Məhkəmə qərarları › İş №2(060)-4858/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4858/2021

18.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4858/2021 18.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı ASC məhkəməyə müraciət edərək, borclu Cavabdeh su və kanalizasiya xidmətləri üzrə yaranmış 1365,45 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1395,45 manat pulun alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehə su təczihatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 04.02.2021-ci il tarixinə 1365,45 manat borcu qalmışdır. Dəfələrlə borcunun qaytarılması ilə bağlı cavabdehə bildirişlərin göndərilməsinə baxmayaraq, o, borcunu ödəməmişdir. Lakin cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə tam ödəniş etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, sözügedən ev ona məxsusdur. Həmin evdə 2007-ci ildən bu günə qədər yaşayış olmamışdır. İddiaçı tərəfindən tələb olunan borcun hansı əsaslarla hesablanmasından məlumatı yoxdur. Hesab edir ki, iddiaçının ondan tələb etdiyi borc əsassızdır və təmin edilməməlidir. Məhkəmə, iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Abonent kartından görünür ki, ünvan 1 ünvanı üzrə Cavabdeh su və kanalizasiya xidmətləri üzrə yaranmış borcu 1365,45 manat təşkil edir. - Sumqayıt Bələdiyyəsi 50-ci və 53-cü məhəllə üzrə 1 saylı məhəllə komitəsinin tərtib etdiyi aktdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında 2007-ci ildən bu günə kimi yaşamamışdır. Qeyd olunanları X3, X2 və X7 öz imzaları ilə təsdiq etmişdir. -İddiaçı ASC-nin verdiyi arayışdan görünür ki, hal-hazırda abonentin ünvanında 16.06.2021-ci il tarixə 1430,16 manat borc vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 1 ünvanına 2012-ci ildən 04 fevral 2021-ci il tarixədək normativ qaydada 1365,45 manat su və kanalizasiya xidmətləri üzrə borc hesablanmışdır. Cavabdeh 2007-ci ildən hazıradək həmin ünvanda yaşamır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin qərarın 6.14-cü bəndinə əsasən su ölçən cihazların göstəricilərində istehlakçının təqsiri səbəbindən uyğunsuzluq (səhv) müəyyən edildikdə və (və ya) suölçən cihazların plombu zədələndikdə, istehlakçının vəsaiti hesabına suölçən cihazların növbədənkənar dövlət yoxlaması keçirilməlidir. Həmin qərarın 6.15-ci bəndinə əsasən suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. Həmin qərarın 7.6-cı bəndinə verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, STKM tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən “Su təchizatı və kanalizasiya müsəsisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istelahkçıların vəzifələri onların obyektdə yaşaması. Obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı 2007-ci ildən bu günədək göstərilən ünvanda yaşamadığından onun həmin vaxtadək sudan istifadə etməsi barədə cavabdehin dəlili, həmin dövrə qədər borcun hesablanması əsassızdır. Belə ki, iddiaçının sözügedən ünvanda 2012-ci ildən yaşaması və orada sudan istifadə etməsi iş materialları ilə təsdiqini tapmır, eyni zamanda cavabdeh tərəfindən bunu təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı istifadə etmədiyi suyun dəyərini ödəməyə borclu deyildir və bu halda borcun tələb edilməsi onun qanunla qorunan hüquq və maraqlarını pozur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı ASC-nin Cavabdeh su və kanalizasiya xidmətləri üzrə yaranmış 1365,45 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1395,45 manat pulun alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə iddiası təmin edilməsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar