Məhkəmə qərarları › İş №2(060)-4928/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4928/2020

07.12.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4928/2020 07.12.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin yanında Qəyyumluq və himayəçilik orqanının nümayəndəsi Mövsümov Emin Nazim oğlunun iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.1988-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək onunla əsaslandırdı ki, oğlu xx.xx.1988-ci ildə Daşkəsən şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 3-cü mkr, ev 15/13, mənzil 15-dədaimi yaşayan X3 əqli cəhətdən zəif ruhi xəstədir. Xəstəliyi ilə əlaqədar olaraq oğlu öz hərəkətlərinin mənasını dərk etmir, əksər hallarda ən sadə vəziyyətdə belə özünü idarə edə bilmir, buna görə də oğlunun himayəyə ehtiyacı vardır. Oğlu gündəlik tələbatını sərbəst təmin edə bilmir və hüquqlarını həyata keçirməkdə çətinlik çəkir. Həmçinin Sumqayıt şəhər 3 saylı Poliklinikada ruhi-əsəb xəstəsi kimi, 2019-cu ildən isə Sumqayıt şəhər Narkoloji Dispanserində narkomaniya xəstəsi kimi qeydiyyatdadır. Ona görə də oğlu həmişə onun daim nəzarətində olmuşdur. Lakin son vaxtlar tez-tez yaranan problemləri aradan qaldırmaq üçün oğlunun fəaliyyət qabiliyyəti olmaması müəyyən edilməli və onun üzərində qəyyumluq məsələsinin həll olunması zəruridir. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsi Mövsümov Emin Nazim oğlu məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirdi və ekspert rəyini əsas götürərək, rəyə uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.1988-ci ildə Daşkəsən rayonunda anadan olmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2030 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X3 2019-cu ildən Narkoloji Dispanserdə “Narkologiya” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2181 saylı rəydən görünür ki, yoxlanılan şəxs X2 Üzvi mənşəli (epilepsiya xəstəliyi nəticəsində) şəxsiyyət və davranlş pozuntuları ilə formasında psixi xəstəlik müəyyən edilir. Bunu anamnestik məlumatlar, tibbi sənəd və hal-hazırkı psixi vəziyyəti (anamnestik məlumatlara görə yoxlanılan şəxsin doğuş travması ilə anadan olması, qıcolma tutmaları baş verməsi, beş yaşına kimi uşaq nevropatoloqunun müalicəsini qəbul etməsi, hərbi xidmətdə olduğu dövrdə münaqişə zəminində başından zədə alması, bununla əlaqədar ilk dövrlərdə yalnız baş ağrısı, qıcıqlara qarşı həssaslıq və bir qədər əsəbilik biruzə verməsi, sonradan göstərilən halların artması ilə yanaşı qıcolmaların və davranış pozuntularının biruzə verməsi ilə əlaqədar həkim-psixiatra müraciətləri olması, həmçinin vəziyyəti ilə əlaqədar AR SN-nın 1 saylı Respublika Psixiatriya Xəstəxanasında “Epilepsiya nəticəsində şəxsiyyət dəyişikliyi” diaqnozu ilə dörd dəfə stasionar müalicələrdə olması, hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olması, evdə qıcolma əleyhinə dərmanlar və davranışında pozuntular müşahidə edildiyi üçün müvafiq dərman pereparatlarının qəbul etməsi, hazırkı müayinə zamanı zahirən narahat olması sorğu gedişatında təfəkkürünün ləngliyi, koqnitiv zəifləmə, həmçinin maraq dairəsinin enməsi biruzə verməsi, əhvalruhiyyəsinin əsasən aşağı olması affektiv reaksiyalara meyilliliyi və s.) sübut edir. X2 hazırki müayinə zamanı müəyyən edilən Epilepsiya xəstəliyinin nəticəsində meydana gəlmiş şəxsiyyət və davranış pozuntuları ilə əlaqədar o, öz hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, xx.xx.1988-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinin mahiyyətinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onların üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, işin yuxarıda tədqiq edilən hallarından və qanunun qeyd edilən tələbindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2. maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən xx.xx.1988-ci il təvəllüdlü X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar