Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5090/2021 07.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.02.2021-ci il tarixdə tərtib edilmiş 211741 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 396,64 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, ünvan 1 ünvanında yerləşən abunə kodu **********01978 saylı ünvanında yaşayır. Həmin evdə elektrik enerjisindən yalnız işıqlandırma məqsədi ilə istifadə edirlər. Tərəflərindən sərf edilmiş elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında ödəyirdi. Həmin ünvan 02.11,2004-cü il tarixdə enerjitəchizatı müəssisəsi tərəfindən qeydiyyata alınmış, onun adına **********01978 saylı abunə hesabı açılmışdır. 04.02.2021-ci il, tarixində cavabdeh təşkilatın işçiləri tərəfindən ona məxsus olan Sumqayıt şəhəri, Saray qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 14 ünvandakı evində quraşdırılmış elektrik hesabat sayğacının dövlət möhürünün trosunun əzilməsi, zavod tərəfindən vurulmuş “A” işarəsinin zədələnməsi bildirilərək 211741 saylı akt tərtib edilərək həmin akta əsasən ona 396,64 manat əlavə sərfiyyat hesablanmışdır. Ondan qanunsuz olaraq akta əsasən məbləğ tələb olunduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, həmin ərazidə həmin sayğaca cavabdeh təşkilatın nümayəndələri hər ay sayğaca baxış keçirərək ona bildiriş təqdim edirlər və sayğac mənzilindən kənarda yerləşdiyindən sayğacın qorunması cavabdehlik təşkilatın üzərinə düşür. Həmçinin abunə haqqında çıxarışdan bir daha müəyyən olunurki 14.10.2017-ci il tarixdə evə quraşdırılmış yeni elektrik hesabat sayğacı üzrə aylıq sərfiyyatla əvvəlki sayğac üzrə olan sərfiyyatlar arasında heç bir fərq yoxdur. Onun tərəfindən sayğaca müdaxilə olunsa idi yəqinki sərfiyyat arasında kəskin fərq yaranardı. Bu hal bird aha sübut edir ki, həmin elektrik hesabat sayğacına onun tərəfindən heç bir kənar müdaxilə olunmamışdır. Göstərilənləri nəzərə alaraq, 04.02.2021-ci il tarixdə tərtib edilmiş 211741 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 396,64 manat borcun silinməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmədə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" ASC-nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, 04.02.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən Sayğacın dövlət möhürünün əzilməsi, dartılması zavod tərəfindən vurulmuş “A” işarəsi zədəli olması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qaydaları"nın (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq 04.02.2021-ci il tarixli, 211741 saylı akt əsasında 384,57 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır.") tələblərinə uyğun olaraq abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 etdiyi nəzərə alınaraq, akt əsasında 384,57 manat yenidən hesablaşma aparılmış və bu barədə abonentə müvafiq ödəniş sənədi təqdim edilmişdir. İddiaçı isə ona məxsus mənzilə 396,64 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 149-cu maddəsinə əsasən “İddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif, iddia bir neçə cavabdehə yönəldildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir”. Həmçinin Qeyd olunan faktla bağlı daha da obyektiv araşdırma aparılması məqsədi ilə həmin sayğac quraşdırıldığı yerdən çıxarılaraq xüsusi qutuya qoyulmaqla möhürlənmiş və "xxxx" ASC-nin ixtisaslaşmış laboratoriyasında xüsusi komissiya tərəfindən yoxlanılmış və həmin elektrik hesabat sayğacın üst qapağında qeyd olunan hissədə gövdəyə bağlanan hissədə əziklər olması istehsalçı zavod tərəfindən vurulmuş “A” işarəsi zədəli olması, rəqəmli hesab mexanizmində çarxların dişlərində cızıqlar olması müəyyən edilərək 13.02.2021-ci il tarixli 210972 saylı protokolla təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan suiistifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Göründüyü kimi istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı X1 qaydalarını pozduğuna görə tərtib edilmiş 04.02.2021-ci il tarixli, 211741 saylı aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış 396,64 manat borcun silinməsinə dair iddia tələbinin qanunsuz və əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları H.Mehdiyev, R.Rəhimov və İ.Səfiyarov tərəfindən tərtib edilmiş 04 fevral 2021-ci il tarixli R seriyalı 211741 №li aktdan görünür ki, İddiaçı yaşadığı ünvan 1-a aid elektrik sayğacına baxış zamanı məlum olmuşdur ki, mənzilə məxsus elektrik sayğacının dövlət möhürünün trosu əzilmişdir və dartılır. Zavod tərəfindən vurulmuş “A” işarəsi zədəlidir. İş materiallarında olan 06.05.2021-ci il tarixli Abunə haqqında saldodan görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan, ev (Bina) 0670, mənzil 1978-ə elektrikdən istifadə qaydalarının pozulmasına görə 396,64 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan 05.07.2021-ci il tarixli Abunə haqqında saldodan görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan, ev (Bina) 0670, mənzil 1978-ə elektrikdən istifadə qaydalarının pozulmasına görə 384,57 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayonu, İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi, İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 05.04.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Saray qəsəbəsi, M.Hüseynzadə küçəsindəki 14 №-li evdə yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 8.4-cü bəndinə əsasən “Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır”. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. “X1 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Aktın əsasında enerjitəchizatı müəssisəsi qeydə alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və məişət abonentinə əlavə ödəniş sənədi yazır. Mübahisələndirilən aktdan görünür ki, enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən Qaydaların yuxarıda qeyd olunan tələbləri pozularaq abonentə məxsus elektrik hesabat sayğacının bütövlüyünün pozulması halı üçün abonentə əlavə sərfiyyat hesablanarkən Qaydaların qeyd olunan tələbləri nəzərə alınmamış, akt tərtib olunarkən iki nəfər hal şahidinin iştirakı təmin olunmamış və iddiaçı aktın doğruluğu barəsində məlumat verilməmişdir. Məhkəmə iddia tələbinin tərtib edilmiş 04 fevral 2021-ci il tarixli, 211741 saylı aktın ləğv edilməsi hissəsini araşdıraraq, hesab edir ki, aktın etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, tərtib edilmiş akt həmin sayğaca müdaxilə ilə bağlı olmuş və sayğaca müdaxilə olunması məhkəmədə öz təstiqini tapmışdır. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Əlavə olaraq, iddiaçı onun mənzilinə əsassız olaraq hesablanmış 396,64 manat borcun silinməsini xahiş etsə də, iş materiallarına əlavə edilmiş abunə haqqında saldonun surətindən görünür ki, akt əsasında iddiaçıya 384,57 manat borc hesablanmış və məhkəmə iddia tələbini həmin hissədə təmin edir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı yaşadığı ünvan 1-ə dair "xxxx" ASC tərəfindən əsassız olaraq hesablanmış 384 (üç yüz səksən dörd) manat 57 (əlli yeddi) qəpik məbləğində borc əsassız olduğu üçün silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 1-ə dair "xxxx" ASC tərəfindən əsassız olaraq hesablanmış 384 (üç yüz səksən dörd) manat 57 (əlli yeddi) qəpik məbləğində borc əsassız olduğu üçün silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-5090/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5090/2021
07.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver