Məhkəmə qərarları › İş №2(060)-5050/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5050/2022

26.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5050/2022 26.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 6, otaq 44də öz ailə üzvləri ilə birgə 7 ildir ki, yaşamır. Bunu xx.xx.2022-ci il tarixli qonşuların aktı da təsdiq edir. ‘Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” xx.xx.2022-ci ildə, ******* №-li akt tərtib edilmiş, sözügedən akta əsasən ona 2731.52 manat itirilmiş qazın bərpası üçün cərimə hesablanmışdır. O, cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır. Cavabdeh tərəfindən dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyd edilmişdir ki, guya sayğacdan kənar qaz xəttindən istifadə edilmişdir. O, 7 ildir ki, sözügedən ünvanda yaşamır və yaşadığı müddətdə də sayğacdan kənar qaz xəttindən istifadə etməmişdir. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmişdir. Bu səbəbdən də tələb olunan 2731.52 manat məbləği əsassız hesab edir. Həmçinin aktın tərtibində iştirak etməmiş və onu imzalamamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* №-li akta əsasən abonent saldosunda göstərilən 2731.52 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. Onun yataqxanada 16 kv.metrdən ibarət 1 otaqlı mənzili var. Təqaüdə çıxana qədər həmin mənzildə yaşamışdır. Artıq 6-7 ildir ki, Siyəzən rayonuna köçmüşdür. Həmin ünvanda da hazırki vaxta qədər qeydiyyatdadırlar. Onun mənzilində heç bir əlavə qaz xətti yoxdur. Orda yaşayarkən də həmişə ümumi mətbəxdən istifadə etmişdir. Cavabdeh tərəfindən akt tərtib olunmuş, sayğac dəyişdirilmiş, onun heç nədən xəbəri olmamışdır. Ona sayğacdan kənar qoşulma olduğu bildirilmişdir. Otaqda 3 nəfər qeydiyyatdadırlar. Otaqda heç bir qaz cihazı yoxdur, yalnız qaz piltəsindən istifadə etmişdir. Ən çox işlətdikləri halda 4-5 manat sərfiyyat olmuşdur. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə bildirişi göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilən hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, sayğacdan kənar xətt olduğu üçün akt tərtib olunduğunu, sübutlarını məhkəməyə təqdim edəcəklərini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, İddiaçı izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən şahid X1 izahatında bildirdi ki, Rafiq qonşularıdır. O, 7 ildən çoxdur yataqxanada yaşamır. Onunla “Azəriqaz” İB arasında müqavilə bağlanmışdır. Sayğac gec gəldiyi və xəstə uşağı olduğu üçün “Azəriqaz” İB-nin icazəsi ilə başqa qonşunun sayğacından xətt çəkilmişdir. Bunun isə Rafiqlə heç bir əlaqəsi yoxdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci ildə dövlət yataqxanaya baxış zamanı sayğacdan kənar xətt aşkar olunmuşdur. Ona görə də itirilmiş qazın bərpası üçün dəymiş ziyan tələb edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, iddiaçının ünvanına ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün 8424 kubmetr qaz itkisi hesablanmışdır. İş materiallarında olan abonent saldosu və abonent kartına əsasən müəyyən edilir ki, müəyyən illlər üzrə iddiaçının yaşadığı ünvanda istifadə olunmuş qaz sərfinə uyğun ödənişlər edilmişdir. İş materiallarında olan iddiaçı R.Ə.Novruza verilmiş arayışa əsasən müəyyən edilir ki, o, ailə üzvləri ilə birlikdə Siyəzən rayonu, C.Novruzov küçəsində yaşayır. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, ******* saylı, xx.xx.2022-ci il tarixli akt iddiaçının yaşadığı yataqxananın ümumi mətbəxinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğacdan kənar xətt olduğu üçün tərtib edilərək, 8424 kubmetr qaz itkisi hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə hesab edir ki, sayğaca müdaxilə edilməsi qeyd olunmasına baxmayaraq, həmin qanunsuz qoşulma halı məhkəmə iclaslarında cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən sübut olunmamışdır. Belə ki, həmin sayğaca kənar xəttin qoşulmasının məhz iddiaçının qanunsuz hərəkəti nəticəsində oluduğu müəyyən edilməmiş və həmin hal məhkəmə iclasında cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi tərəfindən əsaslı dəlilləri təqdim ediləcəyi bildirilsədə bununla bağlı zəruri sübutları məhkəməyə təqdim olunmayaraq, öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, iddiaçının həmin ünvanda uzun müddətdir yaşamadığı onun tərəfindən təqdim olunmuş sübutlar və şahid ifadəsi ilə öz təsdiqini tapdığından itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış borcun silinməsi barədə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 842.4 manat borc abonentin hesabından (abonent kodu **********10440) silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbini qismən təmin edilməsi qənaətinə gələrkən “Dəymiş ziyanın bərpasına dair” tələbnamədə itirilmiş qazın bərpası üçün 8424 kubmetr qaz itkisi olduğu üçün 842.4 manat məbləğin silinməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən ünvan 2 ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 842.4 (səkkiz yüz qırx iki manat qırx qəpik) manat borc abonentin hesabından (abonent kodu **********10440) silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar