Məhkəmə qərarları › İş №2(060)-4850/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4850/2022

05.12.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4850/2022 05.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh “X4” (Oba Market) MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “X4” (Oba Market) MMC-yə qarşı məzuniyyət pulu və əmək haqqından tutulmaların ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh «X4” (Oba Market) MMC-yə qarşı məzuniyyət pulu və əmək haqqından tutulmaların ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4” MMC-nin əmək haqqı və məzuniyyət pulundan tutduğu 1083 manat məbləğində pulun ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, «X4” MMC şirkəti ilə xx.xx.2016-cı il tarixində əmək müqaviləsi bağlamış, inzibatçı vəzifəsində çalışmışdır. Şirkətdə işləmə şərtləri çox ağır olduğuna görə (ağır yüklər qaldırmaq, gün ərzində on saatdan çox çalışmaq və s.) xx.xx.2018-ci il tarixində ərizə yazıb işdən çıxmışdır. İnzibatçı kimi əmək haqqı hər ay 700-800 manat dəyişsə də, rəsmi əmək haqqı kimi ona 175 manat hesablanmış (vergi qaçaqçılığı edilmiş), qalan məbləğ isə ona verilən kart hesabına köçürülmüşdür. 2018-ci ilin yanvarında isə o, maaşının əskik gəldiyini görmüşdür. Daha sonra öyrənmişdir ki, bu 2017-ci ilin sonlarında axşam saatlarında aparılan sayımlardan biri ilə bağlıdır. Belə ki, bu sayımdan sonra hər zamankı kimi sayımı aparan şəxslər onun özünün də yenidən sayım apara biləcəyini demişdilər. Amma həmin zaman artıq o, 11 saat idi ki işdə idi və təbii olaraq yenidən sayım apara bilməzdi (bu proses saatlar tələb edir). Beləliklə, onların etdiyi sayımın düzgün olmadığı halda o, buna etiraz etmək hüququndan birmənalı olaraq məhrum olmuşdur. 2018-ci ilin yanvar ayında onun maaşından əskilmə olduqda onun bundan heç bir xəbəri olmamışdır. Halbuki əgər intizam xətası baş versəydi, onlar bunu rəsmiləşdirilməli və ona lazımi məlumat verməli, daha sonra ondan tutulmalar aparmalı idilər. Belə bir xəbərdarlıq olmadan onlar onun maaşından külli miqdarda pul tutmuşlar (1083 manat). Qeyd edir ki, bu məsələyə dair onlar daha sonra Laçın Rayon Məhkəməsinə müraciət etmiş və əlavə tutulmaların olması üçün iddia qaldırmışlar. Lakin Məhkəmə iddia müddətinin ötməsi səbəbilə bu iddianı təmin etməmişdir. Bu işdə isə iddia müddəti ötmüş hesab edilə bilməz. Belə ki, o hüququnun pozulması faktı ilə məhz məhkəmə qərarı səbəbi ilə tanış olmuşdur. Məhkəmə qərarından əvvəl bu tutulmanın cüzi məbləğdə olduğunu düşünsə də, qərarda ondan 1083 manat tutulduğu qeyd edilmişdir. Məhkəmənin də işdə qeyd etdiyi kimi ondan 1083 manat tutulma olmuşdur. Bu tutulmalar onun əmək haqqı və məzuniyyət pulundan edilmişdir. İşdən çıxan zaman ona cəmi 85 manat məzuniyyət pulu verilmişdir, halbuki onun əmək haqqı hər ay 700-800 manat arası dəyişmişdir. O isə bu qədər tutulma olmasından xəbərdar deyildi. Onlar həmin tutulmaları onun işdən çıxan zaman əsl verilməli olan məzuniyyət pulundan tutmuşdurlar. Bu isə ona aydın deyildi. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “X4” (Oba Market) MMC məhkəməyə etiraz ünvanlayaraq 2(060)- 4350/2022 saylı mülki iş üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək haqqı və məzuniyyət pulundan tutulan 1083 AZN məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, əmək haqqının əksik məbləğdə ödənildiyini 2018-ci ilin yanvar ayında müəyyən edib və məbləğin az olmasını onun çalışdığı mağazada 2017-ci ildə aparılmış yoxlama ilə əlaqədar olduğunu öyrənmişdir. İddiaçının iddia ərizsinə əlavə etdiyi Laçın rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(047)-247/2021 saylı qətnaməsində də qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixdə İddiaçı çalışdığı OBA-Bakıxanov 2 mağazasında inventarizasiya yoxlaması keçirilmiş və iddiaçı tərtb edilmiş aktı imzalamaqdan və izahat verməkdən imtina etmişdir. Buradan aydın şəkildə görünür ki, iddiaçı invertarizisiya ilə bağlı etiraz etmək hüququndan məhrum edilməmişdir. Hazırki etiraza əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 514-K saylı əmrdən çıxarışdan, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişdən və iddiaçı tərəfindən işəgötürən “X4" MMC-yə ( hazırda ‘‘OBA Market” MMC) verilmiş xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, İddiaçı ilə işəgötürən arasında imzalanmış əmək müqaviləsinə 16.11.201 8-ci il tarixdə işçinin öz xahişi ilə xitam verilmişdir. Etiraza əlavə edilmiş və İddiaçı tərəfındən imzalanış xx.xx.2018-ci il tarixli iltizamdan məlum olur ki, iddiaçı işdən çıxdığı gün ona son haqq hesab ödənilmişdir və onun “X4” MMC-yə qarşı heç bir maddi və mənəvi tələbi yoxdur. Nəzərə çatdırılır ki, İddiaçı hüququnun pozulduğunu iddiasında qeyd etdiyi kimi Laçın rayon Məhkəməsində işə baxılarkən deyil, əmək müqaviləsinə xitam veriləndən də əvvəl, yəni 2018-ci ilin əvvəlində bilmişdir ki, bununla da Əmək Məcəlləsi ilə müəyyən edilmiş iddia müddətini üzürsüz səbəb olmadan ötürmüşdür. Yuxarıda qeyd edilənlərə əsasən hesab edilir ki, İddiaçı məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndi ilə müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün hüquqlarının pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ili ərzində məhkəməyə müraciət edə biləcəyi halda qanunvericiliklə müəyyən olunmuş iddia müddətini üzürlü səbəb olmadan ötürməklə məhkəmədə iddia qaldırmışdır. Qeyd edilənlərə əsasən, İddiaçı Cavabdeh MMC-yə qarşı 1083 (bir min səksən üç) AZN məbləğində əmək haqqının və məzuniyyət pulunun ödənilməsinə dair iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və və əlavə olaraq qeyd etdi ki, 2018-ci ildə onun əmək haqqından tutulmalar olmuş və bu hal iki dəfə ardıcıl olaraq davam etmişdir . O, üçüncü dəfə maaşından tutulma olacağı təqdirdə işdən çıxacağını cavabdehə bildirmişdir və qeyd etdiyi kimi, eyni hal üçüncü dəfə təkrarlandığına görə o, işdən çıxmışdır. Hətta ümumi əlbəəl verilən məbləğdən də tutulma olmuşdur. Qeyd edir ki, o, mağaza müdiri işləmişdir. O, maaşından olan tutulmaların cüzi miqdarda olduğunu düşünmüş, lakin tutulmanın ümumi məbləği 1083 manat olmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, işdən çıxanda onun hesabına 85 manat məbləğində pul köçürülmüşdür. Əmək haqqı kartını hələ də saxlamışdır. Hətta banka müraciət edib ona edilmiş ödənişlərlə çıxarış alıb məhkəməyə təqdim edə bilər. Qeyd edir ki, o, işə girəndə onunla müqavilə bağlansa da, həmin müqaviləni də burada görmüş və hətta işinin 9 saat olduğunu yeni öyrənmiş, bu müqavilədə də göstərilmiş, lakin onlar 12-13 saat işləmişdir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, işdən çıxdığı ayın yarısını işləmişdir. Laçın rayon Məhkəməsində Oba Market ona qarşı pul tələbi ilə iddia qaldırmışdır, lakin iddia tələbləri təmin edilməmişdir. Laçın rayon Məhkəməsinin qətnaməsini aldıqdan sonra o ondan tutulmaların 1083 manat məbləğində olduğunu bilmişdir. Ona görə də, hesab edir ki, iddia müddətini ötürməmişdir. Digər tərəfdən onun əmək haqqından tutulmalar qanunsuz olaraq aparılmışdır. Belə ki, Əmək Məcəlləsinin 175-ci maddəsinə əsasən işçinin əmək haqqından tutulmalar yalnız məhkəmə qərarı əsasında aparıla bilər. Cavabdeh isə ona belə bir məhkəmə qərarı təqdim edə bilmir. Bundan başqa ekspert rəyi ilə də razı deyil. Belə ki, o elə bir sənədə imza atmasını xatırlamır və hesab edir ki, iltizamdakı yazılar ona məxsus deyilsə, imza necə ona məxsus ola bilər. İddiaçı qərar qəbul edilərkən qeyd etdiklərinin və Əmək Məcəlləsinin 175-ci maddəsinin tələblərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh «X4” (Oba Market) MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İlk növbədə qeyd edir ki, iddiaçının işlədiyi dövrdə müəyyən kəsrlər yaranmışdır. İddiaçı həmin kəsrləri ödəyə bilmədiyi üçün işlədiyi müddət ərzində onun əmək haqqından müəyyən tutulmalar olmuşdur. Məhkəminin nəzərinə çatdırır ki, 1083 manat məbləğində pul birdəfəlik tutulmamışdır. X5 hazırkı iddiaçıya qarşı pul tələbi barədə iddia ərizəsi ilə Laçın rayon Məhkəmsinə müraciət etmişdir. İddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir. Qeyd edir ki, İddiaçı həmin məhkəmə proseslərində iştirak etmiş onların idda tələbinə heç bir etiraz etməmiş və ya qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. İddiaçı işdən çıxarılan zaman cavabdehə qarşı heç bir maddi mənəvi tələbinin olmayacağı barədə ərizə təqdim etmişdir. Bununla bağlı təqdim edilən iltizamda edilən imzalar iddiaçıya məxsusdur. Bununla bağlı ekspert rəyi də artıq mövcuddur. Düzdür, orada olan yazılar iddiaçı tərəfindən icra olunmamış, lakin o, imza edərkən onları oxumuş, razı olmadığı təqdirdə bununla bağlı fikrini bildirə bilər və ya sənədi imzalamazdı. Bundan əlavə iddiaçının Əmək Məcəlləsinin 175-ci maddəsinin tələblərinin pozulması ilə bağlı dedikləri ilə də razı deyil. Belə ki, sözügedən tutulmalar bir dəfəyə tutulmamış, hər ay iddiaçının əmək haqqından çox olmamaqla qismən tutulmuşdur. Bu səbəbdən məhkəmə qərarına da ehtiyac olmamışdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 (əlli) manat məbləğində mediasiya xərci onun tərəfindən ödənilmişdir. İşdə olan Laçın Rayon Məhkəməsinin 22(047)-247/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə «X4” (Oba Market) MMC-nin İddiaçı qarşı dəymiş ziyanın ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, həmin müqavilə «X4” MMC ilə işçi İddiaçı arasında sonuncunun üç ay sınaq müddəti müəyyən edilməklə satış əməliyyatları Şöbəsində administrator vəzifəsinə işə qəbul edilməsi barədə bağlanmışdır. İşdə olan xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, İddiaçı ərizə ilə müraciət edərək, onu xx.xx.2016-cı il tarixdən administrator vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 021-K nömrəli əmrdən edilmiş çıxarışdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən administrator vəzifəsinə işə qəbul edilməsi və əmək haqqının ştat cədvəlinə əsasən 175 manat olmaqla ödənilməsi əmr edilmişdir. İşdə olan işdən azad olunma haqqında xx.xx.2018-ci il tarixli 514-K nömrəli əmrdən edilmiş çıxarıldan görünür ki, Cəmiyyətin Satış Departamentinin Satış Şöbəsinin administratorunun əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz istəyi ilə) xitam verilməsi və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi qət edilmişdir. İşdə olan xx.xx.2018-ci tarixli ərizədən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixindən onun əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli iltizamdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixində işdən ayrılarkən ona son haqq hesabının tam olaraq ödənildiyini və bütün haqqlarının tam aldığı üçün şirkətə qarşı heç bir maddi mənəvi tələbinin olmadığını bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi cavabdeh tərəfindən onun əmək haqqından tutulmaların qanunsuz və əsassız olaraq aparılmasına istinad etmişdir. Halbuki iş materialına əlavə olunmuş Laçın Rayon Məhkəməsinin 2(047)-247/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, həmin məhkəmə araşdırması zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən müəyyən olunmuşdur ki, «X4» MMC ilə İddiaçı arasında müvafiq qaydada əmək müqaviləsi bağlanılmış və o, həmin cəmiyyətə administrator vəzifəsinə işə götürülmüşdür. Bundan başqa İddiaçı ilə «X4» MMC arasında cavabdehin əmək münasibətləri prosesində tam maddi məsuliyyət daşıması barədə müvafiq müqavilə də bağlanmışdır. Cavabdeh İddiaçı «X4» MMC-də xx.xx.2016-cı il tarixdən fəaliyyətə başlamış və xx.xx.2018-ci il tarixdə isə öz xahişi ilə işdən azad olunmuşdur. Cavabdeh İddiaçı «X4» MMC-də işlədiyi müddətdə iş yerində intizam xətasına yol vermiş, xx.xx.2018-ci il tarixdə Oba-Bakıxanov 2 mağazasında çalışdığı zaman iddiaçı tərəfindən orada aparılmış inventarizasiya nəticəsində tərtib olunmuş xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli “inventarizasiya nəticələrinə” dair aktlara əsasən onun cəmiyyətə 8343 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Bundan sonra ümumi borcun keçən dövr ərzində 1083 manat hissəsi cavabdehin MMC-dən alacağı vəsaitlə qarşılanmış və hal hazırda cavabdehin iddiaçıya qalıq borcu 7260 manat təşkil etmişdir.” Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin preyudisiallığını nəzərə alaraq hesab edir, Laçın Rayon Məhkəməsinin 2(047)-247/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə 8343 manat məbləğində zərər vurması müəyyən edilmiş, lakin iddia müddəti keçdiyindən iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, sözügedən qətnamə ilə iddiaçının cavabdehə 8343 manat məbləğində zərər vurması öz təsdiqini tapdığından, cavabdehin həmin zərərin əvəzi olaraq iddiaçının əmək haqqı və başqa gəlirlərindən 1083 manat pul tutulmasından ibarət hərəkətlərində əmək qanunvericiliyinin hər hansı pozuntusuna yol verilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Həmin maddənin 2-ci hissəsinin c) bəndinə əsasən işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından tutulur. Məhkəmə hesab edir ki, iddiaçının əmək haqqından müvafiq tutulmalar həyata keçirilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin tələbləri də pozulmamışdır. Belə ki, sözügedən maddənin tələblərinə görə işəgötürən tərəfindən işçinin təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği işəgötürənin sərəncamı ilə onun əmək haqqından tutula bilər. Bu hal işçinin tam maddi məsuliyyət daşımadığı hallara aiddir. Hazırki iş üzrə İddiaçı ilə «X4» MMC arasında isə cavabdehin əmək münasibətləri prosesində tam maddi məsuliyyət daşıması barədə xx.xx.2016-cı il tarixli müvafiq müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci hissəsinin a) bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, İddiaçı məhkəmə iclasında verdiyi izahatında xx.xx.2018-ci il tarixli iltizamda olan yazıların və imzanın ona məxsus olmadığını bildirmişdir. Bu məsələnin araşdırılması ilə əlaqədar Sumqayıt Şəhər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1352 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 63-cü vərəqəsində olan xx.xx.2018-ci il tarixli iltizamda “imza” qrafasındakı imza ilə mülki işin 60-cı vərəqəsində olan imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 63-cü vərəqəsində olan xx.xx.2018-ci il tarixli iltizamdakı “xx.xx.2016 xx.xx.2018 administrator xx.xx.2018 xx.xx.2018” yazılar ilə mülki işin 61-62-ci vərəqələrində olan yazılar – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. İddiaçı bildirmişdir ki, onun əmək haqqından 1083 manat tutulmaların edildiyini Laçın Rayon Məhkəməsinin 2(047)-247/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsini aldıqdan sonra bilmiş, həmin qətnamənin qəbul edilməsindən 1 il keçməmiş - xx.xx.2022-ci il tarixdə ərazi aidiyyəti üzrə səhvən Yasamal rayon məhkəməsinə müraciət etmiş, beləliklə iddia müddətini ötürməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı əmək haqqından məhz hazırki iddiasında mübahisələndirdiyi məbləğdə tutulmaların aparılmasını sözügedən qətnamənin surətini aldıqdan sonra bilmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddia müddətinin axımı həmin tarixdən hesablanmaqla hazırki iş üzrə iddia müddəti ötürülməmişdir. Lakin məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən İddiaçı cavabdeh “X4” (Oba Market) MMC-yə qarşı məzuniyyət pulu və əmək haqqından tutulmaların ödənilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının ödədiyi mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə keçirilmiş ekspertiza xərci də iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 124 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “X4” (Oba Market) MMC-yə qarşı məzuniyyət pulu və əmək haqqından tutulmaların ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasının xərci olaraq İddiaçı 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar