Məhkəmə qərarları › İş №2(060)-5044/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5044/2024

09.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5044/2024 09.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı X4, X7, X1, X18 və Mirzəbəyova Hicran Ruhil qızını mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb etməklə cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa edilməsi tələbi”nə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının babası X21 vəfat etdikdən sonra onun vərəsəsi kimi tanınmaqdan ötrü Sumqayıt şəhəri 1 saylı notariat ofisinə müraciət etmişdir. Müraciətinə yazılı şəkildə cavab olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinin tələblərini əsas gətirərək məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Miras əmlakı iddiaçı babası vəfat edəndən sonra faktiki idarə edir, kommunal xərcləri, o cümlədən vergiləri ödəyir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Notariat ofisinin 01 iyul 2024-cü il tarixli iş № 1424 saylı arayışında qeyd edilmişdir ki, xx.xx.1989-cu il tarixdə vəfat etmiş X14 vərəsəlik işi ilə əlaqədar Sumqayıt şəhər 1 saylı notariat ofisi tərəfindən nəvəsi-İddiaçı Sumqayıt şəhər 1 saylı notariat ofisinin verdiyi xx.xx.2024-cü i tarixli, 7E-19945 reyestr nömrəli etibarnaməyə əsasən nümayəndəsi X5 müraciəti əsasında vərəsəlik işi açılmışdır. Göstərilənlərə əsasən Sumqayıt şəhəri 1 saylı notariat ofisinin imtina qərarının ləğv edilməsi və Sumqayıt şəhəri , Corat qəsəbəsində yerləşən 45 nömrəli fərdi yaşayış evinə və torpaq sahəsinə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin üzrlü sayılması, miras əmlakın qəbulu ilə əlaqədar ötrülmüş müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat ofisi tərəfindən məhkəməyə məktub göndərilərək, işə onların iştirakı olmadan baxılması məhkəmədən xahiş edilmişdir.

5. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

7. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Corat qəsəbəsi tərəfindən xx.xx.1966-cı il tarixdə verilmiş AЗ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1965-ci ildə Sumqayıt şəhərində anadan olmuş, atası X21, anası X8r.

10. İş materiallarında olan Sumqayıt şəhər Corat icra nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-T № 257332 nömrəli doğum haqqında şəhadətnamənin təkrarının surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, atası X19, anası X15r.

11. İş materiallarında olan Sumqayıt şəhər Corat qəsəbə soveti tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, İİİ-ЖГ № 421468 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1989-cu il tarixdə ölmüş, bu barədə 29 noyabr 1989-cu il tarixli 15 №-li akt qeydi tərtib olunmuşdur.

12. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ № 408654 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2013-cü il tarixdə ağciyər ödəmi səbəbindən ölmüş, bu barədə 22 iyun 2013-cü il tarixli 871 №-li akt qeydi tərtib olunmuşdur.

13. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-cü il tarixli, AZ-İİ № 086391 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2020-ci il tarixdə dəqiqləşdirilməmiş qaraciyər çatmamazlığı səbəbindən ölmüş, bu barədə 11 iyun 2020-ci il tarixli 514 №-li akt qeydi tərtib olunmuşdur.

14. İş materiallarında olan İddiaçı əvəzinə X11 tərəfindən Notariat ofisinə ünvanlanan **********154 saylı ərizədən görünür ki, ünvan 1nında yaşamış atası X19 xx.xx.2020-ci ildə vəfat etmişdir. Hal-hazırda X9 xx.xx.2013-cü il tarixdə vəfat etmiş anası X2 qəbul etdiyi, həmçinin X6 xx.xx.1989-cu il tarixdə vəfat etmiş əri- X12 qəbul etdiyi Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 45 nömrəli fərdi yaşayış evinə və torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş edir. Bildirir ki, ondan başqa vərəsələri vardır: X22- qardaşı oğlu, X13- qardaşı qızı, Mirzəbəyova Hicran Ruhil qızıqardaşı qızı, X17- qızı, X10- qardaşı qızı.

15. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1424 nömrəli arayışdan görünür ki, icraatında olan xx.xx.1989-cu il tarixdə vəfat etmiş X14 vərəsəlik işi ilə əlaqədar Sumqayıt şəhər 1 saylı notariat ofisi tərəfindən nəvəsi- İddiaçı Sumqayıt şəhər 1 saylı notariat ofisinin verdiyi xx.xx.2024-cü i tarixli, 7E-19945 reyestr nömrəli etibarnaməyə əsasən nümayəndəsi X3 müraciəti əsasında vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1243.2.-ci maddəsinə əsasən vərəs mirasın açıldığı yer üzrə notariat ofisinə miras qəbul ediyi barədə ərizə verdikdə və ya əmlak sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Təqdim olunan sənədlərdən xx.xx.1989-cu il tarixdə vəfat etmiş X12 miras qalmış əmlaka: Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 45 nömrəli fərdi yaşayış evinə və torpaq sahəsinə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən İddiaçı mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməmiş və miras əmlakı faktiki qəbul etməmişdir. Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının babası X21 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. İddiaçı mirasın qəbulu ilə bağlı Sumqayıt Şəhər 1 saylı Notariat ofisinə müraciət etmiş, lakin müddətin ötürülməsi ilə bağlı ona imtina cavabı verilmişdir. Hazırda iddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 45 saylı evin babasından miras qaldığını iddia edir və mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək uzadılmasını tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

18. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

19. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

20. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

21. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

22. Eyni Məcəllənin 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

23. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

24. Qeyd olunan Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.

25. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

26. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

27. G.Qəhrəmanovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.

28. Həmçinin göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

29. İşin müəyyən edilmiş hallarından göründüyü kimi X21 öldükdən sonra nəvəsi İddiaçı vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməsə də, miras əmlaka faktiki sahiblik və idarə etmiş, əmlakın saxlanılması üçün hərəkətlər etmişdir.

30. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı mirasının açıldığı məqamda miras əmlak onun istifadəsində olmuş və mirasqoyanın vərəsəsi tərəfindən qeyri-rəsmi üsulla qəbul olunmuşdur. Mülki qanunvericiliyin tələblərinə görə isə, mirası qəbul etmə müddətinin ötürülməsi (buraxılması) vərəsənin miras əmlaka, vərəsəliyə olan hüququnun itirilməsi ilə nəticələnir. İddiaçının babasının mirasını vaxtında qəbul etməməsi üzrlü səbəblərdən baş vermişdir.

31. Məhkəmə iddia tələbinin “Sumqayıt şəhəri 1 saylı notariat ofisinin imtina qərarının ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməməlidir.

32. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunun mənasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyrirəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir.

33. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər.

34. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, mərhum X12 miras qalmış əmlakın İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.1989-cu il tarixdə vəfat etmiş X12 miras qalmış əmlakın İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar