Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-511/2025 29.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər Corat Bələdiyyəsi) qarşı özbaşına tikilinin sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia ərizələri üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Sumqayıt şəhəri,Corat qəsəbəsi, X.Məhərrəmoğlu küçəsi ünvanında özbaşına inşa edilmiş eni 3.02 kvadrat metr, uzunluğu 5.575 kvadrat metr olan birmərtəbəli qeyri-yaşayış sahəsinin (bərbərxana) Cavabdeh hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması və məhkəməyə ödənilmiş 100(bir yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini həcmini artıraraq Cavabdeh tərəfindən ünvan 1 ünvanında özbaşına inşa edilmiş eni 3.02 kvadrat metr, uzunluğu 5.575 kvadrat metr olan birmərtəbəli qeyri-yaşayış sahəsinin (bərbərxana) Cavabdeh hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması, cavabdehin qanunsuz tikilisinin mövcudluğu səbəbindən əldən çıxmış fayda olaraq 16000 manat pul vəsaitinin və məhkəməyə ödənilmiş 138 (bir yüz otuz səkkiz) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən sahəsi 89,70 kvadrat metr olan qeyri-yaşayış binası onun xüsusi mülkiyyətindədir. Həmin bina daha öncə mərhum atası X1 xüsusi mülkiyyətində olmuş, onun ölümündən sonra vərəsəlik qaydasında anası X3 mülkiyyətinə keçərək onun adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış sonuncu da sözügedən əmlakı bağışlama müqaviləsi əsasında ona bağışlamışdır. Mülkiyyətində olan qeyri-yaşayış binasına bitişik şəkildə cavabdeh X17 tərəfindən qanunsuz olaraq özbaşına tikinti işləri həyata keçirilmişdir ki, bu tikili də mülkiyyətində olan binadan istifadəsinə maneələr yaratmaqdadır. Qeyd olunan tikili özbaşına tikili olmaqla Corat Bələdiyyəsinin qərarı olmadan, bələdiyyə sədrinin qanunsuz şəkildə təkbaşına sərəncam verərək cavabdehlə bağladığı icarə müqaviləsi əsasında cavabdeh X17 tərəfindən bərbərxana şəklində istifadə edilmişdir. O Corat Bələdiyyəsinin qanunazidd hərəkətləri səbəbindən cavabdeh tərəfindən xüsusi mülkiyyətində olan binadan istifadəsinə maneçilik yaradıldığı üçün aidiyyəti üzrə Sumqayıt şəhərində fəaliyyət göstərən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən Sumqayıt Regional Ədliyyə İdarəsinə müraciət edərək sadalanan qanunsuzluğun aradan qaldırılmasını xahiş etmişdir. Sumqayıt Regional Ədliyyə İdarəsinin müraciəti əsasında apardığı inzibati icraatın nəticəsi olaraq cavabdeh tərərfindən özbaşına inşa edilmiş tikilinin yerləşdiyi torpaq sahəsinə dair Corat Bələdiyyəsi ilə cavabdeh X17 arasında bağlanmış 16 fevral 2021-ci il tarixli torpaq icarə müqaviləsi Corat Bələdiyyəsinin 01 iyun 2024-cü il tarixli, 03 saylı iclasının qərarı ilə etibarsız sayılmışdır. Hal-hazırda həmin özbaşına tikilinin yerləşdiyi torpaq sahəsinə dair müqavilə ləğv edildiyindən və Corat Bələdiyyəsinin cavabdehin qanunsuz tikilisinin sökülməsi üçün səlahiyyətləri çərçivəsində qanunamüvafiq addımlar atmadığını nəzərə alaraq, sözügedən qanunsuz tikilinin sökülməsi barədə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onu da məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, mərhum atası X2 hələ sağlığında cavabdeh X13 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş bərbərxananın onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin işə baxan Sumqayıt Şəhər Məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-texniki ekspertizası əsasında verilmiş ekspert rəyində mübahisəli özbaşına tikilinin atamın mülkiyyətində olan torpaqda yerləşmədiyi və həmin tikilinin atasının mülkiyyətində olan binaya hər hansı maneçilik törətmədiyinin göstərildiyi nəzərə alınaraq, atasının iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayətinə baxan Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən təkrar məhkəmə-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 oktyabr 2022-ci il tarixli, 10/4960 saylı ekspert rəyində məhkəmənin cavablandırılmasını xahiş etdiyi suallara verilmiş cavabda cavabdeh X17 tərəfindən inşa olunmuş qeyri-yaşayış sahəsinin iddiaçı mərhum atası X1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə bitişik inşa olunduğunu və həmin tikiliyə dair hüquqmüəyyənedici və texniki sənədlərin mövcud olmadığını nəzərə alaraq həmin tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 saylı qərarının 3cü və 4-cü bəndlərinin tələblərinə uyğun inşa olunmadığının müəyyən edildiyi, həmçinin cavabdeh X17 rəfindən inşa olunmuş qeyri-yaşayış sahəsinin iddiaçı mərhum atası X1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə bitişik inşa olunması və cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış sahəsinin sol tərəfində olan hissənin mişar daşı ilə hörülməsi iddaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin həmin hissədə yerləşən xarici divarlarına texniki qulluğun (suvaq, boya və s.) göstərilməsinə maneə yaradacağı bildirilmişdir. Lakin nə qədər qəribə görünsə də, apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Telman Quliyevin sədrliyi ilə işə baxan məhkəmə kollegiyası məhkəməyə təqdim olunmuş sözügedən ekspert rəyini heçə sayaraq mücərrəd fikirlərini, o cümlədən cavabdehin torpağa dair icarə müqaviləsinin olduğunu əsas gətirərək verilmiş apellyasiya şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Azərbaycan Republikasının Ali Məhkəməsi də həmin qətnamədən verilmiş kassasiya şikayətini təmin etməmiş və bununla da Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minməsi təmin olunmuşdur. Lakin halhazırda o, yenidən iddia tələbi ilə cavabdehə qarşı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, hesab edir ki, yuxarıda sadaladığı məhkəmə qərarları onu hüquqi cəhətdən bağlamır, çünki o həmin məhkəmə işində işdə iştirak edən şəxs qismində iştirak etməmiş,eyni zamanda məhkəmənin iddia tələbini təmin etməyərkən istinad etdiyi özbaşına inşa edilmiş tikilinin yerləşdiyi torpaq sahəsinə dair Corat Bələdiyyəsi ilə cavabdeh X17 arasında bağlanılmış 16 fevral 2021-ci il tarixli torpaq icarə müqaviləsi Corat Bələdiyyəsinin 01 iyun 2024-cü il tarixli, 03 saylı iclasının qərarı ilə etibarsız sayılmışdır. Yuxarıda sadalanan hallara əsaslanaraq cavabdehin hərəkətləri səbəbindən istifadəsinə maneçilik yaradılmış qeyri-yaşayış binasının mülkiyyətçisi olaraq məhkəməyə müraciət etməklə yuxarıda qeyd edilən qanunsuzluğun aradan qaldırılmasını və pozulmuş hüququmun bərpa edilməsini xahiş etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki,həmin qeyri-qanuni obyektin üzərindən qazın ana xətti keçir.Qazın ana xətti başqa yerdən keçə bilməz.Bələdiyyənin sənədi saxtadır və peçatsızdır. Araşdırma obyektiv aparılmamışdır.Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı özbaşına söküntü işləri apararaq bərbərxanaya ziyan vurmuşdur.Yalandan danışır.Məhkəmədən tələbin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt regional Ədliyyə İdarəsinin xx.xx.2024-cü il tarixli vətəndaş İddiaçı müraciətə cavabdan görünür ki, Corat bələdiyyəsi tərəfindən təqdim edilmiş arayışdan məlum olmuşdur ki,15 kv.m torpaq sahəsinin icrarəyə verilməsi məqsədilə bələdiyyə ilə vətəndaş X17 arasında xx.xx.2006-cı il tarixli 03 saylı icarə müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixdə vətəndaşla bələdiyyə arasında icarə müqaviləsinin müddəti yenidən 15 il müddətinə uzadılmışdır. Lakin sözügedən müqavilə bələdiyyə iclasından kənar bələdiyyə qərarı olmadan yalnız bələdiyyə ilə vətəndaş arasında müqavilə bağlanılmaqla vətəndaş E.Yarəliyevin icarəsinə verilmişdir. Odur ki, qeyd olunan müqavilənin etibarsız sayılması üçün Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən bələdiyyəyə ləğv təklifi göndərilmiş, ləğv təklifi bələdiyyənin xx.xx.2024-cü il tarixli 03 saylı iclas protokolundan müzakirə edilərək etibarsız sayılmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki,ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-28/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 hüquqi varisi X5 Cavabdeh və maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı torpaq sahəsindən çıxarılma, qeyri-qanuni inşa edilmiş bərbərxananın sökülməsi tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1277/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 hüquqi varisi X7 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-28/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1662/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı X4 hüquqi varisi X7 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1277/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Sumqayıt şəhəri Polis İdarəsi, 1-ci Polis Bölməsinə məktuba cavabdan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən ünvan 4 ünvanında yerləşən 24 nömrəli mənzil üzərində X1 daşınmaz əmlakın dövlət reyestrində 04 may 2007-ci il tarixdə ********* qeydiyyat nömrəli çıxarış ilə tam mülkiyyət huququ qeydiyyata alınmışdır.Sumqayıt şəhəri, Corat qəsəbəsi, X Məhərrəmoğlu küçəsı ünvanında yerləşən 23 nömrəli qeyri-yaşayış binası üzərində X9 daşınmaz əmlakın dövlət reyestrində 14 dekabr 2011-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə tam mülkiyyət hüququ qeydiyyata alınmış Sumqayıt şəhəri, 4 saylı notariat kontorunun 17 yanvar 2013-cü il tarixli 40-01/67 reyestr nömrəli alqı-satqı muqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmiş,13 may 2013-cü il tarixdə ********** reyestr nömrəli çıxarış ilə adına qeydiyyata alınmışdır.Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 752 nömrəli 0 12 ha bağ torpaq sahəsi üzərində X1 daşınmaz əmlakın dövlət reyestrində 20 fevral 2008-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə tam mülkiyyət huququ qeydiyyata alınmış,Sumqayıt şəhəri, 4 saylı notariat kontorunun 30 dekabr 2012-ci il tarixli xx-xx/1762 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X10 adına özgəninkiləşdirilmişdir.Sorğuda qeyd olunan digər şəxs X11 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki,Cavabdeh və Corat Bələdiyyəsi 15 kv.m olan torpaq sahəsini 15 il müddətinə icarəyə vermişdir. Torpaq sahəsi əhaliyə xidmət (bərbərxana) üçün verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2022-ci il tarixli X6 cavabdan görünür ki, Sumqayıt şəhər Corat Bələdiyyəsinin 10 fevral 2006-cı il tarixli iclasının 26 saylı, 03 mart 2006-cı il tarixli iclasının 27 saylı və 25 mart 2006-cı il tarixli iclasının 28 saylı protokollarında sorğu edilən vətəndaş X12 adına məlumat aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Cavabdeh və Corat Bələdiyyəsi 15 kv.m olan torpaq sahəsini 15 il müddətinə icarəyə vermişdir. Torpaq sahəsi əhaliyə xidmət (bərbərxana) üçün verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli texniki pasportundan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, X Məhərrəmoğlu küçəsı 23 ünvanında yerləşən qeyri-yaşayış binası X3 adınadır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, indiki halda iddiaçının iddia tələbi məhz cavabdehə məxsus birmərtəbəli qeyri-yaşayış sahəsinin qanunsuz tikili kimi onun öz hesabına sökülməsindən ibarət olmuş, iddia tələbinin əsası kimi həmin tikilinin qanunsuz olması və onun mülkiyyət hüququnu pozması ilə əsaslandırmışdır. Bu halda, hazırkı mülki iş üzrə mübahisə predmeti olan tikilinin qanunsuz tikili olub-olmaması halı müəyyən edilməklə yanaşı, həmin tikilinin iddiaçının mülkiyyət hüquqlarına qəsd edib-etməməsi, onun üçün təhlükə törədibtörətməməsi, mülkiyyət hüquqlarının realizəsi üçün hər hansı maneə yaradıb-yaratmaması halı, onlar arasında səbəbli əlaqənin olması halı müəyyən edilməlidir. Yalnız bu halda iddiaçının mübahisə predmeti olan tikiliyə dair qeyd edilən iddia tələbinin irəli sürülməsinə dair subyektiv hüquqa malik olması halı ortaya çıxmış olur. İndiki halda mübahisə predmeti olan birmərtəbəli qeyri-yaşayış sahəsinin tikintisi, qeyd edilən halın ciddi pozuntu qismində çıxış etməklə iddiaçının mülkiyyət hüququna qəsd etməsi, mülkiyyət hüquqlarının pozulmasına, mülkiyyət hüququ əsasında ona məxsus olan əmlakdan (qeyri-yaşayış sahəsindən) istifadə etməsinə, sahiblik və sərəncam səlahiyyətlərinin realizə edilməsinə maneçilik törətməsi, habelə hər hansı formada mülkiyyət hüquqlarının pozulmasına səbəb olması halı müəyyən edilməmişdir. Həmçinin, mübahisə predmeti olan tikilinin tikilməsi nəticəsində iddiaçıya məxsus olan sahənin cavabdeh tərəfindən zəbt olunub-olunmaması müəyyən edilməsi məqsədi ilə məhkəmə apaşdırması aparılmışdır. Bu məqsəd ilə dəfələrlə ekspertizlar təyin edilmiş, yeni halın yaranmaması, əvvəlki mülkiyyətçi tərəfindən verilən iddia tələbi üzrə məhkəmə aktları ilə-birinci, apellyasiya və kassasiya mərhələsində iddia tələbinin əsaslı olması müəyyən edilməmiş,son nəticədə hazırda iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən sübutlar təqdim edilməmiş, mütəxxəsis rəyi nəticəsində iddiaçının mülkiyyət hüququnun pozuntusuna cavabdeh tərəfindən yol verilməsi halı müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin fakitiki istifadəsində olan (icarə müqaviləsi əsasında) tikilinin iddiaçının hüquqlarının və qanuni-mənafelərinin pozuntusu halı müəyyən edilməmiş, iddiaçı tərəfindən də qeyd edilən halla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə Corat bələdiyyəsi tərəfindən təqdim edilmiş arayışdan məlum olmuşdur ki,15 kv.m torpaq sahəsinin icrarəyə verilməsi məqsədilə bələdiyyə ilə vətəndaş X17 arasında xx.xx.2006-cı il tarixli 03 saylı icarə müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixdə vətəndaşla bələdiyyə arasında icarə müqaviləsinin müddəti yenidən 15 il müddətinə uzadılmışdır. Lakin sözügedən müqavilə bələdiyyə iclasından kənar bələdiyyə qərarı olmadan yalnız bələdiyyə ilə vətəndaş arasında müqavilə bağlanılmaqla vətəndaş E.Yarəliyevin icarəsinə verilmişdir. Odur ki, qeyd olunan müqavilənin etibarsız sayılması üçün Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən bələdiyyəyə ləğv təklifi göndərilmiş, ləğv təklifi bələdiyyənin xx.xx.2024-cü il tarixli 03 saylı iclas protokolundan müzakirə edilərək etibarsız sayılmışdır.Hazırda qeyd olunan bələdiyyə qərarı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçının iddia tələbi qanunsuz tikili kimi sökülməsi ilə bağlı olmuş, mübahisə predmeti olan tikilinin tikilməsi nəticəsində cavabdehin istifadəsində olan tikilidən istifadə edilməsi nəticəsində (bərbərxananın) iddiaçının mülkiyyət hüquqlarını əhəmiyyətli dərəcədə pozmaqla (mülkiyyət hüququnun həyata keçirilməsinin mümkün olmaması, həyat və sağlamlıq üçün real təhlükəli hal olması, həmin pozuntunun başqa qaydada aradan qaldırılmasının qeyri-mümkün olması və bu kimi digər hallar) mülkiyyət hüququna qəsd kimi mövcud olması halı məhkəmə tərəfindən mülki işin araşdırılan halları ilə müəyyən edilməmiş, bütün qeyd olunan xüsusatlar iddia tələbinin əsassız olmaqla, məhkəmənin tələbin təmin edilməməsi qənaətinə gəlməsinə əsas vermişdir. Mülki Məcəllə Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Torpaq Məcəllələsi Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları, müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mövcud vəziyyətdə mübahisəli özbaşına tikilinin sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi tələbinin təmin olunması iki halda mümkün ola bilər: 1) tikili razılaşdırılmış layihə sənədlərinə uyğun inşa edilməsin (həmin sənəddən kənara çıxmaqla inşa edilsin) və bu hal iddiaçının hüquqlarına və qanuni mənafelərinə toxunsun; 2) tikilinin mövcudluğu iddiaçının hüquqlarına və qanuni maraqlarına zidd olsun, onun özünün sağlamlığı və əmlakına real təhlükə yaratsın. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə həmçinin qeyd edir ki, hər hansı iddia tələbi ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Beləliklə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını nəzərə alan məhkəmə bu qənaətə gəlir ki, irəli sürülmüş iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər Corat Bələdiyyəsi) qarşı özbaşına tikilinin sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi və sair tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-511/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-511/2025
29.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver