Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4842/2024 16.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi Məhkəmə iclas katibi Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən abunə kodu **********01085 olan ünvan 1 ünvanına dair 1135 manat məbləğində keçmişə doğru M-K sərfiyyatı borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx xxxx 1983-cü il tarixdə anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda yaşayır. Hazırki idda ərizəsi ilə müraciətinin səbəbi cavabdeh "xxxx" ASC tərəfindən abunə kodu **********01085 olan ünvan 1 ünvanına dair 1.135 manat məbləğində keçmişə doğru M-K sərfiyyatı adında borcun silinməməsi ilə bağlıdır. Belə ki, cavabdehə bir neçə dəfə həmin borcun silinməsi ilə bağlı dövlət tərəfindən göstəriş olduğunu və silmələrini tələb etsə də bu günə kimi həmin borc silinməmişdir. Bu isə onun mənzil ilə bağlı bir sıra hüquqlarını həyata keçirməyə mane olur. Belə ki, mənzili satmaq, bağışlamaq və sair digər hüquqları həyata keçirmək istədikdə həmin borcu ödəməli olur. Bu borcun hansı əsasla hesablanması barədə heç bir məlumatı yoxdur. Eləcə də cavabdehin bununla bağlı əsası yoxdur. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd edir ki, sayğac mərhum həyat yoldaşı Səmədov Ceyhun Habil oğlunun adına rəsmiləşdirilmişdir. Onun vəfatından sonra sayğacı adına rəsmiləşdirmək istədikdə isə qeyd olunan borcun olduğunu öyrənmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, borc tələb olunmamışdır. Evin adına keçirilməsi üçün borcun silinməsini istəyir. Asan xidmətə getdikdə borcun olduğu bildirilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən hazırlıq iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Ceyhun həyat yoldaşıdır. Ayın 6-da rəhmətə getmişdir. Onlardan əvvəlki qaçqın borcudur. Limitdən artıq olmuşdur. Sonradan borc onlara keçmişdir. Evi 2011-ci ilin aprel ayında almışlar. Sonradan borcun olduğunu öyrənmişlər. Borc məbləğini həyat yoldaşı vəfat etdikdən sonra sayğacı öz adına keçirmək istəyərkən tələb etmişlər. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan abunə haqqında saldodan müəyyən edilir ki, Səmədov Ceyhun Habil oğluna məxsus Sumqayıt şəhəri, İnşaatçılar, Ev(Bina):0500, mənzil:1085-ə enerji sərfiyyatına görə 11 noyabr 2017-ci il tarixinə keçmişə doğru M-K sərfiyyat əsasında inteqrasiya dövr borcu, ümumilikdə 1135 (bir min yüz otuz beş) manat borcu qalmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Səmədov Ceyhun Habil oğlu ilə X3 arasında 16 dekabr 2005-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra da qadına Səmədova soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Səmədov Ceyhun Habil oğlu xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan arayışdan görünür ki, Səmədova X2 ərazisi, 1 saylı, İnşaatçı məhəllə komitəsinin əhatəsində 211 nömrəli evdə yaşayır. İddiaçı həyat yoldaşı Səmədov Ceyhun Habil oğlu Sumqayıt şəhəri, 211 nömrəli fərdi evində onun himayəsində olmuş və birgə yaşamış, 06 aprel 2024-cü il tarixdə vəfat etmişdir. Onun dəfn mərasiminin xərci həyat yoldaşı İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər və işin araşdırılan hallarına əsasən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı Sumqayıt şəhəri, Beton zavodu üzrə 1 saylı «İnşaatçılar» məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 211 nömrəli ev (abunə kodu: **********01085) ünvanına 11 noyabr 2017ci il tarixdən işlədicilərin gücünə görə keçmişə doğru M-K sərfiyyat əsasında ümumilikdə 1135 (bir min yüz otuz beş) manat borc hesablanmışdır. İddiaçı həmin məbləğin silinməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindənyol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaları”nın 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki iş materiallarından da müəyyən olunduğu kimi iddiaçının elektrik enerjisinə görə olan borcu sayğac əsasında, iddiaçının müdaxiləsi və ya digər qanunsuz hərəkəti nəticəsində yaranmış borc olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya məxsus mənzilə hesablanmış 1135 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, Beton zavodu üzrə 1 saylı «İnşaatçılar» məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 211 nömrəli ev (saldo üzrə Sumqayıt, İnşaatçılar, ev(Bina):0500, mənzil:1085, abunə kodu: **********01085) ünvanına enerji sərfiyyatına görə əsassız olaraq hesablanmış 1135 (bir min yüz otuz beş) manat borc silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 31,35 (otuz bir manat otuz beş qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4842/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4842/2024
16.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver