Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5134/2021 07.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1567,6 manat borcun silinməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən smart tipli qaz sayğacında yaranmış nasazlıqla əlaqədar olaraq sayğac dəyişdirilmiş və 12.12.2018-ci il tarixdə mənzilə borc yazılmışdır. O, cavabdeh tərəfindən hesablanmış borcu əsassız hesab edir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, ünvan 1 ünvanında 29.01.2014-cü ildə quraşdırılmış G-4 markalı, 1302AZ**********57 nömrəli smart tipli qaz sayğacı, göstəricilər arasında yaranmış fərq səbəbindən, 13.12.2018-ci il tarixində yeni G-4 markalı 1802AZ**********14 nömrəli smart qaz sayğacı ilə əvəz olunmuşdur. Əvəz olunmuş sayğaca vizual baxış zamanı sayğacın elektron və mexaniki göstəricilər arasında fərqin yarandığı bir daha öz əksini tapmışdır. Belə ki, sayğacın mexaniki göstəricisi 13838 m3 olduğu halda, elektron göstəricisi 4013 m3, yəni 9825 m3 aşağı olmuşdur. Bu da onu göstərir ki, sayğacın elektron hissəsi istifadə olunmuş təbii qazın sərfiyyatını müəyyən xəta ilə ölçmüşdur. Smart tipli sayğaclarda hər 2 göstəricinin olması elektron hissənin düzgün işləmədiyi halda göstəricinin mexaniki hissəyə əsasən, mexaniki hissənin isə düzgün işləmədiyi halda isə göstəricinin elektron hissəyə əsasən götürülməsi üçündür. Yaranmış fərqin dəyəri cavabdeh təşkilat tərəfindən hesablanmış və abonentin istifadə edilmiş, lakin dəyərini tam ödənilməmiş nəticədə 7838m3x020=1567.6 manat borcunun olması müəyyənləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən mütəxəssis X1 göstərdi ki, 7838 m3 təbii qaz istehlakçı tərəfindən istifadə olunmuş, lakin həmin sərfiyyatı sayğacın mexaniki göstəricisi qeydə alsa da, elektron göstərici nasaz işlədiyindən ölçməmiş, həmçinin, smart kart yüklənən limitdən artıq sərfiyyat zamanı bloklanmamışdır. Həmin sərfiyyat sayğacın nasaz işləməsi səbəbindən hesablanmış itirilmiş qazın bərpası və ya cərimə deyil, faktiki işlədilən təbii qazın həcmidir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını, mütəxəssisi dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: - Sumqayıt şəhəri, Yeni yaşayış massivinin 8-ci məhəlləsi üzrə 1 saylı məhəllə komitəsinin verdiyi 01.02.2019-cu il tarixli, 1039 №-li arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, Yeni yaşayış massivi 8-ci məhəllə üzrə 1 saylı məhəllədə yaşayır. - “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, 130207**********57 №-li smart kart tipli sayğac **********18046514 №-li smart kart tipli sayğacla əvəzlənmişdir. - Abonentin saldosundan görünür ki, abonent kodu **********05555 olan Sumqayıt şəhəri, Yaşıldərə massivində yerləşən 555E saylı fərdi evdə 2014-cü il üçün -1000 m3, 2015-cü il üçün -1650 m3, 2016-cı il üçün -1400 m3, 2017-ci il üçün 250 m3, 2018-ci il üçün – 2030 m3 təbii qaz sərf olunmuşdur. - “Azəriqaz” İB Sumqayıt QİS tərəfindən məhkəməyə göndərilən 14.07.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında 29.01.2014-cü ildə quraşdırılmış G-4 markalı, 1302AZ**********57 nömrəli smart tipli qaz sayğacı, göstəricilər arasında yaranmış fərq səbəbindən, 13.12.2018-ci il tarixində yeni G-4 markalı 1802AZ**********14 nömrəli smart qaz sayğacı ilə əvəz olunmuşdur. Əvəz olunmuş sayğaca vizual baxış zamanı sayğacın elektron və mexaniki göstəricilər arasında fərqin yarandığı bir daha öz əksini tapmışdır. Belə ki, sayğacın mexaniki göstəricisi 13838 m3 olduğu halda, elektron göstəricisi 4013 m3, yəni 9825 m3 aşağı olmuşdur. Bu da onu göstərir ki, sayğacın elektron hissəsi istifadə olunmuş təbii qazın sərfiyyatını müəyyən xəta ilə ölçmüşdur. Smart tipli sayğaclarda hər 2 göstəricinin olması elektron hissənin düzgün işləmədiyi halda göstəricinin mexaniki hissəyə əsasən, mexaniki hissənin isə düzgün işləmədiyi halda isə göstəricinin elektron hissəyə əsasən götürülməsi üçündür. Yaranmış fərqin dəyəri cavabdeh təşkilat tərəfindən hesablanmış və abonentin istifadə edilmiş, lakin dəyəri tam ödənilməmiş, nəticədə 7838m3x020=1567.6 manat borcunun olması müəyyənləşdirilmişdir. - “Azəriqaz” İB Sumqayıt QİS tərəfindən məhkəməyə göndərilən 20.09.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı ünvan 2 ünvanında 29.01.2014-cü il tarixdə quraşdırılmış G-4 markalı, 1302AZ**********57 nömrəli smart tipli qaz sayğacı, göstəricilər arasında yaranmış fərq səbəbindən, 12.12.2018-ci il tarixində yeni G-4 markalı 1802AZ**********14 nömrəli qaz sayğacı ilə əvəz olunmuşdur. Əvəz olunmuş sayğaca vizual baxış zamanı sayğacın elektron və mexaniki göstəricilər arasında fərqin yarandığı bir daha öz əksini tapmışdır. Belə ki, sayğacın mexaniki göstəricisi 13838 m3 olduğu halda, elektron göstəricisi 4013 m3 olmuşdur. Bu da onu göstərir ki, sayğacın elektron hissəsi istifadə olunmuş təbii qazın sərfiyyatını ölçməmişdir. Abonentin smartkarta etdiyi ödənişlərdən müəyyən etmək olur ki, sayğacın elektron göstəricisi 07.03.2016-cı il tarixdə 3651 m3, 28.11.2017-ci il tarixdə isə 4013 m3 olmuşdur. Yəni 1 il 8 ay ərzində sayğacın elektron göstərici hissəsi cəmi 362 m3 sərfiyyatı qeydə almışdır. Bu sərfiyyatın isə əvvəlki illərlə müqayisədə çox az olduğu bəlli olur. Belə ki, hesablamalara görə abonentin illik sərfiyyatı orta hesabla 1800 m3 olur. Sayğacın 28.11.2017-ci il tarixdəki elektron göstəricisi dəyişməyərək sayğac əvəz olunan tarixədək, yəni 12.12.2018-ci il tarixinədək 4013 m3 qalmışdır. Abonent tərəfindən istifadə olunan təbii qazın sərfiyyatını sayğacın elektron göstəricisi qeydə almamışdır. Hesablama yolu ilə abonentin istifadə etdiyi və mexaniki göstəricinin qeydə aldığı 13838 m3 sərfiyyatdan abonent tərəfindən 6000 m3 təbii qazın dəyərinin ödənildiyi müəyyən olunmuşdur. Sayğac əvəzlənərkən müəyyən olunmuş sayğacda qalan təbii qazın istifadə edilmiş, lakin dəyəri ödənilməmiş sərfiyyatı 7838 m3 təşkil etmişdir. Yerdə qalan 7838 m3 təbii qazın dəyəri isə 20 qəpik tarif ilə hesablanmışdır. 20 qəpik tariflə hesablanmasına səbəb odur ki, abonent 2018-ci il üçün 10 qəpik tarif üçün ona ayrılmış 1700 m3 limitin dəyərini’ödəmişdir. Bu da o deməkdir ki, abonent limiti keçdiyinə görə 7838 m3 20 qəpik tariflə hesablanmış və 7838 m3 x 0.20 = 1567.60 manat təşkil etmişdir. - Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Sumqayıt Filialının məhkəməyə göndərilən 05.11.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 2017-ci il üçün nəzərdə tutulan 1700 m3 təbii qaz limitinin 250 m3 hissəsi istifadə olunmuş və abonent İddiaçı tərəfindən dəyəri ödənilmişdir. Ayrılmış limitin qalan 1450 m3 həcmində hissəsi hər m3 görə 0.10. qəpik hesablanmalıdır. İstifadə olunmuş 7838 m3 təbii qazın 1450 m3 həcminin dəyəri hər m3 görə 0.10 manatla, qalan 6388 m3 həcminin dəyəri isə hər m3 üçün 0.20 manatla hesablanmaldır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 13 №li, 02.12.2013-cü il tarixli qərarına əsasən təbii qazın pərakəndə satışı üçün qiymət 100 manat (1 manat/min m3) müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 19 №-li, 22.12.2016-cı il tarixli qərarına əsasən təbii qazın ölkədaxili tarifləri illik istehlak həcminin 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün 100 (ƏDV ilə manat/min m3), illik istehlak həcminin 1700 m3-dən çox olan hissəsi üçün 200 (ƏDV ilə manat/min m3) müəyyən olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacının elektron göstəricisinin nasazlığından istifadə olunmuş təbii qaz xəta ilə ölçülmüş, smart kartdakı həcm limiti aşıldığı təqdirdə sayğac bloklanmamış, nəticədə iddiaçının 2014-2018-ci illər ərzində 7838 m3 qaz sərfiyyatına görə borcu yaranmışdır. Göründüyü kimi, iddiaçı 1 m3 təbii qazın dəyərininin qanunvericilikdə 0.10 manat müəyyən edildiyi 2014-2016-cı illər ərzində 4050 m3, 2017-ci ildə həmin qiymətlə hesablanmalı olan limitdən 250 m3 istifadə etmiş, 2018-ci ildə isə ümumiyyətlə 2030 m3 qaz sərfiyyatına yol vermişdir ki, onun da 1700 m3-i sözügedən limitə daxildir. Buradan aydın olur ki, həmin limitə daxil təbii qaz sərfiyyatından 2017-ci ildə 1450 m əskik, 2018-ci ildə isə 330 m3 artıq istifadə etməklə, bu iki ili əhatə edən dövrdə 1120 3 m3 limitdaxili sərfiyyata yol vermişdir. Məhkəmə mütəxəssis rəyi ilə tam razılaşmayaraq, qeyd edir ki, rəydə “Azərbaycan Respublikası Tarif Şurasının 22 dekabr 2016-cı il tarixli 19 saylı qərarına əsasən əhali abonentlərinə 01.12.2016-cı il tarixindən etibarən istifadə ediləcək təbii qazın 1700 m3-ə qədər olan hissəsi üçün hər m3-ə görə 0.10 manat, 1700 m3-dən yuxarı hissəsi üçün isə hər m3 görə 0.20 manat dəyərində müəyyən edilmişdir” göstərilməyinə baxmayaraq, yaranmış borcun 2017-ci il ərzində formalaşması, 2017-ci il üçün nəzərdə tutulan 1700 m3 təbii qaz limitinin 250 m3 hissəsinin istifadə olunması və abonent İddiaçı tərəfindən dəyəri ödənilməsi, ayrılmış limitin qalan 1450 m3 həcmində hissəsi hər m3 görə 0.10. qəpik hesablanmalı olması qənaətinə gəlmişdir. Lakin, abonentin saldosundan və işin hallarından aydın olur ki, 7883 m3 qaz sərfiyyatı 2014-2018-ci illəri əhatə edir. Tarif Şurasının müvafiq qərarları ilə 1 m3-i 0.10 manat hesablanmalı olan 1700 m3 limiti isə 2016-cı ildən etibarən hər il üçün nəzərdə tutulmuşdur. 2014-2016-cı illəri əhatə edən dövrdə isə təbii qazın hər m3-nin dəyəri 0.10 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.1-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən istifadə olunmuş, lakin sayğacın elektron göstəricisinin nasazlığından ölçülməmiş və cavabdehin dəyərinin ödənilməsini tələb etdiyi 7838 m3 təbii qaz sərfiyyatının 2014-2018-ci illəri əhatə edən dövrün konkret hansı ilində hansı həcmdə sərfini, limitdaxili və ya bundan kənar, eləcə də onun hansı qiymətlə hesablanmalı olmasını müəyyənləşdirməyin mümkünsüzlüyünü nəzərə alaraq, istehlak edilmiş 7838 m3 qazın dəyəri hər m3 üçün 0.10 manat qiyməti ilə ödənilməlidir. Odur ki, iddiaçının cavabdehə borcu 783.8 manat təşkil etdiyi üçün sonuncu tərəfindən iddiaçının yaşadığı ünvan üzrə abonent borcu 783.8 manat artıq hesablanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, iddia təmin olunan hissəsinə mütənasib surətdə qanunvericiliyin tələbinə əsasən 15 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, “Azəriqaz” İB tərəfindən ünvan 1 ünvanına aid **********05555 abonent koduna hesablanmış qazın sərfiyyatına görə 783.8 manat borc silinməli və iddianın verilməsinə görə 15 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “Azəriqaz” İB tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanına aid **********05555 abonent koduna qazın sərfiyyatına görə hesablanmış 783.8 manat borc silinsin. İddianın verilməsinə görə 15 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-5134/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5134/2021
07.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver