Məhkəmə qərarları › İş №2(060)-5038/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5038/2025

26.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5038/2025 26.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 (maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2006-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər xx.xx.2007-c il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdurlar. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X5 adlı övladı olmuşdur. Övladı xx.xx.2006-cı il təvəllüdlü X5 anadan gəlmə “uşaq serebral iflici” xəstəliyindən əziyyət çəkir. Belə ki, uzun müddətdir ki, “uşaq serebral iflici, tetraplegik forma, əqli inkişafdan geri qalma” diaqnozu ilə Sumqayıt Tibb Mərkəzi 4 nömrəli Şəhər Xəstəxanasının nevroloji şöbəsində qeydiyyatdadır. Övladı dəfələrlə müayinələrdə olmuş, ambulator müalicələr də almışdır. Həmçinin Bakı şəhəri, UNX-da stasionar və ambulator şəraitdə həkim qəbullarında olmuş, daimi olaraq müayinələr almışdır. Onun hər zaman başqasının köməyinə ehtiyacı vardır. Belə ki, onun xüsusi aşağı ətraflarında zəiflik, hərəkət pozqunluğu, oturmur, gəzmir, yerişin, nitqin, yaddaş və qavramanın pozulaması, görmə zəifliyi və çox əsəbilik müşahidə olunur. Özünü heç bir şəkildə idarə edə bilmir. Öz hərəkətlərini idarə edə və onların mənasını dərk etməyə qadir deyildir. Övladı anadan olandan nəzarətdədir. Habelə oğlunun xəstəliyi ilə bağlı onun birinci dərəcəli əlilliyi müəyyən edilmişdir. Oğlu birinci dərəcəli əlil kimi qeydiyyatda olsa da, o, özü şəxsən ev növbəsinə düşə bilmir. Odur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq ana-ata kimi onun qəyyumu hesab edilməlidirlər. Buna görə də ilkin addımlar ataraq məhkəməyə onun fəaliyyət qabiliyyəti olmayan sayılmasının müəyyən etdirilməsi tələbi ilə müraciət etməyə məcbur olmuşdurlar. Bundan başqa yaşı artıqca da müəyyən əqdlərin bağlanmasında, pensiya və sosial müavinətlərin alınması ilə bağlı övladının imzası gərəkəcəkdir. O isə bunu edə bilmək qabiliyyətində deyildir. Belə ki, onun xəstəliyi ilə əlaqədar olaraq ciddi davranış pozuntuları mövcuddur, onun sağlamlıq imkanları məhduddur. Odur ki, onun fəaliyyət qabiliyyəti olmayan sayılması zərurəti vardır. Bu faktı məhkəmədən kənar qaydada həll etmək mümkün deyil. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclaslarında iştirak edən Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işin lüzumsuz uzanmasının, ərizəçinin hüquqlarının vaxtında təmin edilməsinin yubanmasının qarşısının alınması məqsədilə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır.

Tədqiq olunan sübutlar:

6. AZ-İİ 058855 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2006-cı il tarixində anadan olmuşdur. Uşağın atası Ərizəçi2, anası Ərizəçi1dır.

7. AZ-İ 294867 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 ilə X3 arasında 30 yanvar 2007-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 97 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X4 müştərək xarici çəpgözlük, davranış pozğunluğunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə orta dərəcəli əqli gerilik diaqnozu ilə müddətsiz birinci dərəcəli əlillik təyin olunmuşdur.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2025-ci il tarixli, 3506 saylı məhkəmə psixiatrik eksperizasının rəyindən görünür ki, yoxlanılan şəxs X2 uşaq serebral iflici nəticəsində yaranan orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. E.Ərizəçi2 psixi vəziyyətinə görə ətrafda baş verən hadisələrə qarşı reaksiyası adekvat deyil. Yoxlanılan şəxs X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Onun psixi vəziyyətinə görə faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. 31.1-ci maddəsinə əsasən, fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər; 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir;

11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edib, ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə təmin edilməlidir.

13. Belə ki, X5 xx.xx.2006-cı ildə doğulmuşdur. Ərizəçilər ərizə ilə məhkəməyə müraciət edərək X1 fəaliyyət qabiliyyətsiz hesab edilməsini məhkəmədən xahiş edir.

14. Məhkəmə tərəfindən xx.xx.2006-cı il təvəllüdlü X1 psixi vəziyyətinin öyrənilməsi məqsədilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2025-ci il tarixli, 3506 saylı rəyində tədqiqatın nəticəsi olaraq göstərilmişdir ki, yoxlanılan şəxs X2 uşaq serebral iflici nəticəsində yaranan orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. E.Ərizəçi2 psixi vəziyyətinə görə ətrafda baş verən hadisələrə qarşı reaksiyası adekvat deyil. Yoxlanılan şəxs X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Onun psixi vəziyyətinə görə faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır.

15. Məhkəmə hesab edir ki, ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

16. Beləliklə, məhkəmə ekspert rəyini işdə olan digər sənədlər ilə birlikdə qiymətləndirərək qeyd edir ki, hazırki işin hallarının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və məhkəmənin özü müstəqil qaydada həmin halları müəyyən edə bilmədiyindən ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir.

17. Belə olan halda məhkəmə hesab edir ki, müvafiq ekspet rəyindən şəxsin tam fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların olduğu müəyyən edildiyindən ərizə təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Nəticə:

18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar