Məhkəmə qərarları › İş №2(060)-484/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-484/2022

11.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-484/2022 11.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İB-ə qarşı «akt əsasında hesablanmış əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-ə qarşı «akt əsasında hesablanmış əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 23, mənzil 21-də istifadə olunan qaza görə 24.08.2021-ci il tarixli, ******* nömrəli akt əsasında qanunsuz hesablanmış 216 manat(iki yüz on altı manat) məbləğində borcun və yeni sayğacın quraşdırılmasına görə hesablanmış 185.73 manat (yüz səksən beş manat, yetmiş üç qəpik) məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 23 nömrəli evin, 21 saylı mənzili ona məxsusdur. Qaz sayğacı binanın blokunda açıq və qorunması mümkün olmayan yerdə yerləşir. Qaz sayğacının çıxarılması onun iştirakı olmadan aparılmışdır. 24.08.2021-ci il tarixli təbii X1nın pozulması haqqında 224875 nömrəli aktla ona məxsus mənzildə istifadə olunan G- 4 markalı 1502AZ**********23 nömrəli qaz sayğacına müdaxilə olunduğu-sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıq olduğu qeyd olunmuşdur. 03.09.2021-ci il tarixli məktuba əsasən isə onun sayğaca müdaxilə etməsi əsas gətirilərək yeni qoyulmuş sayğaca görə 185.73 manat və itirilmiş qaza görə isə 216 manat tələb etmişlər. O qaz idarəsindən bu aktı alandan sonra şifahi şəkildə bildirilmişdir ki, bu həmin sayğaca müdaxilə olunması şübhəsi yaradır. Bu absurd bir yanaşmadır. Məlumat üçün bildirir ki, sayğacın plombuna hər hansı bir müdaxiləsi olmamışdır. Əgər müdaxilə olunubsa belə bu müdaxilənin onun tərəfindən edilməsinin dəqiq olaraq müəyyən olunması hansı əsasla aydınlaşdırıla bilər. Əlavə olaraq da bildirir ki, akt onun tərəfindən imzalanmamış və qeydlər edilməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, mənzildə istifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən ona məxsus mənzilin daxilində deyil, qaz sayğacı mənzildən kənarda yəni binanın blokunda yerləşir. Bu səbəbdən həmin sayğacın hər hansı müdaxilədən qorunmasının onun tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Buna baxmayaraq cavabdeh Təşkilat tərəfindən 25 avqust 2021-ci il tarixində dəymiş ziyanın bərpasına dair Tələbnamə tərtib edilmişdir. Aktın surəti o tələb edəndən sonra ancaq ona təqdim olunmuşdur. Qeyd olunan akt əsasında əsassız olaraq ona 185.73 manat məbləğində borc hesablanmışdır. Əsassız olaraq cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunması ilə günahlandırılmışdır və əsassız olaraq ona borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə bildirsə də hər hansı bir nəticəsi olmamışdır. Əksinə ona qarşı qərəzli mövqe saxlayan cavabdeh onun arqumentlərinə əhəmiyyət verməmişdir. Hansı əsasla, hansı qanunvericilik müddəasına görə qaz sayğacına olan müdaxiləyə görə onun məsuliyyət daşımalı olduğunu izah edə bilməmişlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirsakçılarını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan 24.08.2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 23 nömrəli evin, 21 saylı mənzilindən çıxarılmış qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və verilmiş rəyə görə sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıq olduğu üçün sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. İş materiallarında olan 25.08.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı məxsus olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, 23 nömrəli evin, 21 saylı mənzilinə 2160m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki Sumqayıt şəhəri, 6-cı mikrorayon, 23 nömrəli evin, 21 saylı mənzilinə 216 manat borc hesablanmışdır. İş materiallarında olan 01/01 MS-11-1142 nömrəli, 12.11.2021-ci il tarixli bildiriş məktubundan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 23 nömrəli evin, 21 saylı mənzilinə məxsus müdaxilə edilmiş sayğacın dəyəri olan 185.73 manat məbləğində pulun İddiaçı tərəfindən ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X1”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı Sumqayıt şəhəri, 6-cı mikrorayon, 23 nömrəli evin, 21 mənzilinə quraşdırılmış sayğacın qorunub saxlanmasına cavabdehlik daşımadığından, həmin mənzilə dair tərtib edilən 24.08.2021-ci il tarixli, ******* nömrəli akt əsasında qanunsuz hesablanmış 216 manat məbləğində borc və 185.73 manat sayğacın dəyəri olan borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Təbii X1nın pozulması haqqında 24.08.2021-ci il tarixli, ******* saylı Akt əsasında Sumqayıt şəhəri, 6-cı mikrorayon, 23 nömrəli evin, 21 nömrəli mənzilinə (abunə kodu: **********00210) hesablanmış 216 manat borc və sayğacın dəyərinə görə tələb edilən 185.73 manat borc silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar