Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4906/2024 17.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sumqayıt şəhər İcra Şöbəsini cəlb etməklə cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sumqayıt şəhər İcra Şöbəsini cəlb etməklə cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh2 xx.xx.2017-ci ildə iddiaçıya 13000 manat borc pul vermiş, lakin həmin pulu qaytara bilmədikdə o iddiaçının barəsində şikayət etmiş, iddiaçı həmin şikayət və digər şikayətlər əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli hökmü ilə AR CM-nin 178.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci ıl tarixli qərarı ilə hökm dəyişdirilmiş, əməli AR CM-nin 178.2-ci maddəsinə tövsif edilməklə ümumilikdə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hökmün icrası ilə bağlı iddiaçı xx.xx.2017-ci ildə cəzaçəkmə məntəqəsinə göndərilmiş və xx.xx.2018-ci ildə AR ƏN-nin PX 17 saylı CM-nə göndərilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı 25 gün tez cəzadan azad edilmişdir. Cavabdeh2 iddiaçıya pulu xx.xx.2017-ci ildə verdiyi halda Sumqayıt şəhər 3 saylı Notariat Ofisində iddiaçıya guya 13000 manat kredit verməsi barədə 70-4543 saylı kredit müqaviləsi bağlamış və guya iddiaçıya krediti həmin tarixdə verməsi qeyd olunmuşdur. Halbuki, kredit müqaviləsi bağlanan vaxt cavabdeh iddiaçıya pul verməmiş və bu əqd əvvəlki əqdi pərdələmək məqsədi ilə bağlınmış bir əqddir. Belə ki, cavabdeh iddiaçıya 13000 manatı başqa bir məqsədlə vermiş və həmin pulu ondan aldığı üçün iddiaçı cinayət məsuliyyətinə cəlb olunmuşdur. Lakin borc məqsədi ilə cavabdeh iddiaçıya pul verməmişdir. İddiaçı ondan bir dəfə 13000 manat məbləğində pul almışdır. Göründüyü kimi kredit müqaviləsi başqa bir əqdi pərdələmək məqsədi ilə bağlınmış bir əqd olmuşdur. İddiaçı həmin əqd bağlandıqdan sonra həbs olunmuş və uzun müddət həbsdə olduğu üçün əqdi mübahisələndirə bilməmişdir. Qarşı tərəf həmin əqd üzrə xx.xx.2018-ci il tarixdə icra qeydi almış, lakin icra qeydi verilən tarixdə də iddiaçı həbsdə olmuşdur. Buna baxmayaraq, həmin icra qeydi ilə bağlı icra məmuru barəsində axtarış vermiş və iddiaçı bu barədə bilən kimi icra şöbəsinə getsə də, axtarış üstündən götürülməmişdir. Göstərilənlərə əsasən, iddiaçı ilə Cavabdeh2 arasında Cavabdeh1 bağlanmış 2017-ci il tarixli, 7e-4543 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi və həmin kredit müqaviləsi əsasında verilmiş 7e-4543 saylı, xx.xx.2018-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh Sumqayıt şəhər 4 saylı Notariat ofisi tərəfindən məhkəməyə məktub göndərilərək, işə onların nümayəndələrinin iştirakları olmadan baxılması məhkəmədən xahiş edilmişdir.
6. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
10. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış Cavabdeh1 xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 07 yanvar 2017-ci il tarixli kredit müqaviləsinə əsasən Muradova X2 Elnur Mais oğluna 13000 manat borc pul vermişdir.
11. Həmin müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti xx.xx.2017-ci il tarixinədək “borc verənə” qaytarmağı öhdəsinə götürür.
12. İş materiallarında olan Cavabdeh1 xx.xx.2017-ci il tarixli, № 7E-4543 saylı icra qeydindən görünür ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə Cavabdeh2 xeyrinə İddiaçı xx.xx.2017-ci il tarixinədək alınmış və vaxtında ödənilməmiş 13000 manat 00 qəpik tutulmalıdır. Bundan əlavə, İddiaçı tələbkar tərəfindən ödənilmiş 10 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla, cəmi 13010 manat 00 qəpik pul tutulmalıdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış Cavabdeh1 xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 27 yanvar 2017-ci il tarixli kredit müqaviləsinə əsasən Muradova X2 Elnur Mais oğluna 13000 manat borc pul vermişdir. Bu müqavilə əsasında ödənilməyən məbləğlə bağlı Cavabdeh1 icra qeydi vardır. Hazırda iddiaçı kredit müqaviləsinin etibarsız hesab edilməsini və icra qeydinin ləğv olunmasını tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının cavabdehə qarşı iddia tələbləri xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2017-ci il tarixli müqavilə əsasında tərtib edilmiş icra qeydinin ləğv edilməsi barədə olmaqla iki tələbdən ibarətdir.
15. Məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
16. Məhkəmə ilk növbədə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
17. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
18. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.
19. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.
20. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir.
21. Məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsinin etibarsızlığı barədə iddia qaldırılması üçün mülki qanunvericiliklə müəyyən edilmiş 1 illik müddəti ötürmüşdür.
22. Belə ki, Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.4).
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyinəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.
25. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
26. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
27. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.
28. Hazırki iş üzrə iddiaçı isə hüquqlarının pozulduğunu bildiyi (və ya bilməli olduğu) andan bir il müddətində belə mübahisə açmamış, təxminən 7 il keçdikdən sonra məhkəməyə müraciət etməklə qanunla müəyyən edilmiş müraciət müddətini ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir.
29. Məhkəmə iddia tələbinin xx.xx.2017-ci il tarixli müqavilə əsasında tərtib edilmiş 7e-4543 saylı, xx.xx.2018-ci il tarixli icra qeydinin ləğv edilməsi hissəsi ilə bağlı isə aşağıdakıları qeyd edir.
30. İlk öncə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisələndirdiyi icra qeydinin tarixi xx.xx.2018-ci il deyil, xx.xx.2017-ci il tarixdir.
31. Bundan əlavə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 45ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər.
32. Həmçinin, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin əvvəlki redaksiyasında göstərilmişdir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
33. Bundan əlavə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkarın adı və ünvanı; 3) borclunun adı və ünvanı; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə; 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü.
34. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat kontoruna daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərir.
35. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 162-ci bəndində qeyd edilmişdir ki, icra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.
36. Göründüyü kimi 7e-4543 saylı, xx.xx.2017-ci il tarixli icra qeydi qanunvercilikdə göstərilən qaydada tərtib edildiyindən onun ləğv edilməsinə əsas yoxdur.
37. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sumqayıt şəhər İcra Şöbəsini cəlb etməklə cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
40. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
41. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
44. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sumqayıt şəhər İcra Şöbəsini cəlb etməklə cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva