Məhkəmə qərarları › İş №2(060)-5154/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5154/2024

17.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5154/2024 17.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə ünvan 1 ünvanına ******* saylı akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunur ki, xx.xx.2018-ci il tarixdə G-4 markalı 102AQ**********13 nömrəli qaz sayğacının sərfiyyatı qeydə almır. Həmin akt əsasında 1487 manat cərimə yazılmışdır. Həmin akt əsasında 1487 manat cərimə yazılmışdır. Həmin akt əsasında yazılmış borcla razı olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. O, akta imza etməmiş və ******* saylı akt əsasında yazılmış borcla razı deyildir. Qeyd edir ki, xx.xx.2018-ci il tarixli, ******* saylı aktla tərtib olunmuş borc (abonent kodu **********00000) əvvəlki ev sahibi Azadxan Abdullayevin adına tərtib olunmuşdur. Hazırda evin mülkiyyətçisi özüdür. Əvvəlki ev sahibi Azadxan Abdullayev dünyasını dəyişmişdir. Hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında yazılmış 1487 manat borc əsassızdır. Ona görə istehlakçı kimi hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd edilənlərə əsasən məhkəmədən Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında yazılmış 1487 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən mənzili Azadxan adlı kişidən almışdır. Orada 1487 manat borcun yazılmasından xəbəri olmamışdır. Üç və yaxud dörd il olar ki, həmin ünvanda yaşayır. Orada borcun olduğunu bilməmişdir. Evi düzəltmək və sair təmir işləri aparmaq istəmişdir. Daha sonra qazı adına keçirtmək istədikdə qazdan 2018-ci ildən 1487 manat borcun olduğu deyilmişdir. İstifadə etməmişdir. Qazı çəkmiş və hasarı qaldırmışdır. Azadxan isə rəhmətə getmişdir. Orada ev olmuş, lakin çəpər ilə əhatə olunmuşdur. O da evi aldıqdan sonra hasar çəkmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, 13 aprel 2018-ci il tarixdə ünvan 1 ünvanında Cavabdeh əməkdaşları sayğac adına rəsmiləşən Abdullayev Azadxanın yaşadığı mənzilə baxış keçirmişlər. Sayğacda müdaxilə halı aşkar olunduğuna görə istismara yararsız kimi qiymətləndirilmişdir. Daha sonra isə sayğac yenisi ilə əvəz olunmuşdur. Son ödəniş 2012-ci il tarixdə olmuşdur. Burada faktiki 7435 manat kub metr qaz itkisi hesablanmışdır. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 13 aprel 2018-ci il tarixli aktın surətindən görünür ki, sayğaca baxış keçirilən zaman sayğacın qayka birləşməsində plombun olmaması müəyyən edilmişdir. 18 aprel 2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, iddiaçının ünvanına ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün 7435 kubmetr qaz itkisi hesablanmışdır. Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “İnşaatçı” 1 saylı məhəllə Komitəsi tərəfindən verilmiş 380 nömrəli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı “İnşaatçı” məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən Metallurq küçəsi, ev 7 ünvanında yaşayır. Abonentin saldosundan görünür ki, Abdullayev Azadxana 2018-ci ilin aprel ayı üçün qalıq və aktlar bölməsi üzrə 1487 manat məbləğində borc hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ******* saylı, 13 aprel 2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin akt əsasında iddiaçıya cərimə hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 443.7 əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsininin 8-ci bəndinə əsasən istehlakçıya verilən qazın sərfiyyatı hər ay qaz paylayıcı tərəfindən qeydə alınmalıdır. Bununla yanaşı iddiaçı, cavabdeh təşkilatın əməkdaşları tərəfindən ona yazılmış 1487 manat borcun silinməsini tələb edir. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı “İnşaatçı” məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən Metallurq küçəsi, ev 7 ünvanında **********00000 saylı abonent koduna ******* saylı, qalıq və 13 aprel 2018-ci il tarixli akt əsasında 1487 manat cərimə yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən 7435 m3 x 0.12 =892.22 təşkil edir ki, bu da müvafiq olaraq cərimə yazılmalı olmasına istinad edir. Lakin cavabdeh təşkilat tərəfindən 1487 manat cərimə hesablanmışdır. Nazirlər Kabinetinin yuxarıda qeyd olunmuş qərarında olan müddəlar nəzərə alınmaqla abonent tərəfindən son ödənişin edilmə vaxtı 2012-ci il tarixdə olması, qalıq məbləğlər və sair hallar nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməlidir. Odur ki, hesablanmış 1487 manat cərimə borcunun 892,22 manatı akt əsasında hesablanmış cərimə məbləği silinməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün qaz sayğacı quraşdırılmışdır, ünvan üzrə “sayğacın flyans plombuna müdaxilə aşkar olunmuşdur” əsası ilə ******* saylı, 13 aprel 2018-ci il tarixli akt tərtib olunmuş, nəticədə abonentin **********00000 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 04/2018-ci il akt üzrə borc yazılmışdır, hazırda həmin məbləğ iddiaçıdan tələb edilir. 04/2018-ci il tarixdə ayın sonuna isə 1487 manat borc hesablanmışdır. Bununla belə, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına, habelə iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsinə dair hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış borcun silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının **********00000 saylı abonent koduna Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 13 aprel 2018-ci il tarixli akta əsasən qaz sərfiyyatına görə əsassız hesablanmış 892.22 manat borc silinməlidir. Odur ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 892.22 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı “İnşaatçı” məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən Metallurq küçəsi, ev 7 ünvanına (abonent: **********00000) 13 aprel 2018-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 892.22 manat cərimə borcu silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı tərəfindən verilmiş iddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı “İnşaatçı” məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən Metallurq küçəsi, ev 7 ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 13 aprel 2018-ci il tarixli akta əsasən hesablanmış 892.22 (səkkiz yüz doxsan iki manat iyirmi iki qəpik) manat borc abonentin hesabından (abonent kodu **********00000) silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar