Məhkəmə qərarları › İş №2(060)-516/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-516/2024

15.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-516/2024 15.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, X4 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 31 avqust 1982-ci il tarixdə verilmiş orderin və orderdə qeyd olunan "Qarayev Vahid Qara oğlu” qeydinin həyat yoldaşı 10 avqust 1957-ci il təvəllüdlü Qarayev Vahid Qaroğlan oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı Qarayev Vahid Qaroğlan oğlu Sumqayıtda trestdə işlədiyi dövrdə ona Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 38 Ada yerləşən 10 saylı mənzil verilmişdir, həmin mənzilin orderinin və müvafiq Sumqayıt xalq deputatları sovetinin 19 avqust 1982-ci il tarixli qərarından çıxarış, 18 nömrəli protokolun surəti də iddia ərizəsinə əlavə edilmişdir. Qeyd edir ki, həmin mənzilin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanmda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və 03 noyabr 2023-cü il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, şəxsiyyət vəsiqəsi və s. sənədlərdəki ata adı ilə müvafiq evə dair sənədlərdəki - order və s. adlar uyğun gəlmir. Ona görə də məhkəmə qaydasında bu sənədlərin məhz 10 avqust 1957-ci il təvəllüdlü Qarayev Vahid Qaraoğlan oğluna məxsus olmasının müəyyən edilməsi zərurəti vardır. 31 avqust 1982-ci il tarixdə verilmiş orderdə həyat yoldaşı Qarayev Vahid Qaraoğlan oğlu ata adı ilə düz gəlmədiyindən hesab edir ki, hüquq müəyyənedici sənədin həyat yoldaşı Qarayev Vahid Qaraoğlan oğluna aid olması məsələsinə məhkəmə tərəfindən baxılmalıdır. Yuxarıda göstərdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, ərizəsini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli ev Sumqayıt şəhəri, 17-ci mikrorayonda bir otaqlı mənzildir, yoldaşı öz adına həmin evi özəlləşdirməmişdir. Yoldaşı bir il əvvəl həmin evi özəlləşdirmək üçün müvafiq orqana müraciət etmişdir, bir müddət sonra orderdə səhv olduğu müəyyən olunmuşdur. Belə ki, yoldaşının ata adı səhvən “Qaroğlan” əvəzinə, “Qara” kimi qeyd edilmişdir. Sonradan yoldaşı xəstələnib rəhmətə getmişdir. Ərizəçi qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirüyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan AZE seriyalı 13754696 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qarayev Vahid Qaroğlan oğlu xx.xx.1957-ci ildə Şamaxı rayonunda doğulmuşdur. İşdə olan 13/921 nömrəli, xx.xx.1982-ci il tarixli orderin surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 38 A-da yerləşən 10 saylı mənzil Qarayev Vahid Qara oğluna ayrılmışdır. İşdə olan JQ 395673 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Qarayev Vahid Qaroğlan oğlu Ərizəçi ilə 18 iyun 1999-cu ildı Sumqayıt VVAQ Şöbəsində rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 883 saylı akt qeydilə rəsmiləşdirilmişdir. İşdə olan İİ JQ 378682 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Qarayev Vahid Qaroğlan oğlu xx.xx.1957-ci ildə Şamaxı rayonunda doğulmuşdur. X1, anası X2r. İşdə olan AZ İİ 347594 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Qarayev Vahid Qaroğlan xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 104 nömrə ilə qeyd edilmişdir. İşdə olan **********724 nömrəli xx.xx.2022-ci il tarixli, **********725 nömrəli xx.xx.2022-ci il tarixli və **********726 nömrəli xx.xx.2022-ci il tarixli ərizələrin surətindən görünür ki, Ərizəçi, Qarayev Orxan Vahid oğlu və Qarayev Nurlan Vahid oğlu Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 38 A-da yerləşən 10 saylı mənzilin Qarayev Vahid Qaroğlan oğlunun adına özəlləşdirilməsinə etiraz etmirlər. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 10 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi ilə bağlı 16 oktyabr 2023-cü il tarixli müraciətə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsində baxılmışdır. Müraciətə əlavə olunan sənədlərin araşdırılması zamanı müəyyən uyğunsuzluqlar aşkarlanmışdır. Belə ki, Sumqayıt Şəhər XDS icraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin xx.xx.1982-ci il tarixli, 13/921 nömrəli orderində və Dövlət Arxivinin Sumqayıt filialının 04.11,2022-ci il tarixli, 253 nömrəli arxiv çıxarışında hüquq sahibi “Qarayev Vahid Qara” oğlu göstərilsə də, ölüm haqqında şəhadətnamə sənədində ata adı “Qaroğlan” kimi qeyd olunmuş, sözügedən mənzilin yerləşdiyi binanın nömrəsi orderdə “38a” yazılsa da, arxiv çıxarışında “38” kimi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5. maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi əsasında ərizənizin icrasından imtina edilmişdir. İşdə olan 13/921 nömrəli, xx.xx.1982-ci il tarixli orderin surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 38 A-da yerləşən 10 saylı mənzil Qarayev Vahid Qara oğluna ayrılmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 13/921 nömrəli, xx.xx.1982-ci il tarixli orderdə ərizəçinin əri - Qarayev Vahid Qaroğlan oğlunun ata adı səhvən Qarayev Vahid Qara oğlu kimi qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 13/921 nömrəli, xx.xx.1982-ci il tarixli orderin və orderdə qeyd olunan "Qarayev Vahid Qara oğlu” qeydinin ərizəçinin əri 10 avqust 1957-ci il təvəllüdlü Qarayev Vahid Qaroğlan oğluna məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, bu fakt ərizəçinin izahatı və işdə olan digər sənədlərlə öz təsdiqini tapır. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 13/921 nömrəli, xx.xx.1982-ci il tarixli orderin və orderdə qeyd olunan "Qarayev Vahid Qara oğlu” qeydinin ərizəçinin əri 10 avqust 1957-ci il təvəllüdlü Qarayev Vahid Qaroğlan oğluna məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı, və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbayçan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 13/921 nömrəli, xx.xx.1982-ci il tarixli orderin və orderdə qeyd olunan "Qarayev Vahid Qara oğlu” qeydinin ərizəçinin əri 10 avqust 1957-ci il təvəllüdlü Qarayev Vahid Qaroğlan oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar