Məhkəmə qərarları › İş №2(060)-5124/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5124/2021

01.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5124/2021 01.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı «İddiaçı» İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı «İddiaçı» İstehsalat Birliyinin Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə 01 iyul 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «İddiaçı» İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qaz sayğacının yararsız hala salınmasına görə hesablanmış 216 manat məbləğində dəymiş ziyanın, yararsız hala salınmış sayğacın dəyəri olaraq 185,73 manat və 20 manat dövlət rüsumunun, ümumilikdə isə 421,73 manat pulun tutularaq Birliyin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «İddiaçı» İstehsalat Birliyi iddia tələbini onunla əsaslandırmışdır ki, Birlik 06.11.2019-cu il tarixli 2386-4019/09-5561 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus yaşayış evini təbii qazla təchiz edir (müqavilə əlavə edilir). Həmin ünvana “İddiaçı” İB-nin Sumqayıt QİS tərəfindən **********900910 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1802AZ**********52 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə Qaydaları"nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərini pozaraq, qaz sayğacına müdaxilə edərək sayğacı yararsız hala salmış və təbii qazı talamışdır. Belə ki, Birliyin əməkdaşları tərəfindən 22.11.2019-cu il tarixdə Cavabdeh yaşayış evinə quraşdırılmış G-4 markalı, 1802AZ**********52 nömrəli qaz sayğacı abonentin iştirakı ilə ******* nömrəli akt tərtib edilərək çıxarılmış, mənzil yeni qaz sayğacıyla əvəz edilmişdir. Ünvandan çıxarılmış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir, “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nin MSK-29/1710-03501-2 nömrəli rəyinə əsasən sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin plastmas qapağının üzərində olan iki zavod qurğuşun plombdan birinin kəsildiyi, nəticədə sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Bu səbəbdən də itirilmiş qazın sərfiyyatına görə 216,00 manat borc və yararsız hala salınmış sayğacın dəyəri olaraq 185,73 manat ümumilikdə abonentdən tələb edilmişdir. İddiaçı qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı «İddiaçı» İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarına əlavə olunmuş 06.11.2019-cu il tarixli 2386-4a-19/09-5561 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin təsdiq olunmuş surətindən görünür ki, “İddiaçı” İB abonent Cavabdeh istifadəsində olan Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən 26 saylı evin 91 saylı mənzilini təbii qazla təchiz etməyi, Cavabdeh isə həmin qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 19.03.2021-ci il tarixli abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən 26 saylı evin 91 saylı mənzilində Cavabdeh adına 22.11.2019-cu il tarixdə açılmış sayğaca əsasən təbii qazdan istifadəyə görə akt əsasında ümumilikdə 216 manat borc hesablanmışdır. İş materiallarına əlavə olunmuş 22.11.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, G-4 markalı, 1802AZ**********52 nömrəli qaz sayğacın sağ çıxış borusunda deşik aşkarlanmış və sayğacın sağ üst gövdəsi deformasiya olmuşdur. İşdə olan 10.02.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, G-4 markalı, 1802AZ**********52 nömrəli qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və metrologiya Departamentinin verdiyi rəyə əsasən Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən 26 saylı evin 91 saylı mənzilində Cavabdeh adına açılmış G-4 markalı, 1802AZ**********52 nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğaçın klapanın işlək olmaması, yivli birləşmələrində korroziyanın mövcud olması, sayğacın çıxış plasmas borusunun sınıq olması, qayk plombu üçün nəzərdə tutulmuş qulağcığın qırıq olması, sayğacın hesablanma mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sağ metrologiya plomb yuvasının ətrafının zədəli olması, xətaların normadan artıq olması, sayğacın minimal və nominal sərfiyyatda -10090 nisbi xəta ilə işləməsi müəyyən edilmişdir. İş materiallarında olan 10.02.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən 26 saylı evin 91 saylı mənzilində qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 2160 m3 (216 manat) müəyyən edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində iddiaçı tərəfindən qaz sayğacı quraşdırılmışdır. Sonradan Birliyin əməkdaşları tərəfindən 10.02.2020-ci il tarixdə Cavabdeh yaşayış evinə quraşdırılmış G-4 markalı, 1802AZ**********52 nömrəli qaz sayğacı ******* nömrəli akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacı ilə əvəz edilmişdir. Ünvandan çıxarılmış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə ldarəsi”nə göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nin MSK-29/1710-03501-2 nömrəli rəyinə əsasən qaz sayğacına baxış keçirilmiş, sayğacda qüsurlar aşkar edilmişdir. Bununla əlaqədar cavabdehə itirilmiş qazın sərfiyyatına görə 216 manat borc hesablanmış, həmin borcun, həmçinin yararsız hala salınmış sayğacın dəyəri olaraq 185,73 manat pulun cavabdehdən tutulması barədə iddiaçı tərəfindən hazırki iddia qaldırılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq Cavabdeh istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə iddiaçı «İddiaçı» İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə cavabdeh məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin iddiaçı sayğaca cavabdeh tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən iddiaçıya zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan cavabdehin yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına onun tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü iddiaçının üzərindədir. Lakin iddiaçının nümayəndəsi məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı «İddiaçı» İstehsalat Birliyinin Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəitcəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı «İddiaçı» İstehsalat Birliyinin Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəitcəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar