Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5150/2024 26.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hаkimi Şirəliyeva Vəfa Zavrulla qızı, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 29, 63 saylı mənzilin mərhum həyat yoldaşı X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 02 iyul 2024-cü il tarixli məktubundan görünür ki, ərizəçi Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 29, 63 saylı mənzilin qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi ilə əlaqədar həmin orqana müraciət etmiş, lakin inzibati orqan tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Buna əsas kimi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən verilmiş 265 nömrəli arxiv çıxarışında isə mənzil üzərində mülkiyyət hüququ qeydiyyata alınması nəzərdə tutulan şəxsin, Ərizəçi adının qeyd edilməməsi, həmçinin yaşayış sahəsinin ayrılması barədə Sumqayıt şəhər XDS-nin xx.xx.1977-ci il tarixli, 3 nömrəli protokolunun arxiv çıxarışında mənzil sahibi X1 ata adının tam qeyd olunmadığı göstərilmişdir. İddiaçı hazırda Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 29, 63 saylı mənzilin mərhum həyat yoldaşı X2 məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Lakin mülki prosessual qanunvericilikdə məhkəmə tərəfindən xüsusi icraat qaydasında əmlakın şəxsə məxsus olması faktının deyil, əmlaka dair hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, ərizəçi Sumqayıt şəhər XDS İK Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 13/278 nömrəli orderə düzəliş edilməsi üçün həmin orderi verən orqana müraciət etdiyini təsdiq edən sənədi, eyni zamanda qeyd edilən orqan tərəfindən düzəlişin edilməsindən imtina olunmasını, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmamasının qeyd edildiyi hər hansı bir sənədi iş materiallarına əlavə etməmişdir. Halbuki “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: -birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); -ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; -üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizəni qəbul etməkdən imtina barədə hakim əsaslandırılmış qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizəyə əlavə edilmiş materiallardan görünür ki, iddiaçı hazırki iddia tələbi üzrə 100 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsinin icraata qəbulundan imtina edildiyindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : Ərizəçi şəxsin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi ərizənin verilməsi üçün **********99 saylı qəbzə əsasən ödədiyi 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №2(060)-5150/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5150/2024
26.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver