Məhkəmə qərarları › İş №2(060)-4920/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4920/2023

16.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4920/2023 16.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzilə yaşayış-istifadə hüququna xitam verilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.000 (beş min) manat məbləğində kompensasiya verilməklə onun Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 36 ünvanında yerləşən 12 saylı mənzilə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx xxxxxx 1965-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 12 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Hazırda həmin ünvanda oğlu - Cavabdeh, qızı - X3 və nəvəsi - X4 pasport qeydiyyatındadırlar. Bildirir ki, hazırki iş üzrə cavabdeh qeyd olunduğu kimi onun oğludur. Cavabdeh mənzildə pasport qeydiyyatında olsa da 2017-ci il tarixdən həmin mənzildə yaşamır. Belə ki, 2017-ci il tarixdə oğlu Cavabdeh işləmək üçün Türkiyə Respublikasına getmiş, ora getdikdən sonra bir müddət əlaqəsi olsa da sonradan əlaqələri kəsilmiş və o, vaxtdan bəri heç bir əlaqələri və münasibətləri olmamışdır. Azərbaycan Respublikasında olub-olmaması barədə heç bir məlumatı yoxdur. Onun hazırda mənzildə faktiki yaşamaması, eləcə də pasport qeydiyyatında olması onun mənzilə mülkiyyət hüququnu məhdudlaşdırır. Belə ki, mənzil ilə bağlı hər hansı hüququları həyata keçirmək istədikdə pasport qeydiyyatında olduğu üçün onun da razılığı tələb olunur, eləcə də ona görə əlavə ödənişlər ödəyir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdehə 5.000 (beş min) manat məbləğində kompensasiya verilməklə cavabdehin onun mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməlidir. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərəl bildirdi ki, o, İİİ qrup ümumi əlildir, iddiaçı onun anasıdır, daim onunla əlaqələri olmuşdur, hazırki mübahisəli mənzildə digər ailə üzvləri kimi o, da yaşamış və oradan daimi olaraq istifadə edir. İİİ qrup əlil kimi ona təqaüd təyin edilmişdir, onun təqaüd kartı 2018-ci ilin avqust ayına qədər iddiaçıda olmuşdur, daim o, özü pul vəsaitlərini kart vasitəsilə ATM-lərdən çıxaraq nağdlaşdırırdı, bundan əlavə olaraq o, McDonalds firmasında da çalışmış, orada olan əmək haqqı kartı daim iddiaçı yəni anasında olmuş və ATM-lərdən həmin pul vəsaitlərini özü çıxararaq nağdlaşdırmış və öz ehtiyacları qarşılamışdır. Kartların onda olması və iddiaçı tərəfindən istifadə edilməsi məhkəmə tərəfindən banka sorğu verilərsə hər bir məsələ öz aydınlığına qovuşacaqdır. İddiaçı iddiasında qeyd edir ki, bilmir haradadır harada yaşayır guya ki, bunlardan xəbəri yoxdur, xəbəri olmayan şəxs necə ola bilər ki, 2018-ci ilin sonunadək ona məxsus olan plastik kartlardan müəyyən məbləğləri nağdlaşdırmış və öz ehtiyaclarına ödəmişdir, hətta o, Türkiyə Cümhuriyyətində olan dövrdədə kartları iddiaçıda olmuş və bundan o özü istifadə etmişdir. Buna dair bir sorğu kifayətdir ki, hər bir məsələ gün kimi aydın olsun. Bundan əlavə olaraq qeyd edir ki, 2017-ci ildən əlaqələri yoxdur kimi iddiasında qeyd edir, ancaq tamamilə əsassızdır, çünki daim gediş gəliş var, buna dair birlikdə olduqları toylar, hazırki mübahisəli evdə yığıncaqlar və orada çəkilmiş şəkillər, indiki müasir dünyada şəkildə, videoda çəkəndə hər biri onun tarixini qeyd edir və qaleriyada yaddaşda saxlayır. Bildirir ki, əsassız olaraq onu yaşadığı daim istifadə etdiyi mənzildən onu iddiaçı çıxarmış və hazırda o, 350 manata olan bir evdə yaşayırlar. Milli dəyərləri nəzərə alaraq o, həmin evdən çıxarılan vaxtda məhkəməyə və ya hüquq mühafizə orqanlarına müraciət etməmiş ki, ayıbdır, etmək olmaz, ona görədə sakit bir formada kirayə yaşamağa davam etmişdir. Qeyd edir ki, onun övladı olmur, bununla əlaqədar olaraq mənəvi iztirablar keçirir, müəyyən qədər müalicələr almış, ancaq müalicələr yüksək məbləğlər tələb edir. Hazırda müalicəni davam etdirə bilmir. Xəstəliyində səbəbi soyuducu anbarda gecə növbələrində işləməyinin nəticəsidir, oradada işləməyi anası və digər bacılarının xərclərini ödəmək üçün olmuşdur. Bundan başqa ailə üzvləri yəni iddiaçı və bacıları mənə qarşı daim kobudluqlar etmiş, təqiblərə məruz qalmış, hətta onun qabağına bir boşqab yemək belə qoyulmurdu. O, dəfələrlə iddiaçıya bildirmişdir ki, normal kompensasiya verin ki, o, ilkin ödəniş edərək Sumqayıt şəhərində mənzil əldə edə bilsin, ancaq hazırki, iddiada 5000 manat verilməsini bildirmişdir. O, təbiiki bununla razı deyil hazırki mübahisəli mənzilin yerləşdiyi ərazilərdə kirayə haqqları 450-500 manatdan aşağı deyildir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarında olan Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr idarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 36 ünvanında yerləşən 12 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında X2 adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 36, mənzil 12-də qeydiyyatdadır. İşə əlavə olan xx.xx.2023-cü il tarixli Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 11 saylı Mənzil Kommunal Sahəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh 2017-ci ilin may ayından Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 36, mənzil 12-də yaşamır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair xx.xx.2021ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh üçüncü dərəcəli müddətsiz əlildir. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 36 saylı mənzil 12-də yerləşən 2 otaqlı sadə təmirli mənzilin bugünkü bazar qiymətləri ilə kirayəsi 180-200 manat civarında qiymətləndirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Bundan başqa, həmin qərarda qeyd olunur ki, qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53- cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd olunur ki, «Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə İddiaçı özünə məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 36 ünvanında yerləşən 12 saylı mənzilə dair Cavabdeh yaşayış-istifadə hüququna 5000 manat məbləğində kompensasiya verilməklə itirilmiş hesab edilməsi barədə dəlillərini müzakirə edərək hesab edir ki, Cavabdeh həmin məbləğdə pul müqabilində istifadə hüququnun itirilmiş hesab edilməsi onun mənafeyinə uyğun olmamaqla onun davamlı olaraq həmin evə oxşar bir mənzildə yaşamasının təmin olunması üçün kifayət deyildir, cavabdehin həmin hüququna həmin qaydada yaşayış hüququnun itirilmiş hesab edilməsi ədalətli olmamaqla onun məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Belə olan halda, Cavabdeh qeyd olunan mənzildən yaşayış-istifadə hüququnun itirilməsi məsələsi müzakirə olunarkən cavabdehin maraqları da mütləq şəkildə nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə hazırkı halda, iddiaçının təklif etdiyi məbləğdə kompensasiya müqabilində cavabdehin yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzilə yaşayış-istifadə hüququna xitam verilməsi tələbinə” dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar