Məhkəmə qərarları › İş №2(060)-5142/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5142/2022

23.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5142/2022 23.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, ona məxsus ünvan 1 ünvanında yerləşən mənzili 2006-cı ildə təmirsiz vəziyyətdə, çıxarış əsasında almışdır. Maliyyə imkanı olmadığı üçün 2015-ci ilə kimi mənzili hissə-hissə təmir etmişdir. 2016-cı ildə evi tam təmir etməyinə baxmayaraq bu günə kimi mənzildə yaşayış yoxdur. Ailə üzvlərindən heç kimin mənzilə qeydiyatı yoxdur. 2006-cı ildən 2013-cü ilə qədər Nərimanov rayon Sukanalı İdarəsi tərəfindən içməli sudan istifadəyə görə hər ay 1 nəfər üçün 1.80 manat borc hesablanmış, 2013-cü ilin sonlarından isə Nərimanov rayon Sukanalı idarəsi tərəfindən mənzildə ailə tərkibi 4 nəfər göstərməklə hər ay sudan istifadəyə görə 7.20 manat borc hesablanmışdır. O, 2016-cı ilin yanvar ayında qapının üzərinə yapışdırılmış xəbərdarlıq çekini gördükdə Nərimanov rayon Sukanalı İdarəsinin əraziyə baxan əməkdaşını mənzilə dəvət etmiş və ona mənzilin içərisini göstərərək mənzildə yaşayış üçün lazım olan məişət və yataq dəsti belə olmadığını göstərmişdir. Boş mənzilə necə su sərfiyatı hesablandığını soruşduqda isə o, kompyuterə yerləşdirildiyinə görə qəbz göndərildiyini bildirmişdir. Həmçinin idarənin əməkdaşı ona bu mənzildə neçə ildir yaşayış olmadığını bildiyini və bu məsələni rəhbərliklə danışmalı olduğunu demişdir. O, Nərimanov rayon Sukanalı İdarəsinin rəisinin müavininin, daha sonra Nərimanov rayon Sukanalı İdarəsinin rəisinin qəbulunda olmuş və bu məsələ haqda onla danışaraq mənzilə sayğac quraşdırılması, əsassız borcun silinməsinə dair göstəriş verməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Bu günə kimi bu məsələlər öz həllini tapmamışdır. 2016-cı ilin yay aylarında qeyd olunan mənzilə Nərimanov rayon Sukanalı İdarəsinin əməkdaşları tərəfindən su sayğacı quraşdırmışdır. Həmin vaxtdan bu günə kimi sayğacda heç bir sərfiyat qeyd olunmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən Cavabdeh ASC-nin Nərimanov rayon Sukanalı İdarəsinin əməkdaşları tərəfindən ona məxsus ünvan 1 ünvanında 11482923 saylı müqavilə və **********600 saylı abonent kodu üzrə hesablanmış 247.33 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, 2016-cı ildə ünvana su sayğacı quraşdırılmış, lakin su sərfiyyatı olmamışdır. 2022-ci ildə bloklarda cavabdeh təşkilatın əməkdaşları tərəfindən su sayğacı quraşdırılmışdır. Həmin ünvanda yaşayış olmamış, su sayğacının oğurlanmasından xəbərdar olan zaman məsələ ilə bağlı Cavabdeh ASC-yə müraciət etmişdir. Sonuncu dəfə 20 iyul 2022-ci il tarixdə mənzilə sayğac quraşdırılmış, ödənişlər edilmişdir. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, arayışdan da göründüyü kimi 2013-cü ildən 2016-cı ilədək illər üzrə borc hesablanmış, iddiaçının nümayəndəsinin də dediyi kimi yaşayış olmadığından 2017-ci ildən 2022-ci ilədək sərfiyyat olmamış, heç bir borc məbləği qeydə alınmamışdır. 2022-ci il üzrə 43 manat sərfiyyatdan 30 manat ödəniş edilmiş, 13 manat ödənilməmiş borc qalmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli abonent kartından görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi, ev 117 ünvanında yerləşən 60 saylı mənzilə sudan istifadəyə görə 4 nəfər ailə tərkibi nəzərə alınmaqla, 247.33 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Mənzil-Tikinti Kooperativi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 940 №-li arayışdan görünür ki, ünvan 1 ünvanında mülkiyyət hüququnu təsdiq edən çıxarış İddiaçı adına verildikdən bu günədək yaşayış yoxdur. Məhkəmə sorğusu əsasında alınaraq iş materiallarına əlavə edilmiş su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcla bağlı arayışdan görünür ki, İddiaçı 2013-cü il üzrə 6.60 manat, 2014-cü il üzrə 65.60 manat, 2015-ci il üzrə 85.40 manat, 2016-cı il üzrə 76.73 manat, 2022-ci il üzrə 13 manat olmaqla, ümumilikdə 247.33 manat borcu vardır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi il əvə ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir.) İstehlakçı tərəfindən suyun hesabı tam ödənilmədikdən sonra, su həchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qanunun 59.1-ci maddəsinə əsasən müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. Həmin qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Həmin qanunun 61-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin qanunun 62-ci maddəsinə əsasən istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifələri yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunverçiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. «Sudan istifadə qaydalarının» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarının 4.1.3 bəndinə əsasən,verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında sudan istifadəyə görə 2013-2016-cı illər üzrə 4 nəfər ailə tərkibi nəzərə alınmaqla, 234.33 manat məbləğində borc hesablanmışdır. Lakin həmin ünvanda 2022-ci ilin iyul ayınadək yaşayış olmamışdır. Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia tələbinə etiraz etmiş, lakin etirazının əsası təşkil etdiyi halları məhkəmə araşdırması gedişatında təsdiq edə bilməmişdir. Məhkəmə hesab edir ki, 2016-cı il tarixdən hesablanmış borc hazırki vaxtadək tələb olunmamış, yaşayış olmayan ünvana dörd nəfər şəxsin su sərfiyatından istifadə etməsi kimi hesabat aparılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir (551.2.1). Həmin Məcəllənin 551-ci maddəsinin tələbinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcələnin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata kecirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata kecirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapması nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi, ev 117 ünvanında yerləşən 60 saylı mənzilə sudan istifadəyə görə 2013-2016-cı illər üzrə hesablanmış 234.33 manat məbləğində borc abonentin hesabından (abonent kodu **********600) silinməli, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsi, ev 117 ünvanında yerləşən 60 saylı mənzilə sudan istifadəyə görə 2013-2016-cı illər üzrə hesablanmış 234.33 manat məbləğində borc abonentin hesabından (abonent kodu **********600) silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar