Məhkəmə qərarları › İş №2(060)-5028/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5028/2023

27.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5028/2023 27.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh İstahsalat Birliyinə qarşı «borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus abonent hesabına işlənmiş əsassız olaraq yazılan 330.40 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hal-hazırda qeydiyyatda olduğu ünvan 2, mənzil 1-də həyat yoldaşı X2 ilə birlikdə yaşayır. Qeyd olunan yaşayış sahəsində əvvəlki illər üzrə istehlak olunan qazın haqqı mütamadi olaraq tərəfindən vaxtı-vaxtında ödənilmiş, bu istehlakla bağlı hər hansı yığılmış borcu olmamışdır. Təxminən 3 aya yaxındır ki, Cavabdeh əməkdaşları tərəfindən smartkart tipli qaz sayğacı çıxarılaraq əvəzinə mexaniki tipli qaz sayğacı qurlaşdırılmışdır. AKT tərtib edilmişdir. Azərbaycan Respublikası DNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənayə və Məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında yoxlama keçirilmiş və AKT-la müəyyən edilmişdir ki, “ekranın plastmas qapağa bərkidilən dörd qulaqcıqdan ikisi qırılıb” sayğac istismara yararsızdır. Daha sonra ona 330.40 manat məbləğində borc hesablanmışdır. Bildirir ki, sözügedən qaz sayğacına tərəfindən heç bir müdaxilə edilməmişdir. Bundan əlavə, sayğac mənzilin daxilində deyil, blokda quraşdırılmışdır və buna görə də həmin qaz sayğacına edilən hər hansı müdaxiləyə görə cavabdehlik daşımır. Göstərilənlərə əsasən, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, onun abunə koduna hesablanmış 330.40 manat borc silinməlidir. Belə olan halda həmin hesablanmış 330.40 manat məbləğində borc etibarsızdır. İddiaçı iddia ərizəsini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh İstahsalat Birliyinin nümayəndəsi F.V.Əlməmmədova iddia tələbini qəbul etməyərək bildirdi ki, cavabdehin 330 manat deyil 259 manat borcu var. Cavabdeh dövlət təşkilatıdır. Onun heç bir hüquqi və fiziki şəxslə qərəzli yoxdur. Məqsədi dövlət əmlakını qorumaqdır. Sayğaca baxış keçirilən zaman aşkar olunmuşdur ki, sayğacın qlapanı işlək vəziyyədə deyil, sayğac mənfi xətayla işləyir. Akt əsasında qeyd olunanlara əsasən 259 manat cərimə hesablanmışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İşə əlavə olan xx.xx.2023-cü il tarixli Cavabdeh İB “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 2160 m3. İşdə olan Cavabdeh İB-nin əməkdaşları C.Ağayev, R.Qarayev və T.Hüseynovun iştirakları ilə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, xx.xx.2022-ci il tarixli “akt”ın surətindən görünür ki, Metrologiya departamenitinin rəyinə görə, G-4 markalı 1202AQ**********4 №-li sayğaca ümumi baxış keçirilmişdir. Sayğacın klapanı işlək deyil. Yivli birləşmələrində korroziya izi mövcuddur. Sayğac istismara yararsızdır. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən, 1 saylı mənzilə akt əsasında 259,20 manat borc hesablanmışdır. “Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarına əsasən sayğacların işlək vəziyyətdə saxlanması üçün məsuliyyəti istehlakçı deyil, qaz paylayıcısı olan Sumqayıt Qaz İdarəsi daşıyır. Buna görə məhkəmə hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyi üçün iddiaçıya sərfiyyat əsasında hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi İddiaçı Cavabdehnə məxsus qaz sayğacını zədələyərək maddi ziyan vurması məhkəmədə sübuta yetirilmədi. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı akt əsasında onun yaşadığı mənzilə 330,40 manat borcun hesablandığını bildirsə də, abunə haqqında saldodan görünür ki, bu məbləğ 259,20 manat təşkil edir və məhkəmə iddia tələbini həmin hissədə təmin edir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilə əsassız olaraq hesablanmış 259 (iki yüz əlli doqquz) manat 20 (iyirmi) qəpik məbləğində cərimə silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Tağızadə Gülnarə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar