Məhkəmə qərarları › İş №2(060)-4892/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4892/2023

07.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4892/2023 07.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbul müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbul müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0237 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə iddiaçının mərhum anası X5 məxsus olmuşdur. İddiaçının anası M.Mikayılova 23 dekabr 2021-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. İddiaçının anası sağlığında vəsiyyətnamə qoymamışdır. Anası rəhmətə getdikdən sonra qeyd olunan miras əmlak iddiaçı tərəfindən faktiki olaraq qəbul edilmiş və idarə olunmuşdur. Belə ki, torpağa dair bələdiyyə torpaq vergisi və bələdiyyə əmlak vergisi iddiaçı tərəfindən ödənilmişdir. İddiaçının anasının ondan başqa, iki nəfər vərəsəsi vardır. Onlar qardaşı X10 və bacısı X6r. X18 mirasın qəbulundan imtina barədə notarial qaydada təsdiq olunmuş ərizə vermişdir. Eyni zamanda, iddiaçının qardaşı X10 ona aid əmlakı idarə etməyi, sərəncam verməyi, bağışlamağı və s. öz adından ona etibarnamə vermişdir. Miras əmlakla bağlı aralarında hər hansı bir mübahisə olmasa da, habelə miras əmlakı fakitiki olaraq qəbul etsə də, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt regional “ASAN xidmət" mərkəzində notariat ofisinə getmiş və və orda ona yazılı şəkildə izah olundu ki, mirasın qəbulu müddətini ötürdüyü üçün məhkəməyə müraciət etməlidir. İddiaçı savadsızlığından mirasın qəbulu müddətini ötürmüşdür. Qeyd olunan səbəblərə görə mirasın qəbulu müddətini ötürməyi üzrlü sayılmalı və mirasın qəbulu müddəti uzadılmalıdır. Göstərilənlərə əsasən iddiaçı tərəfindən mərhum anası X1 miras qalmış Abşeron rayonu, Saray qəsəbəsi ərazində yerləşən 0,0237 ha torpaq sahəsinin - miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi tərəfindən məhkəməyə məktub göndərilərək, işə onların iştirakı olmadan baxılması məhkəmədən xahiş edilmişdir.

5. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan xx.xx.1987-ci il tarixdə verilmiş Xİİ-ЖГ № 293538 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası X11, anası X7r.

8. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, № ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 86 saylı reyestr kitabının 676 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.

9. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ № 250911 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə ölmüşdür.

10. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 3155 nömrəli məktubundan görünür ki, mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən hal-hazırda Sizə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə məsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Odur ki, mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

11. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 iştirakı ilə X4 imzası ilə təsdiqlədiyi **********824 saylı ərizəsindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası X3 ölümündən sonra nə mirasın açıldığı yer üzrə notariat ofisinə miras qəbul etdiyi barədə, nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmiş, etmək fikrində deyildir.

12. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə verilmiş AZ-T № 211573 saylı doğum haqqında şəhadətnamənin təkrarının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 19 iyun 1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası X11, anası X7r.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının anası X8 xx.xx.2021ci il tarixdə vəfat etmişdir. İddiaçı mirasın qəbulu ilə bağlı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, lakin müddətin ötürülməsi ilə bağlı ona imtina cavabı verilmişdir. Hazırda iddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin anasından miras qaldığını iddia edir və mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək uzadılmasını tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

15. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

16. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

17. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

18. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

19. Eyni Məcəllənin 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

20. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

21. Qeyd olunan Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.

22. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

23. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

24. G.Qəhrəmanovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.

25. Həmçinin göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

26. İşin müəyyən edilmiş hallarından göründüyü kimi X8 öldükdən sonra övladı İddiaçı vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməsə də, miras əmlaka faktiki sahiblik və idarə etmiş, əmlakın saxlanılması üçün hərəkətlər etmişdir.

27. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunun mənasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyrirəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir.

28. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı mirasının açıldığı məqamda miras əmlak onun istifadəsində olmuş və mirasqoyanın vərəsəsi tərəfindən qeyri-rəsmi üsulla qəbul olunmuşdur. Mülki qanunvericiliyin tələblərinə görə isə, mirası qəbul etmə müddətinin ötürülməsi (buraxılması) vərəsənin miras əmlaka, vərəsəliyə olan hüququnun itirilməsi ilə nəticələnir. İddiaçının atasının mirasını vaxtında qəbul etməməsi üzrlü səbəblərdən baş vermişdir.

29. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər.

30. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, mərhum X1 miras qalmış əmlak-Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılmalıdır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

34. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlak- Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar