Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5089/2021 13.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi, aktlara əsasən hesablanmış 358,76 manat və 350,06 manat borcun silinməsi tələbinə dair mülki işə 13 avqust 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evinə qanunsuz və əsassız yazılmış 12.10.2017-ci il tarixli, 086147 saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 358,76 manat və 25.12.2020-ci il tarixli 021033 saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 350,06 manat borcların **********00069 saylı abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, 4-cü mikrorayon, ev 17A, mənzil 69 ünvanında yaşayır. Həmin evdə elektrik enerjisindən yalnız işıqlandırma məqsədi ilə istifadə edir. Tərəfindən sərf edilən elektrik enerjisinin dəyərini vaxtı-vaxtında ödəyir. Həmin ünvün 01.10.2000-ci ildə enerji təchizatçı müəssisəsi tərəfindən qeydiyyata alınmış, **********00069 saylı abunə haqqı açılmışdır. 12.10.2017-ci il tarixdə və 25.10.2020ci il tarixdə cavabdeh təşkilatın işçiləri tərəfindən ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilik elektrik hesabat sayğacına baxış keçirərkən hesabat sayğacına müdaxilə olunduğu və işləmədiyi deyilərək ona 12.10.2017-ci il tarixli, 086147 saylı akt əsasında 358,76 manat, 25.12.2020-ci il tarixli 021033 saylı akt əsasında 350,06 manat əlavə sərfiyyat hesablanmışdır. Həmin ərazidə həmin sayğaca cavabdeh təşkilatın nümayəndələri hər ay baxış keçirərək ona bildiriş təqdim edirlər və onun sayğaca hər hansı müdaxilə olmasından və ya işləməməsindən xəbəri olmayıb. Bundan başqa o, sayğacın qorunmasına hər hansı bir cavabdehlik daşımır. Sayğac pilləkan meydançasında yerləşir və sayğaca enerji təchizatçısı olan təşkilat nəzarət edir və cavabdehlik daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları”nın (EEİQ) 8.32-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatçı müəssisəsi olan istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat verməlidir. İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra enerji təchizatçı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatçı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Abunə haqqında çıxarışdan görünür ki, mənzilə quraşdırılmış elektrik hesabat sayğacı əsasında yaranmış borc vaxtında tərəfindən cavabdehə ödənilmişdir. Hazırda "xxxx" ASC əsassız tərtib olunmuş akt əsasında yaranmış borcu ondan tələb edir. O, tərtib olunmuş aktları əsassız hesab edir. Həmin aktlar yalnız cavabdeh təşkilatın nümayəndələri tərəfindən imzlanmışdır. Həmin aktları o imzalamamışdır. Halbuki akt enerji təchizatçı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Onu da qeyd etdi ki, 02.11.2007-ci il tarixdə evə quraşdırılmış elektrik hesabat sayğacı üzrə aylıq sərfiyyatla əvvəlki sayğac üzrə olan sərfiyyat arasında heç bir fərq yoxdur. Deməli o, sayğaca hər hansı bir müdaxilə etməmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən evinə qanunsuz və əsassız yazılmış 12.10.2017-ci il tarixli, 086147 saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 358,76 manat və 25.12.2020-ci il tarixli 021033 saylı aktın etibarsız hesab edilməsi, həmin akta əsasən hesablanmış 350,06 manat borcların **********00069 saylı abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda sadalananlara əsasən İddiaçı "Azərişıq” ASC-nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, 12.10.2017-cı il tarixində "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğacın üst örtüyünün gövdədən vint qarışıq sərbəst aralanması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları”nın (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 12.10.2017-ci il tarixli, 086147 saylı akt əsasında 358,76 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir və həmin borc abonent tərəfindən ödənilmişdir. Hazırda abonentin 351,04 manat borcu vardır. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"nın (EEİQ) 8.32-ci bəndinin "Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır, b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır.") tələblərinə uyğun olaraq abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə etdiyi nəzərə alınaraq, akt əsasında 358,76 manat yenidən hesablaşma aparılmış və bu barədə abonentə müvafiq ödəniş sənədi təqdim edilmişdir. Qeyd olunan faktla bağlı daha da obyektiv araşdırma aparılması məqsədi ilə həmin sayğac quraşdırıldığı yerdən çıxarılaraq xüsusi qutuya qoyulmaqla möhürlənmiş və "xxxx" ASC-nin ixtisaslaşmış laboratoriyasında xüsusi komissiya tərəfindən yoxlanılmış və həmin elektrik hesabat sayğacın dövlət möhürü vurulmuş vintin yuvası yerindən çıxarılmaqla sayğacın bütövlüyü pozulması, hesab mexanizminin dişlərində əzilmə izləri olması müəyyən edilərək 04.12.2017-ci il tarixli 070847 saylı protokolla təsdiq edilmişdir. Həmin borc abonent tərəfindən ödənilmişdir. Halhazırda abonentin 351.04 manat borcu var. 18.05.20201-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğacın işləməməsi halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları”nın (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 25.12.2020-ci il tarixli, 021033 saylı akt əsasında 350,06 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Bununla əlaqədar abonentə qarşı abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə etdiyi nəzərə alınaraq, 350,06 manat məbləğində itirilmiş elektrik enerjisi dəyəri bərpa edilmişdir. Faktla bağlı daha da obyektiv araşdırma aparılma məqsədi ilə həmin sayğac quraşdırıldığı yerdən çıxarılaraq xüsusi qutuya qoyulmaqla möhürlənmiş və "xxxx" ASC-nin ixtisaslaşmış laboratoriyasında xüsusi komissiya tərəfindən yoxlanılmış və həmin elektrik hesabat sayğacın daxili qüsur nəticəsində işləməməsi sayğacın istismara yararsız olması müəyyən edilərək 03.02.2021-ci il tarixli 208333 saylı protokolla təsdiq edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır. Onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir, bu isə iddiaçının hüquqdan suiistifadə etməsi qənaətinə gəlməyə əsas verir. Ona görə də nümayəndə iddia tələbinin əssasız olduğu üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan 12.10.2017-ci il tarixli, 086147 nömrəli aktdan görünür ki, ünvan 2 ünvanının sayğacına baxış keçirilmiş və baxış zamanı sayğacın üst örtüyünün gövdədən vint qarışıq sərbəst aralanması halı müəyyən olunmuşdur. İşdə olan sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında 04.12.2017-ci il tarixli 070847 nömrəli protokoldan görünür ki, ünvan 2 ünvanının sayğacına keçirilmiş baxış zamanı dövlət möhürü vurulmuş vintin yuvası yerindən çıxarılmaqla sayğacın bütövlüyünün pozulması, hesab mexanizminin dişlərində əzilmə izlərinin olması halı müəyyən olunmuşdur. İşdə olan 25.12.2020-ci il tarixli, 011033 nömrəli aktdan görünür ki, ünvan 2 ünvanında olan sayğaca baxış keçirilmiş və baxış zamanı sayğacın işləməməsi, sxemindən keçən elektrik yükünü qeyd etməməsi, elektron çıxış tablosunun oxunmaması halı müəyyən olunmuşdur. İşdə olan sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında 03.02.2021-ci il tarixli 021033 nömrəli protokoldan görünür ki, ünvan 2 ünvanının sayğacına keçirilmiş baxış zamanı sayğacın azs möhürünün normal olması, sayğacın daxili qüsur nəticəsində işləməməsi müəyyən olunmuşdur. İş materiallarında olan RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə X1 adına 212 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 08.04.2019-cu il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 12.03.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı və digərləri ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 27.07.2021-ci il tarixli abonentin saldosundan görünür ki, X1 hazırda 351,04 manat məbləğində borcu vardır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı anası X1 mülkiyyətində olan ünvan 2 ünvanında yaşayır, yəni həmin mənzildə elektrik enejisindən istifadə edən istehlakçılardan biridir. Həmin mənzildə istifadə edilən elektrik enerjisini qeydə alan sayğac mənzilin çöl hissəsində quraşdırılmışdır. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları iddiaçının istifadəsində olan qeyd edilən mənzilə gələrək, 12.10.2017-ci il tarixdə və 25.12.2020-ci il tarixdə sözügedən mənzildə elektrik sayğacına müdaxilə olunmasını aşkar etmiş, bununla bağlı iddiaçıya borc hesablamışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.3-cü bəndinə görə yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Həmin Qaydaların 7.11-ci bəndində nəzərdə tutulur ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. İşdə olan 12.10.2017-ci il tarixli, 086147 nömrəli aktdan görünür ki, ünvan 2 ünvanının sayğacına baxış keçirilmiş və baxış zamanı sayğacın üst örtüyünün gövdədən vint qarışıq sərbəst aralanması halı müəyyən olunmuşdur. Həmin akt əsasında aparılmış yoxlama nəticəsində dövlət möhürü vurulmuş vintin yuvası yerindən çıxarılmaqla sayğacın bütövlüyünün pozulması, hesab mexanizminin dişlərində əzilmə izlərinin olması halı müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, 12.10.2017-ci il tarixdə dövlət möhürü vurulmuş vintin yuvası yerindən çıxarılmaqla sayğacın bütövlüyünün pozulması halı müəyyən edildiyindən sözügedən aktın etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. İddiaçı həmin akt əsasında ona hesablanmış 358,76 manat cəriməni də ödəmişdir. Bu səbəbdən həmin hissədə iddia tələbi təmin edilməməlidir. Lakin işdə olan 25.12.2020-ci il tarixli, 011033 nömrəli aktdan görünür ki, mübahisəli ünvanda olan sayğaca baxış zamanı sayğacın işləməməsi, sxemindən keçən elektrik yükünü qeyd etməməsi, elektron çıxış tablosunun oxunmaması halı müəyyən olunmuşdur. Həmin akt əsasında aparılmış yoxlama nəticəsində sayğacın azs möhürünün normal olması, sayğacın daxili qüsur nəticəsində işləməməsi müəyyən olunmuşdur. Göründüyü kimi mübahisəli ünvanda 25.12.2020-ci il tarixli aktın tərtib edilməsinə səbəb sayğacın daxili qüsur nəticəsində işləməməsi olmuşdur. Yəni sayğac iddiaçının günahı və ya müdaxiləsi nəticəsində yararsız olmamış, sayğacın daxili qüsuru olmuşdur. İstehlakçı elektrik sayğacının zədələnməsinə görə isə o vaxt məsuliyyət daşıyır ki, elektrik paylayıcısı bu zədənin (hazırki halda daxili qüsurunun) istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğacın daxili qüsurunun iddiaçı tərəfindən edildiyini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə onu da qeyd edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İş materiallarına əlavə edilmiş 25.12.2020-ci il tarixli 021033 saylı aktın surətindən görünür ki, sözügedən akt "xxxx" ASC-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş, aktın tərtib edilməsində iki nəfər hal şahidinin iştirakı təmin edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 25.12.2020-ci il tarixli 021033 saylı akt əsasında iddiaçıya hesablanmış 350,06 manat borc borc silinməlidir. Məhkəmə onu da qeyd edir ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş 25.12.2020-ci il tarixli 021033 saylı aktın etibarsızlığı üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğacda yaranmış qüsur öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin yuxarıda qeyd edildiyi kimi, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı istifadəsində olan ünvan 2 ünvanına (abunə kodu: **********00069) cavabdeh "xxxx" ASC tərəfindən 25.12.2020-ci il tarixli 021033 saylı akt əsasında hesablanmış 350,06 (üç yüz əllin manat altı qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5089/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5089/2021
13.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver