Məhkəmə qərarları › İş №2(060)-5092/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5092/2025

17.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5092/2025 17.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X1 və digərlərinə qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, miras payların müəyyən edilməsi və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, forma məzmun) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, İddiaçı cavabdehlər X2, Sumqayıt şəhər 1 saylı notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsinə qarşı müstəqil tələb irəli sürən üçüncü şəxslər X7, Xudiyeva (İskəndərova) Lena İsmixan qızı, X11 və X5 olmaqla qanun üzrə vərəsəlik şəhadətnaməsinin, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, miras payların müəyyən edilməsi və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması tələbinə dair mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 22, 15 saylı mənzilin 1/3 hissəsinə dair cavabdeh X1 verilən qanun üzrə vərəsəlik şəhadətnaməsi və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, atası X3 vəfatından sonra Sumqayıt şəhəri, 11-ci mikrorayon, 22 saylı evin ümumi sahəsi 62,30 m2 olan 3 otaqdan ibarət 15 saylı miras qalmış mənzildə onun və qanun üzrə digər vərəsələrin vərəsəlik paylarının müəyyən edilməsi, atası X3 vəfatından sonra Sumqayıt şəhəri, 11-ci mikrorayon, 22 saylı evin ümumi sahəsi 62,30 m2 olan 3 otaqdan ibarət 15 saylı miras qalmış mənzildə onun vərəsəlik payı üzərində əmlak hüququnun dövlət qeydiyyatına alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülkiprosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Maddə 49.2. On altı yaşı olan yetkinlik yaşına çatmamış şəxs tam fəaliyyət qabiliyyətli elan edildiyi halda (emansipasiya) o, məhkəmədə şəxsən öz hüquq və vəzifələrini həyata keçirə bilər. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Maddə 51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Maddə 51.2. Birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər. Maddə 55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Maddə 55.2. Onlar bu Məcəllənin 4.3 ‒ 4.6-cı maddələrində müəyyən edilmiş qaydalara əməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün hüquqlarından istifadə edir və onun bütün vəzifələrini daşıyırlar. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa;

Məhkəmənin mövqeyi

3. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

4. Məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində iddia tələbini yönəltdiyi cavabdehləri müəyyən etməklə yanaşı, X7, Xudiyeva (İskəndərova) Lena İsmixan qızı, X11 və X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs kimi qeyd etmiş, onun və digər qanun üzrə vərəsələrin paylarının müəyyən edilməsini xahiş etmişdir. İddia ərizəsi iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) tərəfindən imzalanmışdır.

5. Göründüyü kimi iddiaçı iddia ərizəsinin tələb hissəsində təkcə öz hüquqlarının deyil, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs kimi göstərdiyi digər dörd şəxsin, hətta cavabdehin də miras paylarının müəyyən edilməsini xahiş edir.

6. Halbuki həmin şəxslər iddia ərizəsini imzalamamış, birgə iddiaçı kimi deyil, müstəqil tələb irəli sürən üçüncü şəxs kimi çıxış etmişlər.

7. Beləliklə, iddiaçı öz prosessual səlahiyyət həddini aşaraq, digər şəxslərin adından onların iştirakı və razılığı olmadan maddi-hüquqi tələb irəli sürmüşdür. Bu, mülki prosessual qanunvericiliyin tələblərinin birbaşa pozulmasıdır.

8. Bundan əlavə, iddiaçı digər vərəsələri müstəqil tələb irəli sürən üçüncü şəxs kimi göstərməklə MPM-nin 55-ci maddəsinin məzmununu yanlış təfsir etmişdir. Bu status şəxsin öz təşəbbüsü və iradəsi ilə mübahisəyə qoşulmasını nəzərdə tutur və iddiaçı tərəfindən təyin edilə bilməz. İşin nəticəsinin hüquqlarına təsir edəcəyi ehtimal olunan şəxslər işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilə bilərlər.

9. Odur ki, iddia ərizəsinin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun verilmədiyinə geri qaytarılmalıdır.

10. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdehlər X2, Sumqayıt şəhər 1 saylı notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsinə qarşı müstəqil tələb irəli sürən üçüncü şəxslər X7, Xudiyeva (İskəndərova) Lena İsmixan qızı, X11 və X5 olmaqla qanun üzrə vərəsəlik şəhadətnaməsinin, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, miras payların müəyyən edilməsi və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzi əsasında ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Dövlət rüsumunun geri qaytarılması hissəsində qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X6 İdarəsinə həvalə edilsin. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar