Məhkəmə qərarları › İş №2(060)-5003/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5003/2021

02.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5003/2021 02.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı X1, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X1 cavabdeh “Cavabdeh” İB-nə qarşı “istehlakçı hüququnun müdafiəsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh “Cavabdeh” İB-nə qarşı istehlakçı hüququnun müdafiəsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh “Cavabdeh” ASC tərəfindən Sumqayıt şəhəri, 2-ci mikr, 40/16 nömrəli evin, 42 saylı mənzilinə cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 216 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 2-ci mikr, 40/16 nömrəli evin, 42 saylı mənzili ona məxsusdur. 05.04.2021-ci il tarixdə “Cavabdeh” İB-nin işçiləri tərəfindən onun ünvanında quraşdırılmış qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Bu barədə akt tərtib edilmiş, aktda sayğaca müdaxilə olunduğu və sayğacın qazın həcmini aşağı sərfiyyatla qeyd etdiyi göstərilmişdir. Qaz sərfiyyatından qanunsuz istifadəyə görə ona 216 manat borc yazılmışdır. Lakin, qaz sayğacı blokun girişində, mənzildən çöldə yerləşir və ona heç bir müdaxilə edilməmişdir. Həmin sayğaca görə o, istehlakçı kimi məsuliyyət daşımır. “Cavabdeh” İB-nin işçilərinin qanunsuz hərəkətləri, sayğacın göstəriciləri düzgün əks etdirməməsi nəticəsində o, ziyan çəkir. Hesab edir ki, cavabdeh tərəfindən hesablanmış borc əsassızdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X5”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh «Cavabdeh» İB-nin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayan ərazisində yerləşən 2 otaqlı , yaşayış sahəsi 29.38 kv.m, köməkçi sahəsi 12.38 kv.m olan 42 nömrəli evin, 40/16 nömrəli mənzili X1 adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş ******* nömrəli, 05.04.2021-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikr, 40/16 nömrəli evin, 42 saylı mənzilindən çıxarılmış qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və verilən rəyə görə sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, hesablama mexanizminin qapağının üzərində olan iki zavod qurğuşun plombundan birinin kəsildiyi aşkar olunmuşdur. İş materiallarında olan 06.04.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, X2 məxsus olan Sumqayıt şəhəri, 2-ci mikr, 40/16 nömrəli evin, 42 saylı mənzilinə 2160 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, 2-ci mikr, 40/16 nömrəli evin, 42 saylı mənzilinə 216 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X5”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik daşımadığından hesablanmış 216 manat məbləğində borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında Sumqayıt şəhəri, 2-ci mikrorayon, 40/16 nömrəli evin, 42 saylı mənzilinə (abunə kodu: **********00420) əsassız olaraq hesablanmış 216 manat borc silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar