Məhkəmə qərarları › İş №2(060)-5097/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5097/2025

29.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5097/2025 29.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iş üzrə (açar sözlər: istehlakçıların hüquqlarının müdafiəsi, borcun silinməsi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-ə əsassız hesablanmış 3540.302998 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Laçın rayonu Qarakeçdi kəndində anadan olmuşdur. Məcburi köçkün kimi 1998-ci ildən bugünədək yuxarıda qeyd oluna ünvanda yaşayır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, X1 etdiyinə görə müəyyənləşdirilmiş ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Bildirmək istəyir ki, təxminən 10- 15 gün bundan qabaq "xxxx" ASC tərəfindən X1yə görə 3540.302998 manat borcun olması barəsində məlumat verilmişdir. Bildirmək istəyir ki, yaşadığı bütün müddətində hər ay işıq pulunun ödənişlərini vaxtlı-vaxtında ödəmişdir. O, yaşadığı müddət boyunca borcun olması ilə əlaqədar heç bir məlumat "xxxx" ASC tərəfindən verilməmişdir. Çünki borc olduğu təqdirdə elektrik enerjisi avtomatik olaraq kəsilərdi. Bu borcun Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanına əsasən silinməli olduğunu onlara bildirdikdə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

b) iddiaya etiraz

3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, məcburi köçkündür. İddiasında qeyd etdiyi borcdan məlumatı olmamışdır. Borc dondurulmuş qaçqın borcudur. İddiaçı qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsnə əsasən məhkəmə işə cavabdehin nümayəndəsi iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları:

6. Abunə haqqında saldodan görünür ki, ünvan 1-də quraşdırılmış sayğacda xx.xx.2016-cı il tarixə 3540.302998 manat borc “Məcburi köçkün borcunun dondurulması” kimi göstərilmişdir.

7. Azərbaycan Respublikası Sumqayıt X2 massivinin 8-ci məhəlləsi üzrə 1 saylı Məhəllə Komitəsinin xx.xx.2025-ci il tarixli, 1788 nömrəli arayışdan görünür ki, İddiaçı 1998-ci ildən Sumqayıt şəhəri, “Yeni yaşayış massivi”, 8-ci məhəllə üzrə 1 saylı məhəllə, 14 nömrəli evdə Zəngilan rayonundan məcburi köçkündür. b) mülki iş üzrə tətbiq edilən hüquq:

8. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı: Bənd.1. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilsin. 1-1. Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”: Bənd 1.1. Yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir. Bənd 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır.

10. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 28.2. Təchizatçı ilə elektrik enerjisinin təchizatı müqaviləsi bağlayan istehlakçının elektrik enerjisi ilə təchizatı həmin təchizatçı ilə ötürücü sistem operatoru və ya paylayıcı sistem operatoru arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Maddə 29.7. Ötürücü və ya paylayıcı sistem operatoru istehlakçıya verdiyi elektrik enerjisinin miqdarını yalnız sayğacın göstəricilərinə əsasən müəyyən etməli və bu barədə istehlakçıya hər ay bildiriş, habelə bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq elektrik enerjisinin təchizatçısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda istehlakçının istifadə etdiyi elektrik enerjisinin dəyərini tam hesablayaraq təchizatçının adından hesab təqdim etməlidir (göndərməlidir). Ağıllı sayğacı olan istehlakçıya istifadə etdiyi elektrik enerjisinin dəyəri haqqında bildirişin və hesabın təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq təchizatçı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda istehlakçıya hesab təchizatçı tərəfindən təqdim edilməlidir (göndərilməlidir). Hesabda istehlakçının elektrik enerjisinə görə sayğacın son göstəricisinə uyğun mövcud qalıq borcu, sabit tariflə bağlı qalıq borcu və ödənişin son tarixi göstərilməlidir. İstehlakçı tərəfindən elektrik enerjisinin hesabında göstərilən dəyəri tam ödənildikdən sonra təchizatçı yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərinin ödənilməsini istehlakçıdan tələb edə bilməz. 29.9. Tikinti obyektinin qoşulduğu ötürücü və ya paylayıcı şəbəkədən asılı olaraq məişət istehlakçıları üçün sayğaclar müvafiq olaraq ötürücü və ya paylayıcı sistem operatorunun vəsaiti hesabına, qeyri-məişət istehlakçıları üçün isə sayğaclar istehlakçının vəsaiti hesabına müvafiq olaraq ötürücü və ya paylayıcı sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

c) məhkəmə baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

d) məhkəmənin mövqeyi

13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı məxsus **********02350 saylı abonent kodunda məcburi köçkün borcu kimi 3540.302998 manat məbləğində borc xx.xx.2016-cı il tarixdə cavabdeh tərəfindən dondurulmuşdur. İstehlakçı İddiaçı məcburi köçkün statusuna malik şəxs olmaqla, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ona şamil edilir. Belə olan halda mübahisəli borcun silinməməsi istehlakçı İddiaçı hüquqlarının kobud surətdə pozulmasına səbəb olur.

14. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlərin istifadə etdikləri elektrik enerjisinə görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alındığından cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanında X1yə görə hesablanmış 3540.302998 manat məbləğində borc silinməlidir.

Nəticə hissəsi:

15. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

qət etdi:

İddia tələbi təmin edilsin. İddiaçı (abonent kodu: **********02350) X1yə görə hesablanmış 3540.302998 manat məbləğində borc "xxxx" ASC tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar