Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5157/2021 01.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Cavabdeh «Cavabdeh» İB-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh «Cavabdeh» İB-yə qarşı aktın etibasız hesab edilməsi və əsassız hesablanmış borc silinməsi tələbinə dair mülki işə 01 iyun 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh «Cavabdeh» İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacına dair tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 23.02.2021-ci il tarixli, ******* nömrəli aktın etibasız hesab edilməsi və akt əsasında əsassız hesablanmış 216 manat və müdaxilə edilmiş sayağacın dəyəri 64,67 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini ailə üzvləri ilə birlikdə bağ evi kimi istifadə edir. Ailə üzvləri ilə birlikdə ancaq yay aylarında həmin mənzildə yaşayır. Təbii qazdan istifadəyə görə həmin ünvana sayğac üzrə ödənişləri vaxtı vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç bir müdaxilə olmamışdır. 28.07.2020-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacının dəyişdirilməsi məqsədi ilə köhnə sayğacı yeni tipli sayğacla əvəzləmiş və buna dair “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqında” ******* nömrəli akt tərtib olunaraq bir nüsxəsi ona təqdim edilmişdir. Təxminən 7 ay keçdikdən sonra ona məlum olmuşdur ki, ünvanından çıxarılmış G-4 markalı ******* nömrəli sayğac Dövlət yoxlamasına göndərilmiş və Cavabdeh İB-nin MSK- 29\11710-04683-1 nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqında” 23.02.2021-ci il tarixli ******* nömrəli akt tərtib olunmuşdur. Akta əsasən sayğacın hesablama mexanizminin plasmas qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, bu hala görə ona 216 manat məbləğində borc hesablanmış və 64,67 mant müdaxilə edilmiş sayğacın dəyəri tələb olunmuşdur. Hesab edir ki, akt etibarsız hesab olunmalı, sayğacın dəyəri və cərimə kimi ondan tələb olunan borc silinməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, «Cavabdeh» İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə 23.02.2021-ci il tarixində baxış keçirilmişdir. Vizual baxış zamanı sayğacın hesablanma mexanizminin plasmas qapağının üst hissəsinin deşici alətlə deşilməsi aşkar edilmiş, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Buna görə də «Cavabdeh» İB-nin tərəfindən 23.02.2021-ci il tarixli, ******* nömrəli saylı akt tərtib edilmişdir. Bundan başqa həmin sayğac Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən sayğacın hesablama mexanizminin plasmas qapağı yan tərəfdən əzildiyindən və və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Eyni zamanda abonentin mənzilinə yeni sayğac quraşdırılmış və laboratoriya rəyinə əsasən istismara yararsız, G-4 markalı sayğacın dəyəri olan 64,67 manat abonentdən tələb edilmişdir. Hesab edir ki, akt tam qanuni və əsaslıdır. Göstərilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə İddiaçı iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan 16.03.2021-ci il tarixli abonentin saldosundan görünür ki, ünvan 2 ünvanında Mirzəyeva Xatirə Xudaverdi qızının adına 28.07.2020-ci il tarixdə açılmış sayğaca əsasən ona təbii qazdan istifadəyə görə 216 manat borc hesablanmışdır. İş materiallarında olan 23.02.2021-ci il tarixli, ******* nömrəli akta əsasən, ünvan 2 ünvanında Mirzəyeva Xatirə Xudaverdi qızının adına açılmış G-4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin plasmas qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik olması müəyyən edilmişdir. İş materiallarında olan «Cavabdeh» İB-in “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında məktubuna əsasən, Mirzəyeva Xatirə Xudaverdi qızının istifadəsində olan ünvan 2 ünvanından çıxarılmış G-4 markalı ******* nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və metrologiya Departamentinin verdiyi rəyə əsasən həmin ünvandan çıxarılmış sayğacın hesablama mexanizminin plasmas qapağı yan tərəfdən əzildiyindən və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 23.02.2021-ci il tarixli tələbnamədən görünür ki, ünvan 2 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 2160 m3 (216 manat) müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Mirzəyeva Xatirə Xudaverdi qızının istifadəsində olan ünvan 2 ünvanının qaz sayğacı mənzildən kənarda pilləkan meydançasında quraşdırılmışdır. Cavabdeh «Cavabdeh» İB-nin əməkdaşları iddiaçıya məxsus qeyd edilən evə gələrək, sözügedən mənzilə quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmiş, həmin ünvandan çıxarılan sayğacı dövlət yoxlamasına göndərmiş, sayğacda aşkar edilmiş nasazlıqla bağlı iddiaçıya borc hesablamışdır. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Cavabdeh» İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı ünvan 2 ünvanına quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından onun barəsində tərtib edilmiş ******* saylı akt əsasında əsassız olaraq hesablanmış 216 manat məbləğində cərimə borcu və 64,67 manat məbləğində sayğacın dəyəri olan borc silinməlidir. Məhkəmə onu da qeyd edir ki, “Cavabdeh” İstehsalat Birliyi Sumqayıt X3 tərəfindən tərtib edilmiş 23.02.2021-ci il tarixli aktın etibarsızlığı üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğacın hesablama mexanizminin plasmas qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik olması faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin yuxarıda qeyd edildiyi kimi, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ünvan 3 ünvanına (abonent kodu: **********10180) əsassız olaraq hesablanmış 216 (iki yüz on altı) manat məbləğində cərimə borcu və 64,67 (altmış dörd manat altmış yeddi qəpik) manat məbləğində sayğacın dəyəri olan borc, cəmi 280,67 (iki yüz səksən manat altmış yeddi qəpik) manat məbləğində borc silinsin. “Cavabdeh” İstehsalat Birliyi Sumqayıt X3 tərəfindən 23.02.2021-ci il tarixdə tərtib edilmiş ******* nömərli aktın etibarsız hesab edilməsi hissəsində iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5157/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5157/2021
01.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver