Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-508/2024 06.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə 06 may 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 51-ci məhəllə, ev 120D dair qaz sayğacına görə **********08280 nömrəli abonent koduna yaranmış 2809.50 (iki min səkkiz yüz doqquz manat əlli qəpik) məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 51-ci məhəllə, ev 120D onun xüsusi mülkiyyətindədir. Həmin evini o, Sumqayıt 4 saylı notariat ofisində 27 sentyabr 2023-cü il tarixdə təsdiq edilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 alıb. Həmin evə dair **********08280 nömrəli abonent kodu Quliyeva Mətanət adlı şəxsin adına qeydiyyata alınmışdır. O, həmin şəxsi heç vaxt görməyib və tanımır. O, Cavabdeh İB-nin verdiyi “SMARTKART”ı istifadə etmək istədikdə həmin kartın bloklandığını bilmişdir. Bunun səbəbini öyrənmək üçün Sumqayıt şəhər qaz istismarı idarəsinə müraciət etmişdir. Orada ona məlum olmuşdur ki, Sumqayıt şəhəri, 51-ci məhəllə, ev 120D dair qaz sayğacına görə **********08280 nömrəli abonent koduna 2809.50 (iki min səkkiz yüz doqquz manat əlli qəpik) borcu yaranmış və bu səbəbdən smartkart bloklanmışdır. Sumqayıt şəhər qaz istismarı idarəsindən əldə etdiyi Sumqayıt şəhəri, 51-ci məhəllə, ev 120D dair qaz sayğacına görə **********08280 nömrəli abonent kodunun hesab nömrəsindən də görünür ki, hazırda mülkiyyətçisi olduğu evə dair qeyd olunan borc məbləği 2014-2018-ci illərdə yaranmışdır və həmin borc məbləğinin ona heç bir aidiyyatı olmamaqla, borcun tələb etmə müddəti də ötmüşdür. Qeyd edir ki, nə o, nə ailə üzvləri tərəfindən həmin evdə heç bir gün belə yaşamayıblar və qazdan da heç vaxt istifadə edilməyib, tərəflərindən sayğaca və ya qaz borularına heç bir müdaxilə olunmayıb. Onun və yaxud ailə üzvlərinin bu evə dair cavabdehlə qazdan istifadəyə dair müqavilə belə bağlanmayıb. Yaranmış həmin borcu qanunsuz və əsassız hesab edir. Belə ki, qaz sayğacı həyətdən kənarda, çöldə quraşdırılmışdır. Həmçinin sayğaca nəzarət cavabdeh təşkilatın əməkdaşlarının nəzarətində olan işdir. Bu müddət ərzində cavabdeh təşkilatın yaxud onun sahə üzrə nəzarətçisinin sayğaca nəzarət etməməsi və işinə səhlənkar yanaşaraq əvvəlki ev sahiblərindən qaz borcunu vaxtında tələb etməməsi mülkiyyətçi kimi onun hüquqlarını pozur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı hazırda yaşadığı evi 27 sentyabr 2023-cü ildə alqı-satqı müqaviləsi əsasında alıb. Sənədlərdən görünür ki, hazırda silinməsi tələb edilən 2809.50 manat borc 2014 və 2018-ci illər arasında yaranıb. İddiaçı kart bloklandığı üçün qazdan istifadə edə bilmir. Qaz idarəsinə getdikdə mənzilin borcu olduğunu öyrənib. İddiaçı qazdan istifadə etmədiyi üçün borc onun üzərində qalmamalıdır. Ev təxminən 4 dəfə satılıb, hər dəfə ev satıldıldıqca qaz istifadəçilərinin borcu yaranıb və ödənilməyib. Qaz idarəsi həmin istifadəçiləri məhkəməyə verməyib və tələbetmə müddəti ötürülüb. Hesab edir ki, hesablanmış bu borc məbləği iddiaçının hüquqlarını pozur. Ev iddiaçı tərəfindən oktyabr ayında alqı-satqı yolu ilə alınmışdır. Qaz idarəsi evin keçmiş sahibi ilə müqavilə bağlamayıb. Bundan başqa iddiaçı və cavabdeh arasında qazdan istifadə ilə bağlı müqavilə bağlanmayıb. Mülki Məcəllənin tələblərinə görə tərəflər arasında öhdəlik yalnız müqavilə əsasında yaranır. Hesab edir ki, təqsir və səbəbli əlaqə müəyyən edilmədiyi halda iddiaçının üzərinə belə bir öhdəlik, tələb qoyula bilməz. Nümayəndə qeyd edilənlərə əsasən qeyd edilən fərdi yaşayış evinin qaz sayğacına görə **********08280 nömrəli abonent koduna yaranmış 2809.50 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Hazırda iddiaçı tərəfindən silinməsi tələb edilən borc sərfiyyatla əlaqədar yaranmışdır, yəni vətəndaşın evinə dair sayğacdan istifadə ilə bağlı hər hansı bir akt tərtib edilməyib. Hazırda yaranmış vəziyyət iddiaçının öz səhlənkarlığıdır. Belə ki, iddiaçı mənzil alqısatqısı zamanı bütün kommunal xidmətlər üzrə borcun olub-olmadığını aydınlaşdırmalı idi. Onu da məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı qazdan istifadə ilə bağlı müqavilənin bağlanması üçün Cavabdeh İB-yə müraciət etməyib. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə edilmiş 27 sentyabr 2023-cü il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 51-ci məhəllə, 120D saylı evi X1 almışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında Mətanət Quliyevanın adına xx.xx.2022-ci il tarixdə açılmış sayğaca əsasən ona təbii qazdan istifadəyə görə 2809.50 manat borc hesablanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 572.1-ci maddəsinə görə alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Həmin Məcəllənin 572.2-ci maddəsinə əsasən bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbinin əsası kimi hazırda silinməsini tələb etdiyi borcun evin əvvəlki sahiblərinə aid olmasına istinad edir. İş materiallarından görünür ki, mübahisəli mənzil 27 sentyabr 2023-cü il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən alınmışdır. Mübahisəli mənzilə hesablanmış 2809.50 manat borc isə 2022-ci ildən əvvəlki dövr üzrə sərfiyyatla əlaqədar yaranmış borcdur. «Qazdan istifadə Qaydaları»nın 6.4-cü bəndinə əsasən qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qaydalar obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə qazdan istifadəyə görə olan borcu ödəmək vəzifəsini əvvəlki mülkiyyətçinin üzərinə qoymuşdur. Lakin, hazırki iş üzrə əvvəlki mülkiyyətçi qazdan istifadəyə görə olan borcu ödəməmiş, iddiaçı isə borcu olan mənzili satın almışdır. Göründüyü kimi iddiaçı sözügedən mənzili əvvəlki mülkiyyətçidən alqı-satqı yolu ilə əldə edərkən yüklü şəkildə qəbul etmiş və müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Eyni zamanda Qaydalardan göründüyü kimi, qanunvericilik mülkiyyətçinin dəyişməsi halını borcun silinməsi üçün əsas kimi müəyyən etməmişdir. Həmçinin, alqı-satqı edərkən, mənzilə dair problemli məsələlərin – həmin mənzilə dair borcun olub-olmaması, mənzil üzərində həbsin olub-olmaması, mənzilin ipoteka predmeti olub-olmaması və s. müəyyən edilməsi alıcının risk dairəsinə aiddir. Odur ki, iddiaçının qazdan istifadəyə görə borcu olan mənzili alması həmin borcun silinməsinə əsas verə bilməz. Məhkəmə onu da qeyd edir ki, borcun əvvəlki istehlakçı, yoxsa sonrakı istehlakçı tərəfindən yaranmasından asılı olmayaraq istənilən halda qaz sərfiyyatı ilə əlaqədar yaranmış borc ödənilməlidir. Belə ki, mübahisələndirilən borc məbləğinin evin əvvəlki və ya sonrakı mülkiyyətçisinə aid olmasından asılı olmayaraq, qaz təchizatı müəssisəsi bununla bağlı risk daşımır. Əks halda borcun kimin tərəfindən yaranmasından asılı olmayaraq bu cür hallar qaz təchizatı müəssisəsinin mənafeyinə zərər vurmaqla yanaşı, həm də qaz təchizatı müəssisəsi ilə istehlakçılar arasında qeyri-müəyyən presedentlərin yaranmasına səbəb ola bilər. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı borcun silinməsinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı borcun silinməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-508/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-508/2024
06.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver