Məhkəmə qərarları › İş №2(060)-4882/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4882/2021

09.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4882/2021 09.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 1.047,49 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh (abonent kodu: **********820) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 01.04.2021-ci il tarixinə 1.047,49 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ailə tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilir. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Cəmiyyət tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə 19.02.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh barəsində Sumqayıt şəhər İH MKTİB-nin 8 saylı MKS tərəfindən verilmiş 17.02.2021-ci il tarixli 381 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında 4(dörd) nəfər qeydiyyatdadır. Azərbaycan Respublikası Tarif(Qiymət) Şurasının İddiaçı ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə 31.01.2011-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Tarif (Qiymət) Şurasının 31.01.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1m3 suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif (Qiymət) Şurasının 13.05.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir. Tarif Şurasının 31.01.2021-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdehdən tələb edilən borc 2011-ci ildən 01.04.2021-ci il tarixə yaranmış borcdur. Cavabdeh tərəfindən 2012-ci ildə 25 manat ödənilmiş, 83 manat qalmış, 2013-cü ildə 24 manat ödənilmiş, 84 manat qalmış, 2014-cü ildə 28,80 manat ödənilmiş 49,80 manat qalmış, 2015-ci ildə 27,80 manat ödənilmiş 80,20 manat qalmış, 2016-cı ildə ödəniş edilməmiş, 63 manat borc qalmış, 2017-ci ildə 20 manat ödənilmiş 131 manat borc qalmış, 2018-ci ildə ödəniş edilməmiş 132 manat qalmış, 2019-cu ildə 5 manat ödənilmiş 116,50 manat borc qalmış, 2020-ci ildə ödəniş edilməmiş 121,50 manat borc qalmış, 2021-ci ildə isə 10 manat ödəniş etmiş, 30,18 manat borc qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. İddia edilən borc 4 nəfər ailə tərkibinə görə normativ qaydada aparılıb, lakin qeyd edir ki, hazırda həmin mənzildə 2 nəfər yaşayır, övladları ailə quraraq başqa mənzilə köçüblər. Əlavə olaraq göstərdi ki, ailə tərkibi haqqında arayış təqdim etməli olduğunu bilməmiş, bu səbəbdən də iddiaçı təşkilata təqdim etməmişdir. Cavabdeh həmçinin ərizə təqdim edərək iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş 01.04.2021-ci il tarixli abonent kartından görünür ki, Cavabdeh cəmi borcu 1.047,49 manat təşkil edir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanunun: 61-ci maddəsinə əsasən Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. 62-ci maddəyə əsasnə Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 262 saylı 17 iyul 2014-cü il tarixli Qərari ilə təsdiq edilmiş “X3”nin 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. 7.4-cü bəndə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkəüzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1 maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, istehlakçı tərəfindən 2011-ci il üzrə 5 manat ödəniş etmiş, 94 manat borcu qalmış; 2012-ci ildə 25 manat ödəniş etmiş, 83 manat borcu qalmış; 2013-cü ildə 24 manat ödəniş etmiş, 84 manat borcu qalmış; 2014-cü il üzrə 25,80 manat ödəniş etmiş, 49,80 manat borcu qalmış; 2015-ci ildə 27,80 manat ödəniş etmiş, 80,20 manat borcu qalmış; 2016-cı il üzrə ödəniş etməmiş, 125,31 manat borcu qalmış; 2017-ci il üzrə 20 manat ödəniş etmiş, 131 manat borcu qalmış; 2018-ci il üzrə ödəniş etməmiş, 132 manat borcu qalmış; 2019-cu il üzrə 5 manat ödəniş etmiş, 116,50 manat borcu qalmış; 2020-ci il üzrə ödəniş etməmiş, 121,50 manat borcu qalmış, 2021-ci il üzrə 10 manat ödəniş etmiş, 30,18 manat borc qalmışdır. 2011-ci il tarixdən 29.04.2021-ci il tarixədək aylıq su sərfiyyatı ailə tərkibinə uyğun olaraq normativ qaydada hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 551.2., 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. 373.2 müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olmaqla, 268,18 manat həddində təmin edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi cavabdeh 2011-2015-cü illər ərzində borcu tam həcmdə ödəmədiyindən həmin dövrə yaranan borcu tələb etmək hüququnu iddiaçı ötürmüşdür. Odur ki, 2011-ci il üzrə 94 manat, 2012-ci il üzrə 83 manat, 2013-cü il üzrə 84 manat, 2014-cü il üzrə 49,80 manat və 2015-ci il üzrə 80,20 manat borcun tələb etmə müddəti keçdiyindən həmin məbləğlər cəmi borc məbləğindən çıxılmalı, eləcə də cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilməsi nəzərə alınaraq iddia müddəti tətbiq edilməklə 2016, 2017 və 2018-ci illər (125,31+131+132) üzrə borc silinməli, cavabdehin ödənilməmiş borcu 268,18 manat müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, abonent kartında olan məlumatlardan göründüyü kimi tərəflər arasında müqavilə münasibətləri 01.01.2004-cü ildən yaranmışdır. Odur ki, məhkəmə iddia müddətinin tətbiqi barədə məsələyə qiymət verərkən borcun icra edilməsinin son müddəti olaraq müvafiq ilin 01 aprel tarixini nəzərə alınmaqla müddətin hesablanmasını qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 7,50 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 22,50 manat iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 268,18 (iki yüz altmış səkkiz manat on səkkiz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22,50 (iyirmi iki manat əlli qəpik) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar