmək məqsədi ilə onun iştirakı olmadan çıxarılıb aparılmış və sonradan guya qaz sayğacına müdaxilə edildiyi bəhanəsi ilə 31 may 2020-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq akt tərtib edilmişdir. Həmin aktda sayğacın proqramında 26 sentyabr 2011-ci il tarixdə “Alarm 1” qeydə alındığı və bununla da sayğaca müdaxilə edildiyi göstərilərək dəymiş ziyan kimi 864(səkkiz yüz altmış)manat məbləğində pul vəsaiti hesablanmışdır. O bu barədə bir müddət əvvəl məlumatlı olmuş,belə ki,qeyri-yaşayış obyektini işlətmək üçün hazırlığa başlarkən qaz sayğacının qaytarılıb yerinə quraşdırılmadığını müəyyən etmiş,bununla bağlı aidiyyəti üzrə cavabdehə müraciət etdikdə ona müvafiq sənədlər təqdim olunaraq qaz sayğacına müdaxilə nəticəsində dəymiş ziyan olaraq 864 manat məbləğində pul vəsaitinin ödənilməsi tələb olunmuşdur. Halbuki, onun tərəfimdən qaz sayğacına hər hansı müdaxilə edilməmiş, müdaxilənin edildiyi iddia olunan 26 sentyabr 2011-ci il tarixdə isə sözügedən obyekt onun deyil, “Karqotrans-2005 Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olmuşdur. Bu səbəbdən hesab edir ki, ziyan olaraq hesablanmış pul məbləğinin ondan tələb edilməsi və çıxarılmış qaz sayğacının yerinə quraşdırılmayacaq təbii qaz verilişinin dayandırılması əsassız olmaqla yanaşı, onun hüquqlarımı və qanuni maraqlarını pozmuşdur. Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələrinin əsassız və qanunazidd hərəkətləri nəticəsində o öz mülkiyyətimdə olan qeyri-yaşayış obyektindən təyinatı üzrə istiifadə etmək imkanından məhrum edilmişdir. Dəfələrlə aidiyyəti üzrə şifahi qaydada etdiyi müraciətlər nəticəsiz qaldığından, o rəsmi qaydada cavabdehə yazılı müraciət edərək yol verilmiş qanunsuzluğun aradan qaldırılmasını, əsassız hesablanmış pul məbləğinin sılınərək sayğacın yerinə qaytarılmasını tələb etsə də, bu müraciət nəticəsiz qalmışdır. Bu səbəbdən o məhkəməyə iddia ərizəsi ilə müraciət edərək öz pozulmuş hüququnun qanunvericiliklə müəyyən edilmiş hüquqi müdafiəsi üçün tədbirlər görmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbi əsassızdır, onlar laboratoriya rəyinə əsaslanırlar. 2011-ci ildə Sayğaca müdaxilə olunmuşdur və bu barədə 31 may 2021-ci tarixli rəydə qeyd olunur. Sayğacda Alarm-1 rejimi qeydə alınmışdır və bu rejim zamanı sərfiyyat qeydə alınmır. Bu səbəbdən də bu barədə müvafiq akt tərtib edilmiş və əsaslı olaraq mübahisələndirilən borc məbləği hesablanmışdır. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 31.05.2020-ci il tarixli, ******* №-li aktda qeyd olunur ki, Sumqayıt şəhəri, Novxanı şossesində yerləşən istehlakçı "xxxx" MMC dispetçer məntəqəsinə məxsus sayğacın yoxlanması zamanı 08 may 2020-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laborotoriyasında baxış keçirildi və aşağıdakılar sayğacın klapanı bağlıdır, ekranda bağlı işarəsi var. OFF rejimindən çıxarıldı. Klapan açıldı. Xətalar normaya uyğundur. Sayğacın arxiv yaddaş proqramı oxundu. 26.09.2011-ci il tarixində Alarm 1 rejimi qeydə alınıb. (1002AQ**********0) Dəymiş ziyan hesablansın. Abonentin Saldosundan görünür ki, "xxxx" MMC dispetçer məntəqəsinin (abonent kodu **********00001) akta görə 863,30 manat borc hesablanmışdır. Qaz Təhcizatı haqqında Qanunun 13-cü maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.2 bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7 bəndə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8 bəndə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9 bəndə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 6.5-ci bəndə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7 bəndə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərilir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbi ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın dəyişdirilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Məhkəmə qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısının hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin işin faktiki hallarından göründüyü kimi mübahisələndirilən qeyri yaşayış sahəsi 22 avqust 2015-ci il tarixdə iddiaçının mülkiyyətinə keçmişdir. Həmin qeyri yaşayış sahəsi üzrə qaz sayğacına görə **********00001 saylı abonent kodu "xxxx" MMC adına qeydə alınmış və 864 manat borc hesablanmışdır. Akta görə hesablanmış 864 manat borc məbləği 26.09.2011-ci il tarixində Alarm 1 rejimi qeydə alınması ilə bağlı yaranmışdır. Həmin borc cavabdeh təşkilat tərəfindən binanın yeni mülkiyyətçisi olan iddiaçıdan tələb olunduğundan iddiaçı araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, qeyri yaşayış binasının əvvəlki mülkiyyətçisinin abonent hesabına hesablanmış borca görə məsuliyyətin yeni mülkiyyətçi olan iddiaçının üzərinə qoyulması və həmin borc məbləğinin iddiaçının abonent hesabına hesablanması əsaslı hesab edilə bilməz. Binanın yeni mülkiyyətçisi olan iddiaçı həmin əmlakı alarkən borc barədə məlumatı olmadığından əmlakı yüklülüklə qəbul etmiş sayıla bilməz. Məhkəmə qaz sərfiyyatına görə əvvəlki mülkiyyətçiyə aid borcun həmin binanın yeni mülkiyyətçi olan iddiaçıdan tələb edilməsini eyni zamanda mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitutsiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara hüquq normalarının göstərişlərinə uyğun olaraq məcmu halda qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə hesablanmış 864 manat borc silinməli və həmin qeyri-yaşayış sahəsinə qaz təchizatı bərpa edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə hesablanmış 864 (səkkiz yüz altmış dörd) manat borc silinsin və həmin qeyri-yaşayış sahəsinə qaz təchizatı bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar