Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5154/2021 27.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdeh, həmçinin digər Cavabdeh1 nümayəndəsi Cavabdeh4, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzində notariat ofisinə qarşı «mirasın qəbul edilmə vaxtının uzadılması» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzində notariat ofisinə qarşı «mirasın qəbul edilmə vaxtının uzadılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.10.2018-ci il tarixdə vəfat etmiş anası X2 miras qalmış Sumqayıt şəhəri 9-cu mikrorayon 36 saylı evin 16 saylı mənzilinə dair mirası qəbul etmə vaxtının uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı məhkəməyə vəsatət verərək, digər bacıları Cavabdeh5 və Cavabdeh4 cavabdeh qismində mülki işə cəlb edilməsini xahiş etmiş və onun vəsatəti əsaslı hesab edilərək təmin olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri 9-cu mikrorayon 36 saylı evin 16 saylı mənzili şəxsi mülkiyyət hüququ əsasında anası X5 məxsus olmuşdur. Mənzilin mülkiyyətçisi olan anası G.Babayeva 06.10.2018-ci il tarixdə vəfat etmişdir. X1 22.09.1997-ci il tarixdə vəfat etmişdir. Anası vəfat edəndən sonra şəxsi mülkiyyətində olan mənzil miras kimi qalmışdır. Anasının 5 vərəsəsi var: 4 bacı və bir vəfat etmiş, rəhmətə getmiş qardaşının ailəsi. Anası vəfat edəndə onlar 4 bacı birlikdə analarının dəfnini təşkil etmiş, yas mərasimlərini vermiş və onun qəbrüstü daşını götürmüşlər. Birlikdə analarının mirasını qəbul etdiklərini açıq-aşkar nümayiş etdirmişlər. Bacısı Cavabdeh1 anasının miras əmlakına dair şəhadətnamə alınmasının təşkil edilməsini öz üzərinə götürmüş və bildirmişdir ki, mirasın qəbulu barədə öz adından ərizə vermiş və onları da vərəsə kimi ərizəsinə daxil etmişdir və 16 aprel 2019-cu il tarixdə bir yerdə gedib vərəsəlik haqda şəhadətnamə alacaqlar. Bu ərəfədə cavabdeh ondan və digər bacılarından mirasdan imtina barədə ərizə vermələrini xahiş etmiş və bunu onunla izah etmişdir ki, sənəd bir adamın adına yazılsın ki, sonradan evi satıb payları bölüşdürmək asan olsun. Digər bacıları razılaşmışlar, amma o, buna etiraz etmiş, rəhmətə getmiş qardaşının həyat yoldaşının hansı qərara gəlmələrindən xəbəri olmamışdır. 16 aprel 2019-cu il tarixdə vərəslik haqqında şəhadətnamə almağa gedərkən bacısı Cavabdeh1 onunla notariusa getməkdən imtina etmişdir. O, vərəsəlik işinin açıldığı Asan Xidmətin notariat ofisinə gedib vərəsəlik barədə məlumat alanda məlum olmuşdur ki, bacısı Cavabdeh1 ərizəni yalnız öz adından vermiş, ondan başqa heç bir vərəsə olmadığını bildirmiş və onlara dediyi gündən də bir gün qabaq, 15 aprel 2019-cu il tarixdə vərəsəlik şəhadətnaməsi alaraq mənzili öz mülkiyyətinə keçirmişdir. Bundan sonra o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bacısı Cavabdeh1 adına verilmiş vərəsəlik haqda şəhadətnamənin və bunun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən onun iddiası rədd edilmiş və məhkəmə belə bir qənaətə gəlmişdir ki, guya o, vaxtında mirasın qəbulu üçün ərizə vermədiyinə görə belə bir iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən, Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi ləğv edilmiş, onun belə bir iddia vermək üçün subyektiv hüququ tanınmış, iddiası təmin edilmiş, bacısı Cavabdeh1 adına verilmiş vərəsəlik haqda şəhadətnamə və bunun əsasında verilmiş çıxarış etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16.06.2020-ci il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsi dəyişiklik edilmədən saxlanılmış, bacısı Cavabdeh1 verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsi icraya yönəldilmiş, qətnamənin notariat ofisində və Reyestr Xidmətində icrası uzun müddət aparmış və nəhayət icra olunaraq, həm vərəsəlik haqda şəhadətnamə, həm də çıxarış əğv edilmiş, yenidən mənzil rəhmətlik anasının adına bərpa edilmişdir. Bu əməliyyatlardan sonra o, notariat ofisinə müraciət edərək, anasından miras qalmış mənzilə dair onun adına vərəsəlik haqda şəhadətnamə verilməsini xahiş etmişdir. Notariat ofisi mirasın qəbul edilməsi vaxtının uzadılması üçün məhkəməyə müraciət etməsini məsləhət vermişdir. O, xüsusi icraat qaydasında məhkəməyə müraciət edərək, mirası qəbuletmə müddətinin bərpa edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 19.01.2021-ci il tarixli qərardadına əsasən onun ərizəsi geri qaytarılmış və bildirilmişdir ki, bu məsələ xüsusi icraat qaydasında həll edilə bilməz. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.03.2021-ci il tarixli qərardadı ilə həmin qərardad dəyişiklik edilmədən saxlanmış və Apellyasiya Məhkəməsi də belə hesab etmişdir ki, vərəsələr arasında bundan əvvəl də mübahisə olduğu üçün hazırkı məsələ iddia icraatında həll edilməlidir. Ona görə də, məhkəməyə hazırkı iddia ilə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh, həmçinin digər Cavabdeh1 nümayəndəsi Cavabdeh4 məhkəmə iclasında iddianı qəbul etdi və izahatında bildirdi ki, anam sağlığında evin satılmasında etiraz edirdi. Anam öləndən sonra evi bacım Sevilin adına keçirtmişdik. Bundan sonra bacım Minarə məhkəməyə iddia ilə müraciət edərək vərəsəliyi ləğv etmiş və ev əvvəlki vəziyətə qayıtmışdır. Hazırda Minarənin vərəsəliyini gəbul edir, ancaq evin satılmasına razı deyil. Yuxarıda qeyd olunanlarını nəzərə almasınıməhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasında cavabdeh, həmçinin digər Cavabdeh1 nümayəndəsi Cavabdeh4 çıxışına uyğun izahat verdilər. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzində notariat ofisi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, nümayəndənin məhkəməyə gələ bilməməsinin üzürlü səbəblərdən olduğunu qeyd etmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq, mülki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, cavabdeh, həmçinin digər Cavabdeh1 nümayəndəsi Cavabdeh4, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2019-cu il tarixli 2(060)-4942/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional «ASAN Xidmət» Mərkəzində notariat ofisinin xüsusi notariusu X3 qarşı «vərəsəlik haqda şəhadətnamənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli 2(105)-3792/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 24 iyul 2019-cu il tarixli 2(060)-4942/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilmiş, Cavabdeh1 adına notarial qaydada təsdiq edilməklə verilmiş 15 aprel 2019-cu il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin etibarsız hesab olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2020-ci il tarixli 2(102)-3164/2020 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli 2(105)-3792/2019 saylı qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Miras kütləsinə daxil olan mənzilin iddiaçının anasının mülkiyyətində olması, X4 06.10.2018-ci il tarixdə vəfat etməsi, vərəsələr olan iddiaçı ilə Cavabdeh1 arasında, həmçinin digər vərəsələr arasında G.Babayevanın vəfatından sonra miras qalmış mənzilin müqəddəratı ilə bağlı razılaşma olmasına, buna baxmayaraq Cavabdeh1 mirasın qəbulu barədə notariat orqanına müraciət edərkən özündən başqa, anasının digər vərəsələrinin olduğunu bildiyi halda, bunu notariat orqanından gizlətməsi, mirasın qəbulu haqqında ərizədə özündən başqa vərəsə olmadığını bildirməsi, bununla da təkcə özünün vərəsəliyə çağırılmasına nail olması, bununla Mülki Məcəllənin 1300-cü maddəsinin tələbini pozmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, məhz yuxarıda göstərilən səbəblərdən İddiaçı anası, mərhum X2 miras qalmış əmlakı (mənzili) qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi, iddiaçının miras qalmış mənzilin qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddəti üzrlü səbəbdən buraxmışdır və həmin müddət uzadılmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 16.10.2018-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Sumqayıt şəhəri 9-cu mikrorayon 36 saylı evin 16 saylı miras mənzilinin İddiaçı tərəfindən qəbul edilməsi vaxtı üzrlü hesab edilərək uzadılmalıdır. Ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 16.10.2018-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Sumqayıt şəhəri 9-cu mikrorayon 36 saylı evin 16 saylı miras mənzilinin İddiaçı tərəfindən qəbul edilməsi vaxtı üzrlü hesab edilərək uzadılsın. Ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-5154/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5154/2021
27.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver