Məhkəmə qərarları › İş №2(060)-507/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-507/2025

08.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-507/2025 08.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq, cavabdeh tərəfindən yaşadığı ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 5 otaqlı evdə, Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 28 dekabr 2022-cı il tarixdə tərtib edilmiş 29/1710- 04452-1 saylı aktın 160-cı bölməsinə aid (sayğacın zavod nömrəsi 1602AZ**********20) olan hissəsinin və xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta görə əsassız hesablanmış 930,80 manat məbləğdə borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, onunla X3 arasında bağlanmış 21 yanvar 2018ci il tarixli beh müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 5 otaqlı mənzil və 0.02 ha torpaq sahəsi ona məxusdur. ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 5 otaqlı mənzildə istifadə etdiyi qaz sayğacına görə ödənişlər vaxtlı-vaxtında tərəfindən ödənilmişdir (Sayğac Zenner G4T SMART№**********962, quraşdırma tarixi xx.xx.2022). Bütün bu ödənişlər barədə qəbzləri var. Heç bir borcunun olmamasına baxmayaraq əsassız olaraq cavabdeh təşkilat həmin ünvan üzrə onun guya 930,80 manat akta görə əsassız hesablanmış borcunun olduğunu bildirmişdir. Cavabdeh İB-nə hal-hazırda heç bir borcu yoxdur. Hesab edir ki, həmin borclar qanunsuzdur və əsassız olduğu üçün silinməlidir. Vaxtlı-vaxtında qaz sərfiyyatına olan borcu ödəyir. Heç bir borcu yoxdur. Cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 dekabr 2022-ci ıl tarixdə tərtib edilmiş 29/1710-04452-1 saylı aktın 160-cı bölməsinə aid (sayğacın zavod nömrəsi 1602AZ**********20) olan hissəsinin və xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta görə əsassız hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarı ilə təsdiq edilmiş qaz sərfiyyatının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaz sərfiyyatının istifadəsinə görə mövcud qərarların müvafiq maddəsinə əsasən qaz təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş qaz sərfiyyatına görə ödəniş alır. Cavabdeh təşkilat isə onun istifadə etmədiyi qaz sərfiyyatına görə ödəniş tələb edir. Yuxarıda qeyd olunanlardan da görünür ki, qaz sərfiyyatına görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılmalı, bir qayda olaraq hesablaşma dövrü 1 ay qəbul olunmalı, həmçinin qaz təchizatı müəssiəsinin istehlakçıdan yalnız istifadə olunmuş qaz sərfiyyatına görə ödəniş tələb etməlidir. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, X3 mənzilin köhnə mülkiyyətçisidir. Mənzili etibarnamə əsasında ondan almışdır. Mənzili hal-hazırda sənədləşdirməmişdir.

4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, ünvan 2 ünvanında yerləşən X2 məxsus evə baxış keçirilmiş, sayğacın istismara yarasız olduğu qənaətinə gəlinmiş və yeni sayğac quraşdırılmışdır. Bununla bağlı abonentin saldosunda məlumat qeyd olunmuşdur.

Tədqiq olunan sübutlar:

5. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 28 dekabr 2022-ci il tarixdə tərtib olunmuş ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunmuşdur ki, metrologiya departamentinin rəyinə görə G4 markalı sayğaca ümumi baxış keçirilmiş, hesablama mexanizmini hərəkətə gətirən dişli çarxlardan birinin kəsildiyi, sayğacın klapanının işlək olmadığı, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sağ metrologiya plombunun kənar təsir nəticəsində deşildiyi, sayğacın yaddaş arxivi oxunaraq xx.xx.2018-ci il və xx.xx.2022-ci il tarixlərdə Alarm-1 rejiminin aşkar olunduğu, sayğacın istismara yararsız olduğu göstərilmişdir.

6. Abonentin saldosundan görünür ki, X1 Sumqayıt şəhəri, Corat bağ massivində təbii qazdan istifadəyə görə akt üzrə 2023-cü il tarixinə 1036,80 manat məbləğində borcu yaranmış, 2023-cü il tarixində 106 manat məbləğində ödəniş etmişdir.

Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. -560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

9. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun

-13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. -20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. -21.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.

10. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın

-3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. -4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. -4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. -4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. -4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. -3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; -5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

11. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu -3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. -18.1-ci maddəsinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. -18.2-ci maddəsinə görə istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. -26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

13. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarına əlavə edilmiş “Abonentin saldosu”ndan aydın olur ki, X1 adına Sumqayıt şəhəri, Corat bağlar massivi ərazisi, V.Allahverdiyev küçəsində yerləşən 158 saylı evdə qazdan istifadəyə görə **********06380 saylı kod açılmışdır. Sumqayıt şəhər Bələdiyyəsi Saray və Novxanı Bağlar massivi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 83 nömrəli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, Corat bağlar massivi ərazisi, V.Allahverdiyev küçəsində yerləşən 158 saylı evdə qeydiyyatsız yaşayır. İddiaçı həmin evi mənzilin köhnə sahibindən etibarnamə əsasında aldığını bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir.

14. İddiaçı Cavabdeh İB tərəfindən qeyd olunan ünvana qaz sərfinə görə hesablanmış borcun silinməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən 28 dekabr 2022-ci il tarixdə abonent kodu **********06380 olan X2 ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuş və həmin akta əsasən 1038,60 manat məbləğində borc yazılmışdır. Abonentin saldosundan görünür ki, abonent tərəfindən 2023-cü il tarixində 106 manat məbləğində ödəniş edilmişdir. Hal-hazırda iddiaçı 930,80 manat məbləğində borcun silinməsini məhkəmədən xahiş edir.

15. Qeyd edilən aktda qazdan istifadə qaydalarının pozulmasının əsası kimi hesablama mexanizmini hərəkətə gətirən dişli çarxlardan birinin kəsildiyi, sayğacın klapanının işlək olmadığı, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sağ metrologiya plombunun kənar təsir nəticəsində deşildiyi, sayğacın yaddaş arxivi oxunaraq xx.xx.2018-ci il və xx.xx.2022-ci il tarixlərdə Alarm-1 rejiminin aşkar olunduğu, sayğacın istismara yararsız olduğu göstərilmişdir.

16. Beləliklə, cavabdeh ünvana baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sağ metrologiya plombunun kənar təsir nəticəsində deşildiyi, sayğacın yaddaş arxivi oxunaraq xx.xx.2018-ci il və xx.xx.2022-ci il tarixlərdə Alarm-1 rejiminin aşkar olunduğu, sayğacın istismara yararsız olduğu və bunun iddiaçı tərəfin müdaxiləsi əsasında baş verdiyi qənaətinə gələrək dəymiş ziyan qismində sonuncudan 1038,60 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmişdir.

17. Halbuki yuxarıda qeyd edilən “Qaz təchizatı” haqqında Qanunun 13.8-1-ci maddəsinin məzmunundan aydın olur ki, qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

18. Hazırki iş üzrə qaz xəttinə qanunsuz qoşulma halları ilə bağlı tərtib edilmiş aktın inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq ivcra hakimiyyəti orqanına və ya cinayət təqibi orqanına təqdim edildiyi və həmin orqanların və ya məhkəmənin qərarı ilə həmin şəxsin qazın talanmasında təqsirli olduğu müəyyən edilməmişdir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda məzmunu qeyd olunmuş 1096.1-ci maddəsinin tələbinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması, - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, -zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçıdan zərərin ödənilməsi tələb oluna bilməz.

20. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Qanunvericiliyin tələbinə görə zərər vurulmasına gətirib çıxaran hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) təqsirdə ifadə olunur. Başqa sözlə, hüquqa zidd əməl təqsirli olaraq törədilməli, vurulmuş ziyanla hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır.

22. Məhkəmə qeyd edir ki, iddia tələbli bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir.

23. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir.

25. Hazırki işdə cavabdeh iddiaçının qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişdir.

26. Eləcə də məhkəmə qeyd edir ki, iddia tələbinin Cavabdeh İB-nin əməkdaşları tərəfindən 28 dekabr 2022-ci il tarixdə tərtib olunmuş ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın 160-cı bölməsinin silinməsinə dair hissəsi məhkəmə üçün anlaşılan deyildir və qeyri-müəyyən tələbdir. Ona görə də həmin hissələrdə iddia təmin edilməməlidir.

27. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 930 (doqquz yüz otuz) manat, 80 (səksən) qəpik borc **********06380 saylı abunə hesabından silinməlidir.

Nəticə:

1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 930 (doqquz yüz otuz) manat, 80 (səksən) qəpik borc **********06380 saylı abunə hesabından silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar